ABŞ geri çəkildi və dərhal da hücuma keçdi: Rusiyaya qarşı "sosial partlayış paketi" işə salındı
Ağ Ev Rusiya ilə hərb meydanında savaşmaqdansa, Putin hakimiyyətinə qarşı mümkün qədər daha dərin "quyu" qazmaq niyyətindədir; Rusiyanı sosial-iqtisadi böhrana sürükləməklə, kütləvi etiraz dalğasının baş qaldırmasına cəhd göstərilir...
Yenixeber.org: Hazırda bütün dünyanın diqqəti Ukraynaya yönəlib. Bu ölkə ətrafında yaranmış hərbi-siyasi böhran ən təhlükəli həddə çatıb. Və indi hər kəsi Ukrayna böhranının dağıdıcı savaşa səbəb ola biləcəyi ciddi şəkildə narahat edir.
Ancaq narahatlığın əsas səbəbi rəsmi Kiyevin Ukraynanın ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı deyil. Əslində, Ukrayna beynəlxalq səviyyədə müdafiə edilsə də, bu ölkənin gələcək taleyi demək olar ki, bir çoxlarını elə də ciddi maraqlandırmır. Hətta Ukraynanı separatçı Donbass bölgəsi üzərindən Rusiya ilə hərbi qarşıdurmaya sürükləyən ABŞ belə, bu məsələyə yalnız öz maraqları çərçivəsindən yanaşır.
Yəni, belə anlaşılır ki, ABŞ və Qərb Ukraynanı Rusiya ilə haqq-hesab çəkmək üçün dağıdıcı savaş təhlükəsinin içərisinə yönəldib. Ən xırda ehtiyatsız davranış Ukrayna və Rusiya qoşunlarını üz-üzə gətirə bilər. Və bu, Ukrayna üçün ən arzuolunmaz ssenari kimi görünür.
Məsələ ondadır ki, hazırda ən çox maraq doğuran məsələ Ukrayna və Rusiya qoşunları arasında savaş başlayarsa, ABŞ və Qərb adekvat reaksiya verərək, rəsmi Kiyevə vədlərinə sadiq qalıb-qalmayacağı ilə bağlıdır. Yəni, həmin vədlərə sadiq qalınarsa, bu, ABŞ və NATO hərbi qüvvələrinin Ukrayna ordusu ilə birlikdə Rusiya qoşunlarına qarşı savaşa girməsi deməkdir. Və məhz bu mövzuda mövqelər ciddi şəkildə toqquşur.
Məsələ ondadır ki, bəzi beynəlxalq siyasi iradə mərkəzləri ABŞ və Qərbin Ukraynaya hərbi dəstək verməsini vacib hesab edirlər. Onların qənaətinə görə, rəsmi Kiyev Rusiyanın hərbi gücü qarşısında təkbaşına buraxılmamalıdır. Əks halda, bu, Ukrayna üçün dağıdıcı savaşa çevrilə bilər və hətta onun mövcudluğu sual altında qalar.
Bu mövqenin əleyhdarları daha fərqli düşünürlər. Onlar hesab edirlər ki, Ukraynaya hərbi dəstək müəyyən "qırmızı cizgilər"dən kənara çıxmamalıdır. Çünki, ABŞ və NATO Rusiya ilə savaşa bulaşarsa, bu, yalnız Ukrayna üçün deyil, ümumiyyətlə, bütün dünyaya qarşı dağıdıcı müharibə təhlükəsi yarada bilər. Buna isə heç bir halda, yol vermək olmaz.
Göründüyü kimi, ABŞ və Qərb üçün Ukrayna böhranı Rusiyanı sıxışdırmaq üçün sadəcə, bir vasitədir. Əvvəlcə ümid edirdilər ki, Rusiya ABŞ və NATO-nun bulaşma ehtimalı olan savaş təhlükəsindən yayınmağa üstünlük verəcək. Yəni, Kreml öz strategiyasını hücum deyil, müdafiə faktorları üzərində quracaq. Və sərt beynəlxalq təzyiqlər qarşısında geri çəkilməklə, mövqelərini itirəcək.
Ancaq bu ümidlər doğrultmadı. Çünki Rusiya hücum faktorları üzərində qurulmuş aqressiv strategiyaya üstünlük verdi. Bununla da, ABŞ və Qərbə kifayət qədər ciddi problemlər yaratdı.
Təbii ki, belə situasiyada ABŞ və Qərbin ehtiyat variantı gündəmə gətirməsi istisna deyildi. Əslində, indi Ağ Evin məhz ehtiyat variant üzrə hərəkət etməyə başladığı müşahidə olunur. Hər halda, Ağ Ev alternativ təzyiq resurslarını artıq işə salmış kimi görünür.
Məsələ ondadır ki, Pentaqondan verilən açıqlamada Ukraynanın bir neçə müasir silah növü ilə təchiz ediləcəyi bildirilir. Eyni zamanda, Ukraynaya hərbi müəssisələr göndəriləcəyi də vurğulanır. Və bu açıqlama hadisələrin sonrakı inkişaf istiqamətlərini təxmin etməyə imkan verir.
Birincisi, aydın olur ki, ABŞ və Qərb tədricən Rusiya ilə hərbi toqquşma təhlükəsindən yayınmağa çalışır. Belə ki, Ukraynaya bir neçə növ müasir silahın verilməsi müəyyən zamana ehtiyacı olan prosesdir. Digər tərəfdən, hərbi mütəxəssislərin Ukraynaya göndərilməsi Ağ Evin rəsmi Kiyevin hələ savaşa hazır olmadığı qənaətini göstərir. Yəni, Ukraynanı hələ bir müddət savaşa hazırlayacaqlar və buna xeyli zaman lazım olacaq.
İkinci, Pentaqonun sözügedən açıqlamasında ön plana çıxarılan bəhanə ilə ABŞ və Qərb zaman qazanmış olacaq. Bu zaman içərisində Rusiyanın sıxışdırılması məqsədilə fərqli alətlər işə salınacaq. Və bu prosesin artıq başlandığı diqqətdən yayınmır.
Məsələ ondadır ki, Ağ Ev əvvəlcə Rusiya prezidenti Vladimir Putinin "qatil" adlandırılmasından sonra aldığı yüksək səviyyəli görüş təklifini cavabsız buraxmaqla, yol verilən ciddi səhvi düzəltmək qərarına gəldi. Çünki, bu səhv siyasi-psixoloji üstünlüyü Rusiyanın ixtiyarına buraxmışdı. Və bu, yaxın gələcəkdə beynəlxalq siyasət məkanında ABŞ-a müəyyən problemlər yarada bilərdi.
Ona görə də, Ağ Ev sahibi prezident Vladimir Putinə neytral ölkədə görüş təklif etdi. Ancaq görüşün gündəliyini də əvvəlcədən müəyyən etməklə, Kreml sahibini görüşdən imtina məcburiyyətində qoydu. O, ABŞ-ın maraqlarına uyğun münasibətlər və Ukraynanın ərazi bütövlüyünü müzakirə etməyi təklif edirdi.
Halbuki bu mövzularda Kreml sahibinin görüşə həvəs göstərmıyəcəyini elə əvvəlcədən dəqiq bilməmiş deyildi. Yəni, əslində, Ağ Ev sahibinin prezident V.Putinlə görüşmək niyyəti yox idi və onu bundan imtina etməyə məcbur buraxdılar.
Ardınca isə Ağ Ev Rusiyaya Kremlin ehtiyat etdiyi ən ağır zərbəni endirdi. Rusiya diplomatları ABŞ-dan çıxarılacaq, bir sıra önəmli rus şirkətləri sərt sanksiyalara məruz qalacaq. Eyni zamanda, Rusiyanın qiymətli kağızlarının dövlət borcunun ödənilməsində istifadəsi qadağan olundu. Yəni, Ağ Ev Rusiyanın dövlət borcunu ödənilməz duruma gətirməyə çalışır. Çünki, qiymətli kağızların beynəlxalq dövriyyədə istifadəsi Rusiyanın dövlət borcunun ödənilməsində əsas resurslardan sayılır. İndi Kreml bu önəmli resursdan məhrumdur.
Böyük ehtimalla növbəti addım Rusiyadan vaxtı çatmış dövlət borclarının dərhal ödənilməsi də tələb edilə bilər. Bu halda, Kremlin borcları ödəyə bilmədiyindən beynəlxalq məkanda çətin duruma düşə biləcəyi qətiyyən istisna deyil.
Hər halda, dövlət borcları ödənilməyəcəyi təqdirdə, Rusiyanın beynəlxalq ticarət maraqları ciddi ziyan çəkə bilər. İdxal və ixrac prosesi iflic ola biləcəyindən onsuz da ağır durumda olan Rusiya iqtisadiyyatı böhran mərhələsinə keçmiş olacaq.
Düzdür, Rusiya rəsmi dairələri bu sanksiyalarla ölkə iqtisadiyyatının böhran keçirməyəcəyini iddia edirlər. Ancaq Rusiya iqtisadçılarını buna inandırmaq o qədər də asan məsələ deyil. Hər halda, iqtisadçılar bütün bu baş verənlərin Rusiyaya hansı fəlakətləri vəd etdiyini hamıdan yaxşı bilirlər.
Artıq bəzi iddialara görə, bu situasiya davam edərsə, Rusiyanı sosial-iqtisadi böhran gözləyir. Belə bir böhran isə sosial tələblərlə kütləvi etiraz dalğasının baş qaldırması ilə bağlı real təhlükə vəd edir. Kremlin kütləvi etiraz dalğasını uzun müddət öz nəzarətində saxlaya biləcəyi isə inandırıcı hesab olunmur.
Belə anlaşılır ki, Ağ Ev Rusiya ilə hərb meydanında savaşmaqdansa, Putin hakimiyyətinə qarşı mümkün qədər daha dərin "quyu" qazmaq niyyətindədir. Hər halda, Rusiyaya qarşı "sosial partlayış paketi"ni işə salınması belə düşünməyə əsas verir. Bu baxımdan, hesab etmək olar ki, ABŞ savaş meydanından geri çəkilsə də, digər bütün istiqamətlərdə dərhal hücuma keçib. Və Rusiyanı ötən əsrin əvvəllərinə qaytarmaqla, Putin hakimiyyətinin daxildən dəyişdirilməsinə yönəlik mexanizmləri ön plana keçirməyə üstünlük verir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert