ABŞ Rusiyanı təhdid edir və koalisiya qurur: Kreml isə arxasını yalnız "Batka"ya söykəyə bilib
Ağ Evin başlatdığı yeni siyasi-psixoloji savaşda müqavimət resursları məhdud olan Rusiya yalnız öz hərbi potensialına güvənmək məcburiyyətində qalıb; Müttəfiqsiz Kremlin güclü beynəlxalq təzyiq dalğası qarşısında uzun müddət tab gətirə biləcəyi o qədər də inandırıcı görünmür...
Yenixeber.org: ABŞ-Rusiya qarşıdurması məzmun və keyfiyyətini dəyişməyə başlayıb. Artıq bu qarşıdurma siyasi-psixoloji məzmun daşıyır. Və üstünlük hələlik Ağ Evin tərəfinə keçmiş kimi görünür.
Məsələ ondadır ki, prezident Co Bayden hakimiyyətdə olduğu çox qısa zaman ərzində Rusiyaya qarşı genişmiqyaslı təzyiq dalğası yaratmağa nail oldu. Hazırda Kreml Rusiya tarixinin ən mütəşəkkil beynəlxalq təzyiq dalğası ilə üzləşib. Belə görünür ki, Rusiya bundan sonra daha sərt beynəlxalq problemlər ilə üzləşə bilər.
Bəzi dövlətlər Rusiya diplomatlarını ölkədən çıxarmağa başlayıb. Əsas səbəb kimi isə onların diplomatik toxunulmazlıq statusu altında xarici kəşfiyyat tapşırıqlarını yerinə yetirmələri iddia edilir. Hələlik, bu iddiaların nə qədər həqiqət olduğu məlum deyil.
Ancaq buna baxmayaraq, olduqları ölkələrdən çıxarılan rus diplomatların sayına diqqət etdikdə, Rusiyaya qarşı bir "diplomat qovma" kampaniyası başladıldığı şübhə doğurmur. Belə ki, ABŞ-dan 10 rus diplomatı, Polşadan 3 rus diplomatı, Çexiyadan 18 rus diplomatı qovulub.
Yeri gəlmişkən, Çexiyanın rus diplomatlarını ölkədən çıxarmaq üçün göstərdiyi səbəb kifayət qədər ağırdır. Rəsmi Praqa Rusiyanın 2014-cü il Vrbetica partlayışlarında iştirak etməsi barədə ehtimalları gündəmə gətirib. Və belə ehtimalların dəlilsiz-sübutsuz yayılması Praqadakı Rusiya səfirliyinə hücumla nəticələnib.
Təbii ki, "diplomat qovma kampaniyası"nın ən fəal iştirakçıları sırasında Ukrayna xüsusi yer tutur. Rəsmi Kiyev Ukraynadakı bütün diplomatik təmsilçilərin ölkəni tərk etməsi üçün onlara 72 saat vaxt tanıyıb. Və Rusiyanın cavabı qətiyyən gecikməyib. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna konsulu Aleksandr Sosonyuku Sankt-Peterburqda Rusiya vətəndaşından məxfi məlumat alarkən, cinayət başında saxlayıb.
Göründüyü kimi, olduqca xoşagəlməz situasiyadır. ABŞ-Rusiya savaşında siyasi-psixoloji xarakter daşıyan "diplomatik müharibə" mərhələsi intensiv şəkildə davam edir. Hələlik, bu savaşda ABŞ nisbətən üstün durumda olmaqla yanaşı, Rusiyaya qarşı yeni ittifaqın yaradılmasına cəhd göstərdiyi də inkaredilməz reallıqdır.
ABŞ-la eyni məzmunda davranan Şərqi Avropa ölkələrinə daha nüfuzlu dünya dövlətləri də siyasi dəstək verirlər. Böyük Britaniya və Fransa Rusiyanın daha sərt sanksiyalara məruz qoyulmasının tərəfdarı kimi çıxış edir. Və indiyə qədər bütün bunlara ümumilikdə 13 ABŞ və Polşa diplomatını qovmaqla cavab verə bilən Kremlin bir qədər çaşqın vəziyyətdə olduğu da qətiyyən diqqətdən yayınmır.
Məsələ ondadır ki, ABŞ-ın tədricən formalaşdırmaqda olduğu Rusiya əleyhinə beynəlxalq koalisiyaya birbaşa hərbi dəstək də var. Belə ki, NATO hərbi gəmiləri Qara dəniz ətrafında yerləşdirilib. Üstəlik, Böyük Britaniya da bölgəyə əlavə iki döyüş gəmisi göndərmək qərarı verib. Rəsmi London həmin döyüş gəmilərini Ukrayna sahillərində yerləşdirərək, Rusiya-Ukrayna qarşıdurmasında bölgədəki NATO müttəfiqlərini dəstəklədiyini qabartmaq məqsədi daşıyır.
Təbii ki, bütün bunlar Rusiyanın kifayət qədər ciddi xarici hərbi-siyasi təhdidlərlə üz-üzə qaldığını göstərir. Hətta vəziyyət o qədər ciddi görünür ki, Kreml Rusiyanın Xəzər donanmasını Qara dənizə keçirmək məcburiyyətində qalıb. Bu, o qədər də sadə hərbi əməliyyat deyil. Belə anlaşılır ki, Rusiya yaxın gələcəkdə Qara dəniz hövzəsində Rusiyanın hərbi iştirakının məhdudlaşdırılmasına yönəlik ssenarilərin işə salına biləcəyindən əmindir.
Ola bilsin ki, bu səbəbdən də, Kreml Qara dənizi ABŞ və Qərblə hərbi-siyasi qarşıdurmanın əsas həlledici poliqonu hesab edir. Kremlin düşdüyü bu qəliz situasiyanın daha bir maraqlı tərəfi odur ki, Rusiya demək olar, tək qalıb. ABŞ-ın qurmaqda olduğu koalisiya qarşısında Rusiyanı dəstəkləməyə həvəs göstərən müttəfiqlər nəzərə çarpmır.
Düzdür, yenə də Belarusun Rusiyaya sadiq qaldığını düşünmək üçün əsaslar olmamış deyil. Hər halda, Belarus prezidenti Aleksandr Lukaşenkonun ABŞ-ı özünə qarşı sui-qəsd cəhdində suçlaması Kremlin maraqlarına cavab verir. Və yəqin ki, Kreml heç olmasa, Belarusu Rusiyanın yanında tutmaq üçün "Batka"nın öz şəxsi təhlükəsizliyinə həssas yanaşmasından maksimum istifadə etməyə çalışacaq.
Ancaq "Batka"nın ABŞ-a yönəlik ittihamlarında qeyri-ciddi məqamlar da var. Belarus prezidenti ona və övladlarına sui-qəsd hazırlayan ABŞ xüsusi qrupunun yaxalandığını bildirib. O, bəyan edib ki, ABŞ rəhbərliyi onun və evladlarının qətlə yetirilməsinə əmr verib. Lakin Rusiya xüsusi xidmət servislərinin köməyi ilə sui-qəsd cəhdinin qarşısı alınıb.
Əlbəttə, buna inananlar yəqin ki, olacaq. Ancaq bunun beynəlxalq səviyyədə ciddiyə alınacağı o qədər də inandırıcı görünmür. Çünki, ABŞ xüsusi xidmət servislərinin "Batka"ya sui-qəsd etməklə, nəyə nail ola bilərlər? Bu, onların nəyinə lazımdır?
Üstəlik, "Batka"nın bütün nəsil-nəcabəti ilə hədəfə alınmasının məntiqini ümumiyyətlə, anlamaq çox çətindir. Yəni, deyək, "Batka"nın özüylə bağlı nəsə planlaşdırdılar ki, heç bu da qətiyyən inandırıcı deyil. Bəs, "Batka"nın övladları və digər ailə üzvləri ABŞ və Qərbə qarşı hansı problemi yarada bilər?
Böyük ehtimalla bu, Rusiya xüsusi xidmət servislərinin "Batka" üzərindən qurduğu psixoloji əməliyyatdan başqa bir şey deyil. Kremldə "Batka"nın ABŞ və Qərb ilə bağlı xof probleminə yaxşı bələddirlər. Ona görə də, onun bu zəif damarından istifadə edərək, belə bir sui-qəsd planının olduğuna inandırmaq mümkün olub. Əks halda, bunu daha məntiqli şəkildə izah etmək çətin olardı.
Bütün bunlar onu göstərir ki, ABŞ və Rusiya bir-birinə qarşı artıq psixoloji savaş faktorlarını işə salıblar. Hər iki tərəf mümkün olan bütün resurslardan yararlanmağa çalışır. Və hətta ən uğursuz variantın belə, sınaqdan çıxarılmasına cəhd göstərirlər.
Təbii ki, bütün bunlar ABŞ və Qərbin Rusiya ilə qarşıdurmasının hələ uzun müddət davam edə biləcəyini sezdirir. Ağ Ev bu savaşda genişmiqyaslı vasitələrlə sona qədər getməyə həvəsli görünür. Bir tərəfdən Ukrayna ətrafında Rusiya hərbi-siyasi böhrana çəkilir, ardınca NATO ilə toqquşma təhlükəsi yaradılır.
Digər tərəfdən isə, əvvəlcə Rusiya prezidenti Vladimir Putin Ağ Ev sahibinin açıq mətnlə təhqirinə məruz qoyulur. Sonrasa Rusiyanın dünyada, hətta MDB məkanında belə, müdafiə olunmadığı, yəni tamamilə təklədiyi qabardılır. Nəhayət, rus diplomatların qovulması kampaniyası ilə Rusiya əleyhinə beynəlxalq koalisiyanın təməli atılır. Və bu prosesin davam etmə perspektivləri barədə ilkin mesajlar verilir.
Rusiyanın olduqca qəliz situasiyaya salındığı qətiyyən şübhə doğurmur. Arxasını hələlik "Batka"ya və Belarusa söyləməkdən başqa heç bir dəstəyi olmayan Rusiya bu siyasi-psixoloji savaşda yalnız öz hərbi potensialına güvənmək məcburiyyətində qalıb. Və bunun savaşın hansı mərhələsinə qədər Rusiya üçün yetərli olacağını indidən müəyyən etmək mümkün deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert