Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yeni dünya düzənində Rusiya Cənubi Qafqazı itirə bilər: Türkiyə-Azərbaycan ortaqlığı həlledici faktora çevrilir

 


 Kremlin “istifadə müddəti” bitən və geopolitik əhəmiyyətini itirən Ermənistan kimi “raxit dövlət” üzərindən regionda hegemonluq hədəflərini təmin etməsi artıq real görünmür... Türkiyə-Azərbaycan ittifaqı sayəsində Cənubi Qafqazda şərtləri dəyişdirən hərbi-siyasi proseslər, növbəti mərhələdə Xəzəryanı və Orta Asiya regionlarına da sıçrayaraq, daha geniş çoğrafi məkana yayıla bilər...

Yenixeber.org: Ermənistanın son hərbi avantürası Cənubi Qafqaz regionunda geopolitik situasiyanı ciddi şəkildə dəyişib. Belə ki, bu regionda cərəyan edən geopolitik proseslər fərqli məzmun və keyfiyyət qazanmağa başlayıb.

Məsələ ondadır ki, Azərbaycan ordusu sarsıdıcı cavab zərbəsiylə Ermənistanın yalnız “hərb maşını”nı deyil, həm də daxili və xarici siyasət sistemini iflic vəziyyətə salıb. Belə ki, bu regionda artıq heç də hər şey əvvəlki kimi deyil.

Əksinə, Azərbaycan Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərdə təşəbbüsü birmənalı şəkildə ələ keçirib. Və bu önəmli faktor yaxın gələcəkdə sadəcə, Ermənistanın deyil, ümumiyyətlə, bütün Cənubi Qafqaz regionunun taleyini məhz rəsmi Bakının hərbi-siyasi ssenarilərinə uyğun şəkildə həll edə bilər.

 

Təbii ki, regional situasiyanın belə ciddi dəyişikliyə uğraması Cənubi Qafqazda maraqları olan bəzi dövlətləri, xüsusilə də, Rusiyanı qətiyyən məmnun edə bilməz. Ən əsasısa, Rusiyanın bu regionda “oyundankənar” vəziyyətə düşmək təhlükəsiylə üzləşməsi Kreml üçün qəbuledilməz perspektivdir.

Halbuki, Türkiyənin Azərbaycan-Ermənistan münaqişəsinə verdiyi qətiyyətli və birmənalı reaksiya Kremlin narahatlığını daha da artıra biləcək faktordur. Çünki rəsmi İrəvanın son hərbi-siyasi avantürasına Azərbaycanın verdiyi sarsıdıcı hərbi cavabdan dərhal sonra Rusiyanın Ermənistanla birgə hərbi təlimlərə başlamışdı. Və Kremlin bu addımı isə Azərbaycan və Türkiyənin 12 günlük genişmiqyaslı hərbi təlimləri ilə cavablandırıldı.

Bu, Rusiyanın regiondakı hegemonluq iddiasına açıq meydan oxuma və Kremlə sərt xəbərdarlıq mesajı təsiri bağışladığından, Azərbaycan-Türkiyə hərbi təlimləri ilə bağlı yazımızda Cənubi Qafqazda artıq “küləyin şimaldan əsmədiyini” xüsusi olaraq, vurğulamışdıq. Və bu regionda daha bir güclü dövlətin – Türkiyənin də rəsmi Bakı ilə ortaq maraqların təmin edilməsi ilə bağlı qərarlı addımlar atmağa hazır olduğunu qeyd etmişdik.

Şübhəsiz ki, Kreml üçün Türkiyənin Cənubi Qafqazda əsas geopolitik oyunçulardan birinə çevrilməsi ən arzuolunmaz ssenarilərdən biridir. Belə ki, ilk baxışdan, Rusiya və Türkiyə arasında müxtəlif sahələr üzrə, xüsusilə də, ticari tərəfdaşlıq səbəbindən yaxşı münasibətlərin olduğu nəzərə çarpsa da, əslində, səhnə arxasında bir çox rəqabət amillərinin ön plana çıxdığını da iddia etmək mümkündür. Və Kreml üçün Türkiyənin Cənubi Qafqaza girişinin yolverilməz olduğunu təsdiqləyən bir neçə önəmli məqam mövcuddur.

 

Birincisi, Rusiya və Türkiyə Yaxın Şərqdə də amansız rəqabət içərisindədirlər. Suriya və Liviyada bu iki nəhəng dövlətin maraqları kəskin şəkildə toqquşur və bu səbəbdən də hər iki ölkədə fərqli “səngərlər”də yer alırlar.

Üstəlik, həm Suriyada, həm də Liviyada mövcud olan situasiyaya əsasən, Türkiyənin Rusiya qarşısında müəyyən üstünlüyə nail olduğunu da iddia etmək mümkündür. Hətta Türkiyənin Suriya və Liviyada Rusiyanı müəyyən mənada, küncə sıxışdıra bildiyini də söyləmək olar. Bu rəqabət hazırda Ağ dəniz bölgəsində maraq toqquşması keyfiyyətində davam etməkdədir.

İkinci önəmli faktor Türkiyənin iki ən güclü NATO dövlətindən biri olmasıdır. Belə bir güclü dövlətin – Türkiyənin özünə qardaş olan Azərbaycan üzərindən Cənubi Qafqaz regionuna yerləşib, əsas geopolotik oyunçuya çevrilməsi Rusiyanın bölgədəki hegemonluq hədəflərini tamamilə iflasa uğrada bilər.

Bu halda, regional qüvvələr nisbətinin tərəzisində ağırlıq mərkəzinin məhz Türkiyə-Azərbaycan ittifaqının xeyrinə dəyişə biləcəyi qətiyyən şübhə doğurmur. Çünki Rusiyanın “dizləri üstündə sürünən” Ermənistana söykənərək, Cənubi Qafqazda hegemonluq edə biləcəyi artıq o qədər də real görünmür.

Nəhayət, daha bir önəmli faktor Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərin eyni vaxtda daha iki bölgəyə - Xəzəryanı və Orta Asiya regionlarına sıçrama ehtimalıdır. Belə ki, hər iki region məhz Azərbaycan və Türkiyə ilə qardaş olan türkdilli dövlətlərə məkandır. Və bu proseslərin sonrakı inkişaf istiqamətləri həm enerji resursları ilə zəngin, həm də məhz türk dilində danışan böyük bir coğrafi məkanın ortaq strateji maraqlar ərtafında birliyinə yönələ bilər.

 

Son 30 ilə yaxın bir müddətdə Ermənistanı bütün istiqamətlər üzrə dəstəkləyən Rusiyanın hərbi-siyasi strateqləri bu ssenarinin nə vaxtsa, gündəmə gəlib, reallaşa biləcəyini anlamamış deyillər. Çünki bu, keçmiş SSRİ-nin tərkibində olan zorakı ittifaqın deyil, məhz tarixi və milli-mənəvi təməlləri olan təbii birliyin ehtimalıdır.

Vaxtilə Türkiyə və Rusiya Suriya hərbi-siyasi poliqonunda toqquşanda bunun sadəcə, başlanğıc olduğunu yazmışdıq. Rəsmi Ankaranın öz təsir dairəsini daha da genişlətmək üçün tezliklə daha qətiyyətli və məqsədyönlü addımlar atacağını vurğulamışdıq. Və Türkiyə-Rusiya rəqabətinin yaxın gələcəkdə məhz Cənubi Qafqaz regionuna sıçrayacağını da proqnozlaşdırmışdıq.

Son baş verənlər bu proqnozlarımızın özünü doğrultmağa başladığını sezdirir. Əgər, belə davam edərsə, bu rəqabətin əhatə dairəsi qətiyyən Cənubi Qafqazla məhdudlaşmaz. Yəni, bu rəqabətin əlamətləri Xəzəryanı və Orta Asiya regionlarında daha amansız mübarizə formatında müşahidə edilə bilər.

Bu iki regiona aid olan türkdilli dövlətlər öz müstəqilliklərinin ilk dövrlərindən həmişə Qərbə açılan “pəncərə”nin axtarışında olublar. Ancaq Qərbə sadəcə, Rusiyanın onların qarşısında “hördüyü keçilməz divar”ın arxasından boylanmaq məcburiyyəyində qalıblar. Və mövcud hərbi-siyasi, iqtisadi, eləcə də geopoltik şərtlər ucbatından Kremlin qurduğu “Rusiya səddi” ilə barışmalı olublar.

Ona görə də, Cənubi Qafqazda Türkiyə-Azərbaycan ittifaqı Xəzəryanı və Orta Asiya dövlətləri üçün “Rusiya səddi”dən yan keçən və Qərbə açılan “pəncərə” rolunu oynaya bilər. Bu isə Rusiya üçün Cənubi Qafqaz da daxil olmaqla, öz sərhədləri boyunca geniş bir türkdilli coğrafi məkanda təsir gücünü itirmək təhlükəsi anlamına gəlir.

 

Təbii ki, geoloitik proseslərin belə ssenari üzrə inkişafı Rusiyanın imperialist hədəfləri baxımından, geriyədönüşü olmayan nəticələr doğura bilər. Xüsusilə də, hazırda Baltikyanı region da daxil olmaqla, Rusiyanın bütün qərb sərhədlərinin NATO hərbi bazaları ilə əhatəyə alındığını nəzərə aldıqda, bu, Kremlin siyasi iradəsinin ölkə içərisinə qapadılması xarakteri daşıyardı.

NATO-nun Rusiya sərhədləri ətrafında yarımmühasirə həlqəsini Cənubi Qafqaz üzərindən Orta Asiyaya qədər qapatmaqda maraqlı olduğu qətiyyən şübhə doğurmur. Bu baxımdan, Türkiyənin Cənubi Qafqaza yerləşməsinə Şimali Atlantika blokunun da fəal dəstək verə biləcəyi istisna deyil.

Göründüyü kimi, yeni dünya düzəninin qurulmasına yönəlik proseslər Rusiya üçün o qədər də ümidverici pay vəd etmir. Xüsusilə də, Ermənistan kimi iflas ərəfəsində olan bir forpost dövləti silahlandıraraq, Qərbin dəstəyini hər an arxasına ala biləcək Türkiyə-Azərbaycan ortaqlığına müqavimət göstərmək qətiyyən uğurlu variant deyil.

Çünki Ermənistanın “istifadə müddəti” artıq sona çatıb. Və bu “raxit dövlət” həm zamanın, həm də şərtlərin dəyişməsiylə geopoltik proseslərdə əhəmiyyətini də tamamilə itirib. Yəni, Rusiyanın Cənubi Qafqazda öz hegemonluğunu qorumasında artıq elə bir ciddi rol oynaya bilməz.

Belə anlaşılır ki, yeni dünya düzənində Cənubi Qafqaz Rusiyanın əlindən alınacaq. Bu proses daha sonra Xəzəryanı və Orta Asiya regionlarına sıçrayacaq. Cənubi Qafqazdan başlayaraq, Orta Asiyaya qədər uzanan geniş coğrafiyada geopolitik şərtlərin müəyyənləşdirilməsində məhz Türkiyə-Azərbaycan ortaqlığı həlledici rol oynayacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam