Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Kremlin manevr şansı yoxdur: Ən xırda səhv onu ABŞ-ın da dəstəkləyəcəyi Azərbaycan-Türkiyə müttəfiqliyi ilə üzləşdirər

Böyük ehtimalla Ağ Evdə Rusiyanın Ermənistana açıq dəstək verə biləcəyi günü böyük səbrsizliklə gözləyirlər; Bu, baş verərsə, Rusiya Cənubi Qafqazda NATO-nun "hərbi-siyasi nəfəs"ini dərhal hiss etməyə başlayacaq...

Yenixeber.org: Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik proseslərdə yeni meyillər müşahidə edilməyə başlayıb. Ermənistanın geopolitik şituasiyanı mümkün qədər gərginləşdirmək cəhdləri regionda maraqları olan bəzi dövlətlərə tamamilə sərf edir. Və bu baxımdan, həm rəsmi İrəvana açıq şəkildə dəstək verməyə, həm də yeni meyillərdən faydalanmağa çalışırlar.

Paşinyan hakimiyyəti hazırda ABŞ-Fransa cütlüyü ilə Rusiya arasında ikibaşlı oyun oynamağa cəhd göstərir. Əsas hədəf böyük ehtimalla Ermənistanı 44 günlük savaş nəticəsində düşdüyü kapitulyant dövlət durumundan çıxartmaqdır. Və hərbi-siyasi məkanda qarşılaşılan ciddi itkilərin müəyyən qisminin geopolitik manevrlərlə kompensasiya edilməsi niyyətindədir.

Ona görə də, Paşinyan hakimiyyəti Ermənistanın hərbi müttəfiqini - Rusiyanı ABŞ-Fransa cütlüyü ilə münasibətləri üzərindən şantaj etməkdə israrlı davranır. Bir tərəfdən, Ermənistanın ABŞ-Fransa cütlüyünə daha sürətlə yaxınlaşa biləcəyi ilə bağlı görüntü yaradır.

685772a6f686fcd5fd6be7a9165c38a8.jpg (98 KB) 

Digər tərəfdən isə isə Rusiyanın Ermənistan üçün əvəzolunmaz hərbi-siyasi müttəfiq olduğunu qabardır. Yəni, rəsmi İrəvan Kremlə əgər, Ermənistanın maraqlarını təmin etməzsə, alternativ istiqamətə - Rusiyanın beynəlxalq rəqiblərinin himayəsi altına yönələ biləcəyinin mesajını verir.

Hələlik bu şantaj taktikasının Ermənistanı məqsədinə çatdıra biləcəyini iddia etmək çox çətindir. Çünki nə ABŞ-Fransa cütlüyü, nə Rusiya Cənubi Qafqazda mütləq geopolitik iradə sahibi deyil. Artıq Rusiyanın da bu regionda mütləq söz sahibi olduğu dövr artıq çoxdan arxada qalıb. Yeni geopolitik situasiyanın sahibi rolunda indi daha çox Azərbaycan və Türkiyə çıxış edir.

Ona görə də, Cənubi Qafqazda və bu region ətrafında qəliz vəziyyət yaranmış kimi görünür. Rusiya Ermənistanın geopolitik şantajına verdiyi reaksiya ilə Azərbaycan və Türkiyəyə münasibətdə yürütdüyü siyasət arasında müəyyən balansın olmasına cəhd göstərir. Bir tərəfdən, kapitulyant dövlət durumunda olan Ermənistanın özündən daha da incik düşməməsinə çalışır. Digər tərəfdən isə Azərbaycan və Türkiyə ilə gələcəkdə daha perspektivli nəticələr vəd edən münasibətlərinin pozulmamasına səy göstərir.

Belə anlaşılır ki, hazırda Kremlin daha avanqard manevrlər etmək imkanları o qədər də geniş deyil. Çünki Rusiya geopolitik kursunu balansın qorunması prinsipi üzərində qurmağa məcburdur. Halbuki, Kremlin bu balansı uzun müddət qorumaq şansı da qənaətbəxş görünmür.

4542ba3fbf48ba11bfaf9821479fc68f.jpg (148 KB) 

Çünki Kreml üçün bir tərəfdə Rusiyanın faydasız və xəyanətə hər an hazır olan for-postu Ermənistan, digər tərəfdə isə Cənubi Qafqazın lider dövləti, güclü orduya və iqtisadiyyata sahib Azərbaycanla NATO üzvü olan müttəfiqi Türkiyə var. Kreml nə qədər cəhd göstərsə də, Azərbaycan və Türkiyə Rusiyaya bu balansı uzun müddət qorumaq şansı tanınmaz.

Mövcud situasiyanın Rusiyanı məmnun etməyən daha bir fərqli tərəfi də olmamış deyil. Kremldə anlayırlar ki, rəsmi İrəvan nə qədər xəyanətə meyilli və vərdişli olsa da, Rusiyanın Ermənistanı öz regional for-postu kimi nəzarətdə saxlaması daha asandır. Çünki Ermənistan iqtisadiyyatı tamamilə Rusiyanın nəhəng şirkətlərinə bağlıdır. Bu ölkədə hərbi bazalara sahibdir.

Ermənistan sərhədlərini məhz Rusiya sərhədçiləri qoruyur. Ən əsası isə Ermənistanda ordunun rekonstruksiyası və hərbi texnika ilə təchiz olunması birmənalı şəkildə Rusiyadan asılıdır. Və bu baxımdan, rəsmi İrəvan nə qədər cəhd göstərsə də, Ermənistanın Rusiyanın təsir dairəsindən qoparılması demək olar ki, mümkün deyil.

acc530950a292dc2edf6d48ab09dd79b.jpg (113 KB) 

Ancaq Cənubi Qafqazda əsl liderlik imkanlarına sahib olan, geopolitik supergüc statusunu qətiyyən gizlətməyən Azərbaycan isə tamamilə fərqli səviyyədədir. Rusiya istəsə belə, bundan sonra Azərbaycanı öz təsir dairəsinə yerləşdirə bilməz. Üstəlik, rəsmi Bakının NATO ölkəsi olan Türkiyə ilə strateji müttəfiqliyi Azərbaycanı Rusiya üçün əlçatmaz edir. Azərbaycan ordusunun Türkiyə hərbi standartlarına uyğunlaşdırılması, hərbi texnika ilə təchizatının Rusiya ilə artıq elə bir bağlılığının olmaması Kremli çıxılmaz vəziyyətdə buraxır.

Kremldə onu da anlayırlar ki, ABŞ və Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq planlarında Ermənistana elə bir ciddi rol ayrılmayıb. Rəsmi İrəvanın xəyanətə meyilli xarakterindən sadəcə, mümkün qədər yaralanmağa cəhd göstərirlər. Yəni, ABŞ və Qərb maraqları tələb edən ilk anda Ermənistan üzərindən Rusiyaya təzyiq taktikasından vaz keçə bilər.

Məsələ ondadır ki, ABŞ və Qərb üçün Cənubi Qafqazda daha effektiv və perspektivli alternativ mövcuddur. Belə ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi ABŞ və Qərb üçün ən sərfəli manevr imkanları açır. Azərbaycan Türkiyənin, Türkiyə isə NATO üzərindən ABŞ-ın strateji müttəfiqidir. Və buradan belə nəticə çıxartmaq olar ki, Kremlin istənilən yanlış addımı Rusiyanın Cənubi Qafqazda NATO-nun "hərbi-siyasi nəfəs"ini hiss etməsi ilə nəticələnə bilər.

Məsələ ondadır ki, ABŞ və Qərb Azərbaycan ilə strateji müttəfiq olan Türkiyəyə NATO-nun Cənubi Qafqazda maraqlarının təmsilçisi kimi yanaşmaq hüququna malikdir. Əgər, Rusiya Ermənistanı hərbi-siyasi cəhətdən gücləndirməyə cəhd göstərmək kimi ciddi səhvə yol verərsə, Azərbaycan buna dərhal Türkiyə hərbi bazalarının öz ərazisində yerləşdirilməsi ilə cavab verə bilər.

c10f06c562ee4f53c06d30e1f259d8c8.jpg (41 KB) 

Türkiyə hərbi bazaları ilə regiona NATO hərbi kontingentinin yerləşdirilməsi arasında elə bir ciddi fərqin olmayacağını böyük ehtimalla Kremldə də bilməmiş deyillər. Və Türkiyə hərbi bazaları növbəti mərhələdə elə NATO hərbi bazalarına da çevrilə bilər.

Ona görə də, Kremlin manevr imkanları elə də geniş deyil. Çünki, ABŞ və Qərb üçün Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması planlarında Ermənistan deyil, məhz Azərbaycan-Türkiyə strateji müttəfiqliyi həlledici rol oynaya bilər. Və Kremlin bu önəmli faktoru nəzərə almadan yenidən Ermənistana münasibətdə artıq əhəmiyyətini çoxdan itirmiş "dəyərli for-post modeli"nə dönməyə çalışarsa, bu, Rusiyanı böyük geopolitik itkilərlə üzləşdirər.

Əslində, Kremlin belə bir addım atması Rusiyadan daha çox ABŞ və Qərbin geopolitik maraqlarına xidmət edərdi. Bu halda, Ağ Evdən Azərbaycan-Türkiyə müttəfiqliyi üzərindən Rusiyanın regiondan kənarlaşdırılması ssenarisinin işə salınması özünü o qədər də çox gözləməzdi. Belə olacağı təqdirdə, indiki vəziyyətin tam əksinə, ABŞ və Qərbin Ermənistandan üz çevirərək, məhz Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə ciddi dəstək verə biləcəyini elə indidən ehtimal etmək mümkündür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam