Qara dənizin üzərində “qara buludlar” sıxlaşır: ABŞ-ın son davaranışları ilə bu region “nifaq alması”na çevrilib
ABŞ və Qərb Krımın ilhaqından sonra Rusiyanın Qara dənizdə üstünlüyü ələ keçirtməsindən narahatdır... Yaxın vaxtlarda NATO-nun da qarşıdurmaya cəlb oluna biləcəyi qətiyyən istisna deyil...
Yenixeber.org: Pandemiya dünya siyasətini “söndürmüşdü”. Beynəlxalq siyasət məkanında nisbi sakitlik yaratmışdı. Yəni, dünya dövlətləri ilk növbədə daxildəki “rəqib-düşmən” ilə mübarizəni ön plana keçirtmək, digər beynəlxalq hədəfləri isə müvəqqəti də olsa, “dondurmaq” məcburiyyətində qalmışdı.
Ancaq son aylarda vəziyyət ciddi şəkildə dəyişməyə başlayıb. Belə ki, beynəlxalq siyasət məkanında yenidən hərəkətlilik müşahidə edilir, sükutun tədricən pozulmaqda olduğu nəzərə çarpır.
Təbii ki, son dövrlərin ən hay-küylü qarşıdurması Şərqi Ağdəniz bölgəsində yaşanmaqdaydı. Burada bir çox dövlətin maraqları kəskin şəkildə toqquşduğu üçün Şərqi Ağdəniz bölgəsi hətta savaş təhlükəsinin artmasıyla diqqəti çəkirdi.
Halbuki son həftələrdə Şərqi Ağdəniz bölgəsində nisbi sakitlik hökm sürməyə başlayıb. Burada maraqları toqquşan dövlətlər hazırda savaşmağın deyil, məhz anlaşmağın yollarını axtarmağa üstünlük verirlər.
Bununla belə, beynəlxalq siyasət məkanında bəzi dövlətlərin qarşılıqlı güc nümayişi həvəsinin tamamilə yoxa çıxdığını da iddia etmək mümkün deyil. Belə ki, qarşıdurma meylləri, gərginlik faktorları bir dənizdən, digər dənizə daşınıb.
Məsələ ondadır ki, bir müddət öncə Şərqi Ağdəniz bölgəsində yaşanan hərbi qarşıdurma hazırda Qara dəniz hövzəsində müşahidə edilməkdədir. Belə ki, Qara dəniz “çırpınır”. Bu dənizdəki “dalğalanma”nın yaxın vaxtlarda yeni hərbi-siyasi “sunami” törədib-törətməyəcəyi hələlik məlum deyil.
Onu da qeyd edək ki, Qara dəniz hövzəsində sahil dövlətlərinin əksəriyyətinin maraqları toqquşur. Hələlik bu regionda ən uduşlu durumda olan dövlət kimi Türkiyə diqqəti çəkir. Çünki Türkiyə öz sahillərinə yaxın ərazidə yeni qaz yatağı kəşf etdi və indi bu təbii sərvətin istismarına hazırlıq prosesi ilə məşğuldur.
Ancaq Qara dənizdə maraqları olan digər dövlətlər haqqında eyni fikirləri söyləmək nqətiyyən mümkün deyil. Belə ki, hazırda Qara dənizdə fəallaşmış dövlətlərin davranışlarında iqtisadi deyil, məhz hərbi-siyasi faktorlar ön plandadır.
Xüsusilə də, Qara dəniz bölgəsinə birbaşa aidiyyatı olmayan ABŞ bu regionda gərginliyi artıra biləcək davranışları ilə diqqəti çəkir. Belə ki, son məlumatlara görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Roosevelt" aviasiya daşıyan gəmi Qara dənizə göndərilib. Və Pentaqonun bu addımı Qara dənizdə gəginliyin dərhal artmasına yol açıb.
Təbii ki, bundan ən çox narahatlıq keçirən dövlətin Rusiya olduğu qətiyyən şübhə doğurmur. Çünki Qara dəniz Rusiya üçün strateji məkandır. Və bu məkanda regiona yad dövlətlərin fəallaşmasına həmişə olduğu kimi, yenə də qıcıqlandığını qətiyyən gizlətmir.
Kremlin ABŞ hərbi gəmisinin regiona göndərilməsinə ilk cavab reaksiyası Rusiyanın Qara dənizdəki hərbi donanmasının döyüş hazırlığı vəziyyətinə gətirilməsi keyfiyyətində olub. Rusiya bununla Ağ Evə ABŞ hərbi gəmisinin öz sahillərinə üz tutmasından məmnun olmadığı ilə bağlı sərt mesaj vermək niyyəti güdür.
Şübhəsiz ki, Ağ Evdə bu mesaja ciddi yanaşılacağı və ABŞ hərbi gəmisinin geri çağırılacağı qətiyyən inandırıcı deyil. Ona görə də yaxın günlərdə Qara dənizdə ABŞ və Rusiya arasında növbəti gərginliyin yaşana biləcəyi istisna deyil.
Onu da qeyd edək ki, ABŞ hərbi gəmisinin regiona göndərilməsi Ağ Ev və Kremlin Qara dənizdəki son gərginlik səbəbi deyil. Belə ki, bir müddət öncə Rusiyanın "Su-27" qırıcı təyyarəsi Qara dəniz üzərində ABŞ Hərbi Hava Qüvvələrinin “Boinq RC-135" kəşfiyyat təyyarəsini bloklamışdı.
Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzinin bu barədə yaydığı məlumatda bir müddət havada gərgin anların yaşandığı xüsusi olaraq, vurğulanırdı. Belə ki, Qara dəniz üzərində qarşı-qarşıya təyyarələr müxtəlif hərbi manevrlər etmək məcburiyyətində qalıblar Və son nəticədə Rusiyanın savaş təyyarəsi ABŞ-ın kəşfiyyat təyyarəsinin ölkənin hava məkanına soxulmasının qarşısını almağa nail olub.
Maraqlıdır ki, Rusiya tərəfi son bir neçə ayda ABŞ hərbi təyyarələrinin bir neçə dəfə analoji cəhdlər göstərdiyini iddia edir. Və Ağ Evi ABŞ-Rusiya münasibətlərini məqsədyönlü şəkildə gərginləşdirməyə cəhd göstərməkdə suçlayır.
Əslində, ABŞ və Qərbin Qara dəniz hövzəsindəki son davranışlarının kifayət qədər ciddi strateji hədəflərə bağlı səbəblərdən qaynaqlandığını da düşünmək olar. Belə ki, son illərdə Rusiya Qara dəniz hövzəsində hərbi-strateji üstünlüyü ələ keçirtməyə başlayıb.
Məsələ ondadır ki, keçmiş SSRİ-nin süqutundan sonra Rusiya Qara dənizdə sıxışdırılmış duruma düşmüşdü. Hətta sahil dövlətləri arasındakı pay bölgüsünə uyğun olaraq, Kreml Rusiyanın nəhəng hərbi dəniz donanmasını Qara dənizin şimal-şərq hissəsinə çəkmək məcburiyyətində qalmışdı.
Uzun müddət Kreml bu durumdan ciddi narahatlıq keçirtsə də, Rusiya-Ukrayna qarşıdurması sayəsində bu problemi qismən də olsa, həll etməyə nail oldu. Belə ki, bu qarşıdurmadan faydalanan Rusiya müxtəlif siyasi bəhanələrlə Ukraynanın Krım yarımadasını ilhaq edib, öz ərazisinə qatdı.
Nəticədə Rusiya hərbi donanması üçün yeni dislokasiya məkanları ələ keçirilmiş oldu. Son illərdə Rusiya Krım yarımadası ətrafında artıq bir neçə hərbi-dəniz bazası yaradıb. Bununla da Rusiya Qara dəniz regionunda hərbi-strateji üstünlü ələ keçirtmək üzrə olduğu müşahidə edilir.
Təbii ki, ABŞ və Qərb Rusiyanın Qara dəniz bölgəsindəki üstünküyündən qətiyyən məmnun deyil. Ona görə də, bu su hövzəsində və onun ətrafında qüvvələr nisbətini balanslaşdırmaq üçün müxtəlif hərbi-strateji manevrlərə cəhd göstərilir.
Bəzi ehtimallara görə, yaxın aylarda Qara dəniz ətrafında gərginliyin daha da arta biləcəyi qətiyyən istisna deyil. Belə ki, bəzi Qərb ekspertləri yaxın gələcəkdə bu qarşıdurmaya digər region dövlətləri də cəlb oluna bilər.
Məsələ ondadır ki, ilk növbədə Krımın itirilməsi ilə Qara dənizdə əlverişsiz duruma düşmüş Ukraynanın bu qarşıdurmaya qatıla biləcəyi proqnozlaşdırılır. Hər halda, ABŞ və Qərbin Rusiya-Ukrayna ziddiyyətlərindən geopolitik məqsədlərlə yararlana biləcəyi ehtimal olunur.
Hətta Ukraynanın Qara dənizdəki limanlarından birində NATO hərbi-dəniz bazasının yaradıla biləcəyi də gələcəyə yönəlik planların içərisində yer aldığı iddia olunur. Və oxşar addımın Gürcüstanın Qara dəniz sahillərində də təkrarlanma ehtimalından danışılır.
Belə anlaşılır ki, yaxın gələcəkdə Qara dənizdə yenidən NATO-nun iştirakıyla “əzələ nümayişi” variantı gündəmdə saxlanılmaqdadır. Və bu, baş verərsə, Qara dənizin yeni beynəlxalq “nifaq alması”na çevrilmə təhlükəsindən də danışmaq lazım gələcək.
Göründüyü kimi, Qara dənizin üzərindəki “qara buludlar” hər ötən gün daha da sıxlaşmaqdadır. Bu situasiyanın regionda yeni hərbi-siyasi böhrana yol açıb-açmayacağı isə yəqin ki, yaxın vaxtlarda aydınlaşmağa başlayacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert