Əliyev-Paşinyan görüşünə qarşı təxribat: Rəsmi İrəvan prosesi pozmağa çalışır
Azərbaycan və Rusiyanın üçtərəfli anlaşmaların icrası sayəsində Cənubi Qafqazda uzunmüddətli sülhə, sabitliyə nail olmağın mümkünlüyü ilə bağlı mövqeləri uzlaşır; Ancaq Paşinyan hakimiyyətinin “Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində nizamlanması Cənubi Qafqazda üzünmüddətli sülhə təminat verə bilər” bəyanatı regionda yeni geopolitik şərtləri və reallıqları bloklamağa hesablanıb...
Yenixeber.org: Cənubi Qafqazda diplomatiya dövrü başlanmış kimi görünür. İndi regionda Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşmış 44 günlük savaşın geopolitik nəticələrinin sənədləşdirilməsi mərhəsləsi start götürüb. Və müzakirə masasında qarşıduran tərəflər mövcud regional şərtləri nəzərə almalı olacaqlar.
Böyük ehtimalla regional diplomatiya mərhələsi iki mərhələ üzrə inkişaf edə bilər. Belə ki, əvvəlcə Rusiyanın diplomatiya idarəsinin rəhbəri Sergey Lavrovun vasitəşiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb, ortaq müzakirə gündəliyi hazırlamalıdırlar.
Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında gözlənilən görüşün təşkili baxımından, hazırlıq mərhələsi hesab oluna bilər. Bundan sonrasa, əgər, müzakirə ediləcək gündəlik hər iki tərəfi qane edərsə, Əliyev-Paşinyan görüşündə yekin qərarların qəbulu mümkündür.
Rəsmi Bakının mövqeyi ardıcıl və prinsipial xarakter daşıyır. Azərbaycanın hədəfləri konkret şəkildə müəyyən edilib. Yəni, rəsmi Bakı həmin hədəflərə problem yarada biləcək heç bir uydurma mövzunun müzakirəsinə razılıq vermək niyyətində deyil.
Maraqlıdır ki, rəsmi İrəvan yenə də avantürist mövqedən çıxış edərək, 44 günlük savaşın geopolitik nəticələrindən yayınmağa çalışır. Paşinyan hakimiyyəti bütün vasitələrlə yeni regional şərtləri və fərqli hərbi-siyasi reallıqları mümkün qədər arxa plana keçirtməyə çan atır. Və bu, regional diplomatiya mərhələsinin nəticələrini ciddi şəkildə şübhə altına salır.
Azərbaycan və Ermənistanın mövqeyində olduqca kəskin ziddiyyətlər müşahidə edilməkdədir. Həmin ziddiyyətlər Putin-Paşinyan görüşündən əvvəl və sonra verilən açıqlamalarda açıq şəkildə ortaya çıxdı. Ermənistan baş naziri Nikol Paşinyan “münaqişənin hələ tam həll edilmədiyini” iddia etdi. Buna cavab olaraq, Rusiya prezidenti V.Putin bütün regional problemlərin kompleks həlli üçün üçtərəfli müqavilələrin icrasının vacib olduğunu xatırlatdı.
Ancaq qəribə də olsa, rəsmi İrəvan öz siyasi avantürizm vərdişlərinə sadiq qaldığını nümayiş etdirir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB XİN rəhbərlərinin toplantısında “Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində nizamlanması Cənubi Qafqazda üzünmüddətli sülhə təminat verə bilər” deyib. Və bu, həm Rusiyanın, həm də Azərbaycanın mövqeyi ilə ziddiyyət təşkil edən açıqlamadır.
Məsələ ondadır ki, Kreml Cənubi Qafqazda Rusiyanı sülhün və sabitliyin əsas təminatçısı rolunda təqdim edir. Üstəlik, əsas regional problemlərin həllinin məhz üçtərəfli anlaşmaların icrasına bağlı olduğunu vurğulayır. Eyni zamanda, bu prosesə, xüsusilə də prinsipial xarakter daşıyan geopolitik mövzuların müzakirəsinə Minsk Qrupunu, daha dəqiq desək, ABŞ və Fransanı şərik etməyə qətiyyən həvəsli deyil.
Rəsmi Bakının mövqeyi də Rusiya ilə böyük ölçüdə uzlaşır. Çünki rəsmi Bakı “Qarabağ münaqişəsi”nin tam şəkildə həll edildiyinə əmindir. Eyni zamanda, Ermənistanın müzakirə gündəliyinə salmağa can atdığı “status” mövzusunun həmişəlik qapandığını vurğulayır. İndi rəsmi İrəvanın Minsk Qrupu üzərindən əhəmiyyətini itirmiş bu mövzuları yenidən gündəmə gətirməklə, sadəcə, regionda sülh və sabitlik prosesini dalana dirəmək cəhdidir.
Onu da qeyd edək ki, erməni nazirin açıqlamasında regionda “geopolitik labirint” yaratmaq cəhdi açıq-aşkar nəzərə çarpır. Belə ki, A.Mirzoyan regionda uzunmüddətli sabitliyin yaranması üçün suverenlik prinsipini, xalqların özünütəyinetmə hüququnu, dövlət sərhədlərinin toxunulmazlığını, mübahisəli məsələlərin dinc vasitələrlə həllini vacib sayır. Və bir-biriylə kəskin ziddiyyət təşkil edən bu prinsiplərin ümumiləşdirilməsi də məhz tamamilə erməni avantürizmindən başqa bir şey deyil.
Məsələ ondadır ki, rəsmi İrəvan erməni nazirin diliylə gündəmə gətirdiyi bu prinsiplərin hər birisinə Ermənistanın maraqları çərçivəsindən yanaşır. Üstəlik, bu prinsiplərdən yalnız Ermənistanın faydalana biləcəyini düşünür. Yəni, rəsmi İrəvan beynəlxalq hüquqa görə Ermənistana aid olmayan əraziləri geri qaytarmaq istəmir. Delimitasiya və demarkasiya prosesindən yayınmaqla, dövlət sərhədlərinin toxunulmazlığı prinsipi altında həmin əraziləri öz nəzarətində saxlaya biləcəyini düşünür.
Əlbəttə ki, Azərbaycanın bununla razılaşmadığını da bilir. Rəsmi İrəvan anlayır ki, Azərbaycan dövlət sərhədlərinin toxunulmazlığı prinsipinin qüvvəyə minməsi üçün ilk növbədə həmin sərhədlərin beynəlxalq hüquq normaları çərçivəsində delimitasiya və demarkasiya edilməsində israrlıdır. Ona görə də, erməni nazir “mübahisəli məsələlərin dinc vasitələrlə həlli”ni də gündəmə gətirməklə, Azərbaycanın problemi hərbi yolla nizamlama cəhdini bloklaya biləcəyinə ümid bəsləyir.
Ancaq rəsmi İrəvanın bu avantürist oyunlarının baş tutacağı o qədər də inandırıcı görünmür. Çünki Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi Bakının Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu vurğulayıb. Eyni zamanda o, regionda bütün məsələlərin həllinin məhz üçtərəfli anlaşmaların icrası ilə mümkün ola biləcəyinə də eyham vurub.
Yəni, rəsmi Bakının əsas gündəmi sərhədlərin qarşılıqlı tanınması ilə yekun sülh sazişinə yönəlik prosesin intensivləşdirilməsi üzərində qurulub. Və bu, “Cənubi Qafqazda uzunmüddətli sabitlik üçtərəfli anlaşmaların icrasından asılıdır” deyən Rusiyanın mövqeyi ilə uzlaşır.
Əgər, rəsmi İrəvan indiki mövqeyini dəyişməzsə, Azərbaycan və Rusiyanın tutduğu ortaq xəttə qarşı çıxarsa, bu, regionda situasiyanın yenidən gərginləşməsinə yol aça bilər. Bu halda, Əliyev-Paşinyan görüşünün keçirilməsi də olduqca ciddi şübhələr doğurmağa başlayacaq.
Çünki rəsmi İrəvanın siyasi avantüralarının fonunda belə bir yüksəksəviyyəli görüşdə hər hansı müsbət nəticələrin əldə olunacağını düşünmək sadəlövhlük olardı. Və rəsmi Bakının nəticəsiz yüksəksəviyyəli görüşə həvəs göstərəcəyi qətiyyən inandırıcı deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert