Rusiya yeni "müdafiə qalxanı" qurur: Putin "Batka"nı öz yanına çəkə biləcəkmi...
ABŞ və Qərbin sərt təzyiq dalğası Rusiyanı xarici siyasət strategiyasını dəyişməyə məcbur edir; Kreml bəzi postsovet ölkələrini Rusiyanın ətrafında birləşdirməklə, MDB məkanını "alınmaz qala"ya çevirməyə çalışır...
Yenixeber.org: Rusiyaya qarşı beynəlxalq təzyiqlərin artan xətt üzrə inkişaf etdiyi müşahidə olunur. ABŞ və Qərb Kremlin mümkün qədər Rusiya sərhədləri içərisinə sıxışdırılması niyyətində tamamilə qətiyyətli görünür. Və bu istiqamətdə ardıcıl addımlar atmağa çalışır.
Belə anlaşılır ki, bu dönəm Rusiyanın beynəlxalq mövqelərinin yenidən müəyyən edilməsində həlledici ola bilər. Çünki, Rusiya əleyhinə beynəlxalq koalisiyanın formalaşmaqda olduğu artıq artıq açıq-aşkar nəzərə çarpır. Və hələlik qeyri-rəsmi xarakter daşıyır.
Bununla belə, bu qeyri-rəsmi koalisiyanın tərkibi də genişlənməkdə davam edir. Hər halda, Bayden administrasiyasının son intensiv təzyiqlərinə NATO-nun da siyasi dəstək verməsi Kreml üçün beynəlxalq siyasət məkanında diskomfort şituasiya yaratmaqdadır. Üstəlik, bu sıraya Bayden administrasiyası ilə daha normal münasibətlərə can atan Avropa Birliyi ölkələrinin də qoşulması Rusiyanın təklənməsinə yol açır.
Təbii ki, belə vəziyyətdə ABŞ və Qərbin intensiv təzyiqlərinə tab gətirə bilmək üçün Rusiyanın etibarlı müttəfiqlərə və tərəfdaşlara ehtiyacı var. Əlavə dəstək qazanmadan belə güclü xarici təzyiq dalğası qarşısında duruş gətirə bilmək o qədər də asan deyil.
Şübhəsiz ki, Kremldə bu reallığı artıq ciddiyə almağa başlayıblar. Halbuki, Rusiyanın ətrafında etibarlı "müttəfiq və tərəfdaş çətiri"nin qurulması məsələsində bir qədər gecikməyə yol verildiyi diqqətdən yayınmır. Üstəlik, bu gecikmə daha çox Kremlin xarici siyasət kursunda yol verilən kobud səhvlərdən qaynaqlanır. Və həmin səhvlərin mövcud nəticələrinin qısa müddətdə zərərsizləşdirilməsi isə o qədər də asan deyil.
Məsələ ondadır ki, həm ABŞ-ın, həm də Rusiyanın xarici siyasət kursunda bəzi təməl faktorlar bir-birinə paralellik təşkil edir. Belə ki, Ağ bütün dünya üzərində ABŞ-ın şəriksiz hegemonluq hüquqlarının olduğuna əmindir. Ona görə də, bərabərhüquqlu müttəfiqlik modelini yaxına buraxmır. Yəni Ağ Ev müttəfiq və ya tərəfdaş dövləti ABŞ-ın milli maraqlarına uymağa məcbur etməyə çalışır. Və buna əsasən nail ola bilir.
Kreml də təxminən eyni xarici siyasət strategiyasına üstünlük verir. Sadəcə, Rusiyanın bu strategiyanı tətbiq etdiyi məkan daha məhduddur. Belə ki, Kremlin bu strategiyanı birmənalı şəkildə postsovet məkanında reallaşdırmağa çalışır. Yəni, Kreml hesab edir ki, MDB məkanı dövlətləri mütləq Rusiyanın hegemon mövqeyini qəbul etməli və bütün xarici əlaqələrini məhz buna uyğunlaşdırmalıdır.
Təbii ki, Rusiyanın təsir dairəsindən kənara çıxmağa hələ tam hazır olmayan bəzi postsovet ölkələri bu reallıqla hesablaşmaq məcburiyyətində qalırlar. Halbuki, bu, qətiyyən etibarlı tərəfdaşlıq modeli yol açmır. Əksinə, ilk imkanda, əks istiqamətdən alınan hər hansı xarici dəstəkdən sonra MDB dövlətləri üçün Rusiya ilə münasibətlərin məzmununa yenidən baxmaq ehtiyacı yaradır.
Belə vəziyyət Rusiya ətrafında mərkəzdənqaçma meyllərini həmişə aktual saxlayır. Buna misal olaraq, Baltikyanı ölkələri, eləcə də, Ukrayna, Gürcüstan və Moldovanı göstərmək olar. Son olaraq, bu dövlətlərin sırasına qoşula biləcək namizəd kimi Belarus da ön plana çıxmaqdadır.
Məsələ ondadır ki, son iki il Rusiya-Belarus münasibətləri üçün o qədər də uğurlu zaman intervalı olmayıb. Bu müddət ərzində Kreml və rəsmi Munskin münasibətləri ciddi şəkildə soyuyub. Hətta narazılığın artaraq, qarşıdurma istiqamətində inkişaf etdiyi də müşahidə olunub.
Məsələ ondadır ki, rəsmi Minsk həmişə Rusiya-Belarus İttifaqının daha sistemli dövlət modelinə çevrilməsinin qatı tərəfdarı kimi çıxış edirdi. Belarus prezidenti Aleksandr Lukaşenko bu israrını postsovet məkanına ABŞ və Qərbin intensiv müdaxilə cəhdləri ilə izah etməyə çalışırdı.
O, hesab edirdi ki, yalnız yeni və güclü İttifaq dövləti həmin müdaxilə cəhdlərinə etibarlı müqavimət imkanları aça bilər. Əks halda, formal xarakter daşıyan ittifaq dövlətinin ABŞ və Qərbin təzyiqləri qarşısında MDB məkanını "alınmaz qala"ya çevirə bilməsi mümkün deyil.
Hazırda baş verənlər "Batka"nın haqlı olduğunu göstərir. Çünki, hazırda nə Rusiya, nə də Belarus Qərbdən gələn təzyiqlərə qarşı hərbi-siyasi immunitetə sahib deyil. Və bu təhlükə hər ötən gün daha da ciddiləşir.
Digər tərəfdən, Kremlin "ipə-sapa" yatmayan "Batka"ya qarşı cəza niyyətində olması Belarus prezidentini Rusiyadan incik də salmışdı. "Batka" hər imkanda Kremlin davranışlarını sərt şəkildə tənqid edərək, Belarusun Rusiya qarşısında "boyunduruq qəbul edən dövlət" olmayacağını vurğulayırdı. Üstəlik, rəsmi Minsk Rusiyadan uzaqlaşıb, Qərbə meyllənə biləcəyinin açıq mesajlarını da verirdi.
Halbuki, bu, Rusiya üçün ən böyük itki ola bilərdi. Çünki, Belarus postsovet məkanında Ukrayna ilə birlikdə, Rusiyaya milli-etnik və tarixi baxımdan, ən yaxın iki dövlətdən biridir. Kreml Ukraynanı mənəvi-siyasi cəhətdən artıq çoxdan itirib. Bunun üzərinə bir də Belarusun itirilməsi Rusiya üçün sözün əsl mənasında, siyasi-strateji faciəyə çevrilə bilərdi.
Ancaq ötən ilin avqustunda Rusiya bu problemi yenə də yanlış metodlarla həll etməyə cəhd göstərdi. Belə ki, növbəti prezident seçkiləri ərəfəsində incik "Batka"nın könlünü alıb, onunla anlaşmaq əvəzinə Belarusda hakimiyyət dəyişikliyinin uyğun variantını tapmağa cəhd göstərdi.
Bundan qəzəblənən "Batka" Kreml ilə qarşıdurma təhlükəsini belə, gözə alaraq, bəzi Rusiya təmsilçilərini hakimiyyət çevrilişi cəhdində suçlayaraq, ölkədən çıxartdı. Və Rusiya-Belarus münasibətlərində böhranlı dövr başlanmış oldu.
Ancaq indi vəziyyət ciddi şəkildə dəyişib. Rusiya ABŞ və Qərbin sərt təzyiqləri qarşısında demək olar ki, tək qalıb. Müttəfiqlərə ehtiyacı olduğunu qənaətinə gəlib. Deyəsən, "Batka" ilə münasibətləri korlamaqla, necə ciddi siyasi-strateji səhvə yol verdiyinin də artıq fərqindədir.
Hər halda, son vaxtlar Kremlin Belarus ilə korlanmış münasibətləri yenidən "təmir" etməyə can atdığı qətiyyən diqqətdən yayınmır. Belə ki, bu məsələnin Rusiya prezidenti Vladimir Putinin əsas gündəm mövzusu olduğu açıq şəkildə nəzərə çarpır. Və "Batka"nın yenidən Kremlin orbitinə qaytarılması istiqamətində önəmli addımlar atılmağa başlayıb.
Bu baxımdan, Rusiya prezidenti Vladimir Putin ilə Belarus lideri Aleksandr Lukaşenko arasında keçirilən son Soçi görüşü böyük maraq doğurur. Belə ki, Kreml sahibinin "Batka" ilə Rusiya-Belarus münasibətlərinin inkişafına yönəlik bir çox mövzuları müzakirə etdikləri bildirilir. Həmin mövzuların sırasına hərbi təhlükəsizlik də daxil olmaqla, xarici təzyiqlərə birgə reaksiya verilməsi və ittifaq dövlətinin inteqrasiya strukturlarının effektivliyinin artırılması da daxildir.
Göründüyü kimi, vaxtilə "Batka"nın üzərində durulmasında israr etdiyi mövzular indi Kreml sahibi üçün də əsas prioritetə çevrilməyə başlayıb. Ancaq indi ortada yeni problem də var. Hər halda, "Batka"nın Kremlə etimadının əvvəlki kimi qaldığını düşünmək sadəlövhlük olardı. Çünki, cəmisi 6 ay əvvəl Kremldə onun devrilməsinə yönəlik planlar qurulurdu. Və bu, "Batka"nı daha ehtiyatlı davranmaq məcburiyyətində qoyur.
Bütün bunları nəzərə aldıqda, Kreml sahibinin Belarus liderini dilə tutmaq, onun könlünü almaq üçün bir qədər səy göstərməli olacağı qətiyyən şübhə doğurmur. Üstəlik, indi qarşılıqlı münasibətlərin "təmir" edilməsi "Batka"dan daha çox Kreml sahibinə lazımdır. Və Qərbdən gələn intensiv təzyiq dalğasına qarşı yaradılacaq "müdafiə qalxanı"nın əsasının qoyulmasında Belarus həlledici səviyyədə önəmli dövlət rolunu oynaya bilər.
Ancaq Kreml sahibinin yalnız "Batka"nı yanına çəkməyə çalışmaqla, kifayətlənməyəcəyi də şübhə doğurmur. Hər halda, Rusiyanın MDB dövlətləri bazasında ABŞ və Qərbə qarşı qurmağa çalışdığı yeni "müdafiə qalxanı"nda daha çox postsovet ölkəsinin yer almasına çalışacağı istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert