Səmada savaş:Rusiya yeni və təhlükəli addımlar atır
Qərb Moskvanın “elan olunmamış müharibəsinə” cavab verməyə hazırdır?
Yenixeber.org: Polşa sentyabrın 10-da ilk dəfə olaraq öz ərazisi üzərində Rusiyaya məxsus bir neçə pilotsuz uçuş aparatını vurub. Polşa ordusu baş verənləri “təcavüz aktı” adlandırıb, baş nazir Donald Tusk isə hökumətin təcili iclasını çağırıb.
Bu, həm də Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı işğaldan sonra NATO aviasiyasının alyans üzvü olan ölkə ərazisində pilotsuz uçuş aparatlarını məhv etməsinin ilk halıdır. Lakin NATO baş verənləri hücum kimi qiymətləndirməyə tələsmir.
Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığının bildirdiyinə görə, Rusiyanın Ukraynanın qərbinə zərbələri zamanı dronlar dəfələrlə ölkənin hava məkanını pozub. Radarlar ondan çox obyekt qeydə alıb və təhlükə yarada bilən dronlar “zərərsizləşdirilib”. Hərbçilər Polşanın hava məkanının bu dəfə “misli görünməmiş miqyasda” pozulduğunu bildiriblər.
Silahlı Qüvvələrin bəyanatında deyilir: “Hava məkanımıza daxil olan bəzi dronlar vurulub. Onların düşə biləcəyi yerlərin axtarışı və müəyyənləşdirilməsi davam edir. Bu, vətəndaşlarımızın təhlükəsizliyinə real təhdid törədən təcavüz aktıdır”.
Baş nazir Donald Tusk səhər Nazirlər Şurasının fövqəladə iclasını çağırıb. Hücumdan bir neçə saat sonra Tusk vurulmuş dronların Rusiyaya məxsus olduğunu bəyan edib. O, bildirib ki, gecə “Polşanın hava məkanı çoxlu sayda rus pilotsuz aparatı tərəfindən pozulub” və o, NATO-nun baş katibi Mark Rütte və müttəfiqlərlə “daimi təmasdadır”. Onun məlumatına görə, ümumilikdə Polşanın hava məkanına Rusiyanın 19 dronu daxil olub.
Ölkənin ən iri hava limanı olan Varşavadakı “Şopen” hava limanı gecə bağlanıb. Flightradar24-ün məlumatına görə, səhər tezdən Varşavaya enməli olan bir neçə reys Katovitse, Vrotslav və Poznan hava limanlarına yönəldilib.
Ukrayna prezidenti Vladimir Zelenski baş verənləri “Avropa üçün son dərəcə təhlükəli presedent” adlandırıb: “Moskva həmişə hara kimi getmək mümkün olduğunu yoxlayır və güclü reaksiya ilə qarşılaşmadıqda eskalasiyanın yeni səviyyəsində möhkəmlənir”.
ABŞ-da demokrat senator Dik Durbin “NATO-nun hava məkanının rus dronları tərəfindən təkrar-təkrar pozulması prezident Vladimir Putinin Polşanı və Baltik ölkələrini müdafiə etmək əzmimizi yoxlaması deməkdir. Putinin Ukraynada törətməyə davam etdiyi qanlı qırğınlardan sonra bu cür basqınları görməzdən gəlmək olmaz” deyə “X” sosial şəbəkəsində yazıb.
Respublikaçı konqresmen, Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin üzvü Co Uilson ABŞ prezidenti Donald Trampı “Rusiya hərbi maşınını çökdürəcək” sanksiyalar tətbiq etməyə çağırıb: “Putin artıq Ukraynada anaları və uşaqları bombalamaqla kifayətlənmir, NATO ərazisində bizim qətiyyətimizi birbaşa yoxlayır”.
ABŞ ordusunun Avropadakı keçmiş komandanı Ben Hodjes bildirib ki, rus dronlarının NATO-nun hava məkanını pozma hallarının sayı “NATO-nun və ayrı-ayrı ölkələrin müdafiə və erkən xəbərdarlıq sistemlərinin məqsədli şəkildə yoxlanıldığını göstərir”.
Bəs, bu baş verənlər nəyi göstərir? Kreml nəyi yoxlayır? Polşa, NATO, Qərb hansı nəticələr çıxarmalıdır? Və onlar bu təhlükəli addıma qarşı hansı real cavab verməyə hazırdırlar?
Pressklub.az-ın suallarına Ukraynanın “Penta” Siyasi Araşdırmalar Mərkəzinin direktoru Volodimir Fesenko cavab verib.
Onun fikrincə, rus dronlarının Polşaya hücumu məqsədli və kifayət qədər genişmiqyaslı təxribatdır. “Polşada və Avropada da bunu belə qiymətləndirdilər. Bu, hərbi hücum deyil, ona görə də NATO-nun 5-ci maddəsi işə salınmadı (siyasi olaraq Alyansın 4-cü maddəsinin mexanizmləri tətbiq edildi). Amma bu insident Polşa və NATO üçün ciddi xəbərdarlıq və test oldu. Bu yoxlama qeyri-müəyyən nəticələrə səbəb oldu. Artıq rus dronlarının vurulması irəliyə doğru addımdır. Az da olsa hərbi reaksiya var. Amma siyasi reaksiyanın operativliyi və adekvatlığı ilə bağlı hələ çoxlu sual var.
Kreml nəyi yoxlayırdı? Birincisi, Polşa və NATO-nun hərbi-siyasi reaksiyası. İkincisi, ABŞ-ın reaksiyası. Axı ABŞ prezidenti Tramp yaxınlarda Polşanın yeni prezidenti Navrotskiyə ABŞ-ın təhlükəsizlik zəmanətlərini saxlayacağına söz verib. Üçüncüsü, bu insident Polşada yeni anti-Ukrayna və anti-müharibə əhval-ruhiyyəsi yaratmaq üçün səbəb olmalı idi. Nəhayət, bu, Rusiyanın güc nümayişi idi. Yəni bizi nə NATO, nə ABŞ, nə də Polşa maraqlandırır, istədiyimizi edirik.
Dediyim kimi, nəticələr birmənalı deyil. Hərbi reaksiya var, həm də kollektiv hərbi reaksiya. Yəni NATO-nun hərbi mexanizmləri işlədi. Amma onların effektivliyi sual doğurdu. NATO pilotsuz aparatların qrup halında hücumlarına hazır deyilmiş. Söhbət cəmi iyirmiyə yaxın drondan gedir, Ukraynaya hər gün hücum edən yüzlərlə drondan yox. Ucuz dronlarıu milyonlarla dollarlıq raketlə vurmaq (onların heç də hamısını vura bilməyiblər) da tam adekvat deyil. Biz bu problemi hələ üç il əvvəl yaşamışdıq, NATO isə bu günə qədər hazır deyil. NATO-nun HHM sistemi qrup halında dron hücumlarına qarşı hazır olmadı.
Siyasi reaksiya ilə bağlı suallar daha çoxdur. Diaqnoz düzgün qoyuldu, amma reaksiya əvvəlki kimi çox ləng və ehtiyatlıdır. ABŞ tərəfindən isə bu insidentə aydın və hiss olunan reaksiya ümumiyyətlə yoxdur. Trampın sosial şəbəkədəki ikibaşlı paylaşımını isə reaksiya saymaq olmaz.
Bu insident Rusiyanın Polşada anti-Ukrayna və anti-müharibə əhval-ruhiyyəsi yaratmaq üçün istifadə olundu. Rusiya bunu Ukrayna əleyhinə yönəltmək istədi. Guya ki, elektron mübarizə sistemi rus dronlarını azdırıb və Polşaya yönləndirib. Yüzlərlə, minlərlə rus botu Polşanın informasiya məkanında bu mövzunu tirajladı. Polşanın özündə də “faydalı axmaqlar” tapıldı. Lakin bu informasiya əməliyyatının effekti məhdud oldu. Əksinə, polşalı siyasətçilər və milyonlarla polyak yenidən dərk etdilər ki, Polşa üçün əsas təhlükə Rusiyadan gəlir”, – politoloq qeyd edib.
Onun sözlərinə görə, Rusiyadan gələn real və artan təhdidləri bir çox Avropa ölkələrində, xüsusilə də Rusiyanın qonşuluğunda olan dövlətlərdə daha güclü hiss etməyə başlayıblar.
“Polşa, NATO, Qərb hansı nəticələr çıxarmalıdır? Birincisi, öz müdafiə qabiliyyətini daha tez və effektiv gücləndirmək, xüsusən də raket və kütləvi pilotsuz dron hücumlarını dəf etməyə hazır olan pilləli HHM sistemi yaratmaq lazımdır. Ən optimal variant bu sistemə Ukraynanın inteqrasiya olunmasıdır (indi heç olmasa qismən, gələcəkdə tam şəkildə). Həmçinin NATO ölkələrinin hava məkanının Rusiya tərəfindən pozulmasına hərbi və siyasi reaksiyanın protokollarını hazırlayıb praktikada həyata keçirmək vacibdir. İkincisi, NATO ölkələrinin hava məkanının Rusiya tərəfindən pozulmasına göz yummamaq, rus dronlarını və raketlərini Ukraynanın NATO ölkələri sərhədlərinə yaxın vilayətlərdə vurmaq lazımdır. Nəhayət, Rusiyanı sərt şəkildə xəbərdar etmək lazımdır ki, Ukraynanın NATO ölkələri ilə sərhəddə yerləşən ərazilərinə hücum etmək yolverilməzdir. NATO Rusiyaya güc və qətiyyət göstərməlidir. Əks halda təkcə rus dronlarının Polşaya gəlməsi kimi insidentlərin təkrar olunmayacaq, həmçinin NATO-nun ayrı-ayrı ölkələrinə qarşı real, o cümlədən hibrid hərbi hücum riski yaranacaq. Nəhayət, aydındır ki, Ukraynaya HHM vasitələri hərbi dəstəyini gücləndirmək lazımdır.
Polşada və Qərbdə Rusiyadan gələn yeni real problemi, yeni riski və təhdidləri dərk edirlər. Amma reaksiya yenə də ləng və kifayət qədər qətiyyətli deyil”, – Fesenko təəssüflə qeyd edib.
Rauf Orucov