Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Kreml Minsk Qrupu üzərindən niyə manevr edir: Rəsmi Bakı isə həmsədrlərə regionun “qapı”sını açmır

Rusiyanın Minsk Qrupu həmsədrlərinin fəaliyyətini bərpa etmək mesajlarını Azərbaycana qarşı dolayısı revanş cəhdi kimi də dəyərləndirmək mümkündür; Kremlin israrlı olacağı təqdirdə, NATO üzvü Türkiyə kimi güclü və önəmli hərbi müttəfiqi olan Azərbaycanla Rusiyanın geopolitik maraqlarında kəskin ziddiyyətlərin yarana biləcəyi qətiyyən istisna deyil…

Yenixeber.org: Cənubi Qafqaz regionunda mövcud situasiyanın dəyişdirilməsinə yönəlik yeni cəhdlərin edildiyi müşahidə edilir. Xüsusilə də, Rusiyanın öz ənənəvi mövqeyinə geri dönüş imkanları axtardığı nəzərə çarpır. Və bu, Kremli təmsil edən bəzi rəsmi şəxslərin açıqlamalarında da öz əksini tapmaqdadır.

Bir neçə gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya məsələsinin “Dağlıq Qarabağ problem”ndən fərqli proses olduğunu bildirmişdi. Onun bu açıqlaması qəliz diplomatik məzmun daşıdığından həm Azərbaycan, həm də Ermənistan onu öz maraqlarına uyğun şəkildə yoza bilər. Və bu, Kremlin yaxın gələcəkdə regionda fərqli manevrlərə indidən hazırlaşdığını birizə verir.

Məsələ ondadır ki, xarici işlər naziri S.Lavrovun müəammalı məzmun daşıyan açıqlamasının səbəbləri tam aydınlaşmamış Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç də mübahisəli iddialarla çıxış edib. O, bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfər etməsi vacibdir.

771ba929708411242f1b0a73e80f6684e.jpg (111 KB)

Aleksandr Lukaşeviç deyib ki, Rusiya Minsk Qrupu həmsədrlərinin “Dağlıq Qarabağa səfərini reallaşdıra bilməməsindən narahatdır”. Onun fikrincə, həmsədrlər humanitar məsələlərin həllində rol oynaya, insanlar arasında görüşlər təşkil edə bilərlər: “Ümid edirəm ki, həmsədrlərin bölgəyə səfəri baş tutacaq. Azərbaycan və Ermənistan rəhbərliyi ilə görüşmək mümkün olacaq”.

Göründüyü kimi, Rusiya köhnə və 44 günlük savaşdan sonra öz əhəmiyyətini itirmiş mövzuları yenidən aktuallaşdırmağa çalışır. Əvvəllər Kreml buna qətiyyən həvəsli deyildi. Və ümumiyyətlə, Minsk Qrupu həmsədrlərinin Cənubi Qafqaz regionunda cərəyan edən proseslərdə iştirakını bloklamağa çalışırdı.

Əsas səbəbsə, Minsk Qrupu olmadan da regionda xüsusi orbitr roluna malik olan Rusiyanın digər həmsədrləri – ABŞ və Fransanı oyundankənar vəziyyətdə saxlamaq niyyəti ilə izah edilirdi. Kreml regionda Rusiyanın öz üzərinə götürdüyü təkbaşına vasitəçilik missiyasına hər hansı ortaq istəmirdi. Və əslində, heç indi də qətiyyən belə ortaqların arzusunda deyil.

Onu da qeyd edək ki, Minsk Qrupu həmsədrlərinin fəaliyyətini bərpa etmək təkliflərinə bir qayda olaraq, ABŞ və Fransa təmsilçiləri müəlliflik edirdilər. Ancaq Rusiyanın son vaxtlara qədər davam etmiş susqunluğu və rəsmi Bakının israrlı müqaviməti bu təkliflərin qarşısına keçilməz sədd çəkirdi. Və Kreml indi bu məsələni aktuallaşdırmağa çalışsa da, Minsk Qrupu həmsədrlərinin taleyi əslində, rəsmi Bakının mövqeyindən asılıdır.

Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə Minsk Qrupu həmsədrlərinin fəaliyyətini bərpa etməyə ehtiyac olmadığını vurğulamışdı. O, bildirmişdi ki, Minsk Qrupu həmsədrlərinin “Dağlıq Qarabağ problemi” ilə məşğul olmasına gərək yoxdur: “Bu problem artıq həll olunub”.

a1366d7d76649dc944729d962699eb35.jpg (298 KB)

Bütün bunlar onu göstərir ki, Azərbaycanın mövqeyi dəyişməz olaraq, qalmaqdadır. Rəsmi Bakı Minsk Qrupu həmsədrlərinə yenidən “Dağlıq Qarabağ mövzusu” ilə məşğul olmağa imkan vermək niyyətindən çox uzaqdır. Yəni, Azərbaycanın rəsmi dairələri mövcud situasiyanın, yeni deopolitik şərtlərin görməzdən gəlinməsinə, artıq öz əhəmiyyətini itirmiş mövzularla keçmişə dönüş cəhdlərinin reallaşdırılmasına şans tanımayacaq.

Təbii ki, bu reallığı Kremldə də görürlər və geriyə dönüşün mümkün olmayacağını tam dəqiqliyi ilə bilirlər. Əslində, indiki situasiya elə Rusiyanın da geopolitik maraqlarına cavab verməkdədir. Və Kremlin Minsk Qrupu həmsədrləri ilə bağlı gündəmə gətirdiyi məsələ Rusiyanın yeni geopolitik manevr cəhdindən başqa bir şey deyil.

Böyük ehtimalla Kremldə rəsmi Bakının xarici siyasət kursunda Rusiyanın maraqları ilə ziddiyyət təşkil edən yeni meyillərdən narazı qalıblar. Belə ki, Qazaxıstan olaylarına münasibətdə rəsmi Bakı Rusiyanı məyus edə biləcək mövqe tutmaqla diqqəti çəkdi. Hər halda, Kreml rəsmi Bakıdan KTMT qoşunlarının Qazaxıstana yeridilməsinə heç olmasa, dolayısı dəstək gözləyirdi.

Məsələn, Azərbaycan lideri İlham Əliyevin KTMT qoşunlarını Qazaxıstana çağıran prezident Kasım-Jomard Tokayevlə telefonla danışması və Qazax xalqının yanında olduğunu bildirməsi Kremli tamamilə məmnun edə bilərdi. Əlbəttə ki, Azərbaycan Qazax xalqının yanındaydı, ancaq ölkəyə yadelli qoşunları çağıran Tokayev hakimiyyətini dəstəkləmədiyindən belə bir telefon zəngi də olmadı. Və bu, Kremli qətiyyən məmnun etmədi.

5e974a26edcbd8d510c47d212ca69017.jpg (127 KB)

Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya son rəsmi səfəri də Rusiyanın hakim siyasi dairələrində çaşqınlıq və narahatlıq yaradıb. Böyük ehtimalla Kremldə Ukrayna ətrafında ABŞ və NATO-nun Rusiya ilə hərbi-siyasi qarşıdurmasının artıq savaş həddinə çatdığı bir dönəmdə rəsmi Bakının belə cəsarətli və qətiyyətli addım gözləmirdi. Və Kreml rəsmi Bakının Ukrayna ilə bağlı mövqeyini də Rusiyanın maraqlarına zidd hesab etmiş ola bilər.

Bütün bunları nəzərə aldıqda, Kremlin Minsk Qrupu həmsədrlərinin fəaliyyətini bərpa etmək mesajlarını Azərbaycana qarşı üstüörtülü revanş cəhdi kimi də dəyərləndirmək mümkündür. Halbuki, belə revanş cəhdini sona qədər davam etdirib, daha da inkişaf etdirmək ilk növbədə Rusiyanın maraqlarına cavab verməz. Bu, ABŞ və Fransanın regiona qayıtmasından cəsarətlənən Ermənistanın Rusiyadan uzaqlaşmaq cəhdlərini intensivləşdirə bilər.

Digər tərəfdən, Rusiya nə qədər cəhd etsə də, rəsmi Bakının həmsədrlərə “Dağlıq Qarabağ mövzusu” ilə məşğul olmağa imkan verməyəcəyi isə qətiyyən şübhə doğurmur. Bu halda, Kremlin israrlı olacağı təqdirdə, NATO üzvü Türkiyə kimi güclü və önəmli hərbi müttəfiqi olan Azərbaycanla Rusiyanın geopolitik maraqlarında kəskin ziddiyyətlərin yarana biləcəyi də qətiyyən istisna deyil.

Yəni, Kremlin bu revanş manevri Rusiyanın Azərbaycanla hazırda yüksək səviyyədə olan qarşılıqlı münasibətlərinin “soyuqlaşmasına” səbəb ola bilər. Və bu, Rusiyanın hazırda üzləşdiyi beynəlxalq situasiyanı da nəzərə aldıqda, Kremlə qətiyyən sərfəli olmaz.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam