Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Makron “Paşinyan kartı”ndan imtina edir: Əliyevlə anlaşmağa, Kremlin missiyasına şərik olmağa can atır

 

Ancaq Fransanın üçtərəfli anlaşmaların icrasına nəzarət prosesində iştirakı yalnız Rusiyadan deyil, daha çox rəsmi Bakının geopolitik iradəsindən asılıdır; Rəsmi Bakının ermənipərəst Fransanın Cənubi Qafqazda yenidən geopolitik proseslərə qatılmasına razılıq verəcəyi isə inandırıcı görünmür…

Yenixeber.org: Fransa prezidenti Emmanuel Makron Cənubi Qafqazdan əl çəkmək istəmir. O, bütün mümkün vasitələrlə ölkəsinin bu regionda itirdiyi mövqeləri geri qaytarmaqda israrlı davranır. Və planları bir-birinin ardınca boşa çıxdığından müxtəlif yeni taktikaları sınaqdan çıxartmaq məcburiyyətində qalır.

Maraqlıdır ki, bir müddət öncə prezident E.Makron Kreml sahibi Vladimir Putinə zəng etmişdi. Cənubi Qafqaz regionunda mövcud olan situasiyanı müzakirə etmişdi. Hətta Minsk Qrupunun həmsədri kimi Fransanın maraqlarına uyğun olmasa da, üçtərəfli anlaşmaların icrası ilə bağlı fikir mübadiləsi də aparmışdı.

Fransa prezidenti E.Makronun növbəti telefon danışığı isə Azərbaycan Prezidenti İlham Əliyevlə olub. Təşəbbüs bu dəfə də Fransa prezidentindən gəlib. Və bu, geopolitik hədəfləri boşa çıxan rəsmi Parisin Azərbaycanla anlaşmağa ehtiyac duyduğunu göstərir.

Məsələ ondadır ki, E.Makron Kreml sahibiylə müzakirə etdiyi mövzuları Azərbaycan prezidenti ilə danışığı zamanı da ön plana çəkib. Belə ki, iki ölkənin dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrə yönəlik regional məsələlər, bu anlaşmaların müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan sərhədlərindəki vəziyyət, postmünaqişə mərhələsində bölgədə sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Və dövlət başçıları Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər.

Ancaq maraqlıdır ki, Fransa prezidentinin söhbət zamanı Azərbaycanı qıcıqlandıracaq mövzulara təmas etmədiyi də diqqətdən yayınmır. Xüsusilə də, o, Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə “status” və ya “münaqişənin həlli” kimi tezislərdən yayınmağa çalışıb. Çünki Azərbaycan Prezidenti “status”un olmayacağını və “münaqişənin artıq həll edildiyini” birmənalı şəkildə bəyanlayıb. Və rəsmi Bakı bu mövzulara yenidən qayıdıb, onların müzakirəsinə daha bir 30 il sərf etmək niyyətində deyil.

Bütün bunlardan belə anlaşılır ki, rəsmi Paris Ermənistanın hərbi-siyasi avantüralarının Fransanın maraqlarına fayda verməyəcəyini artıq anlamağa başlayıb. Ona görə də, öz siyasi manevrlərinə yeni gündəm maddələri əlavə etmək məcburiyyətində qalıb. Xüsusilə də, regiona dönüşün hərbi təxribatlarını davam etdirən Ermənistandan deyil, məhz Azərbaycan və Rusiyanın geopolitik iradəsindən asılı olduğunu dəqiqləşdirib.

Bu isə o deməkdir ki, rəsmi Parisin fəal dəstək verdiyi Paşinyan hakimiyyətinin hərbi təxribatlarına olan ümidləri artıq boşa çıxmaq üzrədir. Hər halda, Ermənistanın hərbi təxribatlarında ABŞ və Fransanın Paşinyan hakimiyyətinə verdiyi dəstəyin xüsusi rolu olmamış deyil. Əks halda, rəsmi İrəvan Ermənistan ordusunun darmadağın olunduğu bir situasiyada buna qətiyyən cəsarət etməzdi.

Ermənistanın bu hərbi təxribatları ABŞ və Fransaya Cənubi Qafqazda yeni hərbi münaqişənin yaradılması baxımından sərfəlidir. Çünki məhz yeni hərbi münaqişə ATƏT-in Minsk Qrupunun yenidən “dirildilməsinə” yol aça və bu iki dövləti yenidən regiona qaytara bilər. Əks halda, Cənubi Qafqaz regionunun qapıları ABŞ və Fransanın üzünə həmişəlik qapalı qalacaq.

Ancaq Fransa prezidenti E.Makrona “ermənipərəst mövqe” onun öz ölkəsindəki siyasi maraqları üçün də hələlik lazımdır. Prezident E.Makron növbəti seçkilərdə də erməni seçicilərin səslərini öz xeyrinə yönəltməyə can atır. Bu səbəbdən də Fransanı hələ də açıq şəkildə Ermənistanın himayədarı statusunda saxlayır.

Halbuki son günlər baş verənlərdən də belə aydın olur ki, ABŞ və Fransanın Ermənistan üzərindən Cənubi Qafqaza geri dönüşü mümkün deyil. Birincisi, Rusiya geopolitik prosesləri kənardan müşahidə edirmiş kimi görünsə də, əslində, önəmli məqamlarda baş verənlərə siyasi-diplomatik müdaxilələr də edir. Böyük ehtimalla ABŞ və Fransanın rəsmi dairələri Minsk Qrupunun dirçəldilməsinin və ya Cənubi Qafqazda itirilmiş geopolitik mövqelərin yalnız Ermənistanın dəstəklənməsi ilə geri qaytarılmasının mümkün olmayacağını qətiləşdirməyə başlayıblar. Rusiyanın ABŞ və Fransanı Ermənistana buraxmayacağı artıq qətiyyən şübhə doğurmur.

Eyni zamanda ABŞ və Fransa daha bir önəmli məqamı qəbul etmək məcburiyyətində qalıb. Belə ki, hətta Ermənistanı Rusiyanın əlindən ala bilsələr belə, ABŞ və Fransa Cənubi Qafqaza yerləşə bilməyəcək. Çünki hazırda Cənubi Qafqazın gələcək taleyinin müəyyən edilməsində yalnız Azərbaycan mütləq siyasi iradə sahibidir.

Əlbəttə, bu reallıq ABŞ və Fransanı qətiyyən məmnun edə bilməz. Ancaq Azərbaycan son illərdə, xüsusilə də 44 günlük savaşda öz hərbi qüdrətini və potensialını nümayiş etdirməklə, regionun nəinki lider ölkəsinə, hətta Cənubi Qafqazın superdövlətinə çevrildiyini belə, sübut edib. İndi əgər, Rusiya belə, Azərbaycanın geopolitik iradəsi ilə hesablaşırsa, Cənubi Qafqaza heç bir aidiyyatı olmayan dövlətlər - ABŞ və Fransa da rəsmi Bakının regional hegemonluq potensialının təsirindən yayına bilməz.

Deməli, ABŞ və Fransa istənilən halda öz taktikalarına yenidən baxmaq məcburiyyətindədir. Yəni, Ermənistanı dəstəkləməklə yanaşı, Azərbaycan və Rusiya ilə də anlaşmağa məhkumdurlar. Belə ki, ABŞ və Fransa buna qədər həmişə Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə “münaqişənin həlli” ilə bağlı danışıqlara başlamaq çağırışlarını ön plana çıxartmağa çalışırdılar.

Ancaq indi Fransa prezidenti həm İ.Əliyev, həm də V.Putin ilə əsasən üçtərəfli anlaşmaların icrası ilə bağlı müzakirələri ön planda tutur. Bu, müəyyən mənada, Fransanın yeni taktikası da hesab oluna bilər. Və bu, Ermənistan üzərində qurulmuş köhnə taktikanın artıq iflasa uğramasından xəbər verir.

Belə anlaşılır ki, ABŞ və Fransa rəsmi dairələri köhnə müzakirə mövzuları və ya tezisləri üzərindən Minsk Qrupunun “dirildilməsinin” mümkün olmayacağı ilə barışmağa başlayıblar. Azərbaycan və Rusiyanın həmin köhnə tezislərin artıq öz aktuallığını itirdiyi qənaətindən geri çəkilməyəcəyini də dəqiqləşdiriblər. Yeni mövzu isə indiki halda, yalnız üçtərəfli anlaşmaların icrası, eləcə də, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası, demorkasiyası ola bilər.

Ona görə də, prezident E.Makron bu mövzuları Azərbaycan və Rusiya liderləri ilə müzakirə etməklə, Minsk Qrupuna məhz bu istiqəmətdən “nəfəs verməyə” çalışır. Yəni belə anlaşılır ki, Fransa üçtərəfli anlaşmaların icrasına, sərhədlərin delimitasiya və demorkasiya prosesinə nəzarət missiyasına Minsk Qrupu həmsədrlərini şərik çıxartmaq istəyir. Hələliksə, bu missiya yalnız Rusiyanın üzərindədir.

Ola bilsin ki, Rusiya da həmsədr olduğundan, E.Makron bu məsələdə prezident V.Putinlə anlaşa biləcəyini düşünür. Halbuki Minsk Qrupunu bu missiyaya şərik etmək üçün yalnız həmsədrlərdən biri olan Rusiya ilə anlaşmaq yetırli deyil. İndi bu barədə yekun qərarı yalnız Azərbaycan verə bilər. Əgər, rəsmi Bakı Minsk Qrupunun prosesə qoşulmasına razılaşmazsa, üçtərəfli anlaşmalar yalnız Azərbaycan, Rusiya və Ermənistanın iştirakı ilə reallaşdırılacaq.

Hər halda, rəsmi Bakının 30 il ərzində ermənipərəst mövqe tutan və indi də eyni xətti davam etdirən ABŞ və Fransanın Cənubi Qafqazda yenidən geopolitik proseslərə qatılmasına razılıq verəcəyi hələlik o qədər də inandırıcı görünmür. Əgər, belə olarsa, Minsk Qrupunu yenidən “diriltmək” üçün heç bir geopolitik resurs qalmamış olacaq. Və nəticədə  bu qurum birdəfəlik “dəfn” ediləcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam