Sabiq müstəntiq sistemin ifşasını davam etdirir – “QORXUkratiya”
Xeberinfo.com: Hüququn qətli (II yazı)
Siyasi bəyanatla prokurorluq orqanlarından istefa verən, bundan sonra repressiyaya məruz qalıb həbs edilən və hazırda ev dustaqlığı şəraitində istintaq altında olan keçmiş müstəntiq Rüfət Səfərov “Azadlıq” qəzetinə növbəti məqaləsini göndərib. Məqalə onun “Hüququn qətli” adlı irihəcmli yazısının tərkib hissəsidir.
Xatırladaq ki, yazının ilk hissəsi bir müddət əvvəl qəzetimizdə dərc olunub. Onun ikinci hissəsini təqdim edirik.
***
Səmimiyyətin mənasını bilmədiyimiz zamanlar idi. İndi Rusiyanın hansısa vilayətində yaşayan uşaqlıq dostumun Allahın dərgahına qovuşmuş anası günün birində üzünü oğluna və bəndənizə tutaraq söylədi: “Uşaqlar, əgər səmimi olsanız, dostluğunuz əbədi, bütün iş və istəkləriniz gerçək olar. Odu ki, çalışın, səmimi olasınız…”. Həmin vaxt rəhmətlik Leyla xalanın nə demək istədiyini sonunadək anlamadıq, çünki nə mən, nə də dostum Fuad “səmimiyyət” kələməsini kəsdirə bilirdik. İllər ötdü, yaşımızın üstünə yaş gəldi, ətraf aləmlə, mənəvi məsələlərlə maraqlanmağa başladıq. Günün birində ulu babamdan babama, babamdansa mənə miras qalan ərəb və fars sözləri luğətini vərəqləyəndə oxuyub eşitdiyim, lakin nə mahiyyət kəsb etdiyini anlamadığım bəzi sözlərlə, eləcə də “səmimi”lə tanış oldum. Aydınlaşdı ki, səmimi olmaq ürəkdən, ciddi və həqiqi olmaq deməkdir. İndi, əziz oxucular, hələ də mövqe və fikirlərimə şübhə ilə yanaşan köhnə və yeni dostlar, yazı və düşüncələrimdə, başlıcası isə hazırkı sistemə müxalifliyimdə səmimi olmaqla, sidqi-ürəkdən, ciddi və həqiqiyəm. İnanıram ki, həm indi, həm də gələcəkdə səhvli-düzlü səmimi olarıqsa, bizi uğurlar təqib edər…
Mənsəbpərəstlərin kürsü yanğısı
Nəyinsə arzusunda olmaq insana xas təbii xüsusiyyətdir. Nobelçi nasir Anatol Fransıntəbirincə desək, bizim dünyamızı maraq və mənaya mindirən arzulardır. Bir vətəndaş olaraq hər zaman arzu etmişik ki, dövlətimiz dünyada yaxşı mənada seçilmişlərdən, soydaşlarımızsa fərqlənənlərdən olsun, Azərbaycan və azərbaycanlıları idarə edənlər nəinki regionda, bütün dünyada bir nümunə kimi başqa dövlət və hökumətlərə göstərilsin. Düşünürük ki, bu arzular həyata vəsiqə qazanandan sonra sehr və gözəlliyini əsla itirməyəcək, əksinə daha da pakizə görsənəcəkdir. Bəs, görəsən, bu diləklərin gerçəkləşməsinə əngəl olan amillər nədir? Kimlər və ya nələr əngəl olur ki, içdən gələn bu arzular çin olsun? Suallara cavablar vardır, bu zəmində qapalı, gözəgörünməz hansısa amil yoxdur, hər nəsnə göz önündədir, bizə qalansa baş verənləri ardıcıllığı qorumaq şərtilə sadalamaqdır. Bu baxımdan, yəqinliklə bilirik ki, Azərbaycanda adamlar və münasibətlər qanuna deyil, qanun fərd və istəklərə uyğunlaşdırılır, baxmayaraq, qabaqcıl təcrübə bunun tam əksini diqtə edir. Məsələn, hansısa məmurun vəzifə ehtirasını təmin etməkdən, hakimiyyət piramidasının yuxarı pillələrində təmsil olunan mənsəbpərəstlərin kürsü yanğısını söndürməkdən ötrü qanunlara, hətta Ali Qanuna – Konstitusiyaya əlavə və ya düzəlişlərin olunması buralarda təəccüb doğurmur, sıradan bir hal kimi qarşılanlr. Başqa sözlə desək, Azərbaycanda vacib deyildir normativ hüquqi aktda təsbit olunan normaların məzmun və ya forma dəyişikliyinə məruz qalmasını obyektiv hüquqi şərait, inkişaf edən ictimai munasibətlər şərtləndirsin, əksinə zəruri odur ki, bütün varlığı ilə həmin vəzifəyə təşnə olan adam on illərlə məşğul etdiyi kürsüdə əyləşməyi həyati məqsədi hesab etsin. Yeri gəlmişkən, real həyatda, hüquqda, siyasətdə, fəlsəfədə, eləcə də yazı tərzində deduktiv metoda, yəni fikir prosesində ümumidən xüsusiyə keçidə üstünlük verdiyimizdən, bu məqamda mövzunun xüsusi faktaloji tərəflərini göstərmək məqsədəuyğundur. Bu baxımdan, inanıram ki, həm 2001-ci ildə, həm də 2009-cu ildə baş tutan ümumxalq səsverməsi – referondumu xatırlayırıq. Çalışacağıq ki, ikincinin üzərində dayanıb, nəzərlərimizi bir şəxsin iki dəfədən artıq prezident seçilməsi məsələsində fokuslaşdıraq. Doğrudur, vətəndaşların rəyini öyrənmək üçün Konstitusiyaya təklif olunan ayrı-ayrı əlavə və düzəlişlər də vardı, lakin hamımıza gün kimi aydın idi ki, referondumun keçirilməsində başlıca məqsəd eyni şəxsin iki dəfə yox, daha çox seçilməsini əngəlləyən müddəaları aradan qaldırmaqdır. Biz həmin səsvermənin şəffaf keçirilib-keçirilməməsini bir kənara qoyuruq, məsəsələnin nəticəvi və önəmli tərəfi odur ki, atıq Azərbaycanda saysız-hesabsız, yəni ömür nə qədər vəfa edərsə, o həddə də prezident kimi fəaliyyət göstərməyə heç bir maneə yoxdur. Bu mövzu iki yanaşma tələb edir:
1. Dar mənada, bir şəxsin istənilən sayda prezident seçilmək imkanına qanuni sədd qoyulması həmin şəxsin hüququnu tapdalayır;
2. Geniş mənada, eyni şəxsin məhdudiyyətsiz olaraq prezident seçilmək imkanına malik olması qeyri-plürastik cəmiyyəti, qeyri-demokratik idarəçiliyi və qeyri-liberal iqtisadiyyatı doğurmaqla, əvəzində “dəmir cəmiyyət”i, sərt idarəetmə metodunu, inhisarçılığı, məmurların oliqarxlara çevrilməsini qaçılmaz edir, necə ki, bu gunkü Azərbaycanın durumu belədir.
Hazırkı problemə həm nəzəri, həm də praktiki cəhətdən baxsaq, birinci yanaşma şəxsi niyyəti, ikinci baxışsa ümumi mənafeni ön plana çəkir. Bizim birinci yanaşmanı təşviq edən opponentlərə sadə bir sualımız olacaqdır: hesab edək, Azərbaycan vətəndaşı 35 yaşında prezident seçilir, iş elə gətirir ki, Ulu Tanrı həmin şəxsi 100 il bu həyatda yaşadır, bu halda eyni adam 65 il rəhbər olmalıdır? Əgər, “seçicilər səslərini əsirgəməzsə, xalqın fikrinə ehtiramla yanaşmaq lazımdır,niyə də olmasın?” arqumenti önə çəkilərsə, belədə biz də göstərərik ki, 60-70 il bir şəxsin rəhbərliyini qəbul edənlərin adı xalq deyil, olsa-olsa şüursuz sürü halına gətirilmiş varlıqdır… Bu isə hüquqa yönəlik təkcə hayqırı deyildir, düzünə qəsddir, o qəsd ki, növbəti qəsdləri doğurmuşdur…
Qanunlar vəzifə ehtirasını təmin edərkən…
Yuxarıda göstərdiyimiz kimi, ardıcıllıq prinsipinə sadiqliyimizi nümayiş etdirərək, alidən ibtidaiyə doğru növbəti qəsdləri sadalayaq. Bir müddət sonra nə baş verdi? Məlum oldu ki, hörmətli Zakir Qaralovun müddətsiz olaraq Baş prokuror olması, eləcə də hörmətli Elmira Süleymanovanın İnsan Hüquqları üzrə Müvəkkil-Ombudsman kimi növbəti müddətə fəaliyyət göstərməsi üçün qanunların özü hörmətsiz vəziyyətə gətirilməlidir.Elə də oldu, şəxsi münasibətlər, fərdlərin vəzifə ehtirası qanuna edilən dəyişikliyi doğurdu: “İnsan Hüquqları üzrə müvəkkil haqqında” və “Prokurorluq orqanları haqqında” qanunlar şəxsi iradələrə uyğunlaşdırıldı. Hərçənd ki, həmin vaxt hörmətli Baş prokuror ölkə ictimaiyyətini inadırmaq üçün bu məzmunlu açıqlama vermişdi: “Prokurorluq haqqında” qanuna dəyişiklik konkret vəzifəli şəxsə görə edilmir…” Bu məqamda daha bir sadə sual meydana çıxır: görəsən, 15-20 il məşğul etdiyi kreslodan əl çəkməyib, fəaliyyətini davam etdirməkdə israrlı olan məmurların vəzifəyə olan ehtirsını təmin etməkçün qanunlara, hətta Əsas Qanuna əlavə və ya düzəlişin edildiyi cəmiyyətdə vətəndaşların normativ hüquqi aktlara mümkün ehtiramsız yanaşmasında anormallıq axtarmalıyıqmı? Bizə görə, xeyr. Bir cəmiyyətdə ki, fərd-məmur qanun üstü sayılır, bir ölkədə ki, qanun vəzifə sahibinin tapdağı altında sağa-sola dəyişdirilməklə min sifətə gətirilir, bir halda ki, insanlar qanunlardan deyil, artıq vəhşi xarakterə yiyələnmiş məmurlardan ehtiyat edir, belədə adamların qanun və ya qanun qüvvəli aktlara münasibətdə qeyri-kafi davranışları olarsa, anormallıqdan bəhs etmək doğru olmazdı.Vətəndaşlar kim(lər)dən nümunə götürüb, davranışlarını təyin etməlidirlər? Sözsüz ki, rəsmilərdən!
“QORXUkratiya”
Respublikada bərqərar olmuş məhkəmə, ədliyyə, istintaq, əməliyyat-axtarış fəaliyyətini banan ölkələrində mövcud olan sistemlərlə müqayisə edən kəslər dərhal daş-qalaq edilir, rəsmi dairələr və onların növbətçi buyruqqulları quzğun tək onların üzərlərinə şığıyırlar. Azərbaycan ədliyyəsinin necəliyi barədə eşidib, oxumuşduq, amma, açığı, öz dərimizdə duymamışdıq. Bu mənada, insanı insan kimi doğulmağa peşiman edən bir faktı gündəliyimizdən köçürüb, sonrakı qeydlərimizdə yüksək diqqətinizə çatdıracağıq, hələliksə hafizəmizdən qaçmamışkən onu ərz edək ki, buralarda gerçəkliyi ifadə edən hüquqçular ən yaxşı halda “5-ci kalon”un təmsilçisi, ən pis halda erməni dəyirmanına su tökən qismində dəyərləndirilirlər. Biz həmin əsassız yarlıqlara tuş gələcəyimizi zənn etsək də çəkinmədən göstəririk ki, idarə edənlər idarə olunanları hər vəchlə açıq dünyadan, kristal cəmiyyətdən, hüquq dövlətindən, vətəndaşa dayanan idarəetmədən sapdırmağa səy edirlər, çünki yəqinliklə bilirlər ki, qeyri-zorakı tərz ümumi işlərinə bir elə də fayda verməz. Rəsmi təbliğatda, nitqlərdə, bəyanatlarda qorxu adlanan hissin təşviqinə ayrıca yer verilməklə idarəetmə forması olaraq “QORXUkratiya”ya üstlənir. Lakin azacıq təhlükə hiss etdikləri halda, xalqla əlbir oduqlarını, insanlara xidmət etdiklərini, sosial dövlətə can atdıqlarını nümayiş etdirirlər. İmitasiya olaraq. Əziz oxucu, birgə xatırlayaq: Misir hadisələri kulminasiya nöqtəsinə yetişəndə Azərbaycanda yada düşdü ki, vətəndaşlara sürücülük vəsiqəsindən tutmuş mülkiyyəti təsdiqləyən şəhadətnamənın alınmasınadək müəyyən güzəştlər tanınmalı, misalçün, dünənədək qeyri-rəsmi 1000 manat dəyəri olan sürücülük vəsiqəsi bu gün 500-600 manata satılmalıdır. Yəqin ki, onu da xatırlayırıq ki, həmin dövrdə binəva insanlarımız bunu “islahat” kimi qiymətləndirib, etiraz hissinin inkişafına ehtiyac duymadılar və təbii olaraq, qısa müddət sonra əvvəlki vəziyyət bərpa olundu. Bu məqamda ingilis-irland nəsrinin parlaq nümayəndəsi xanım Elizabet Bouenin, səhv etmiriksə, “Hotel”indəki bir fikir necə də yerinə düşür: “Çox zülm görmüş insanlar, hətta kiçik təsəlli ilə də dərdlərini ovundura bilirlər…” Bəli, buralarda insan ağlamırsa, sızlamırsa, hərdənbir hayqırmırsa, halal haqları tanınmır. Ya ətrafda, ya da daxildə nisbətən tərpəniş olmalıdır ki, “qan sorma” prosesi səngisin. O da ki, müvəqqəti olaraq…Bunun adının nə olduğunu biz bilirik, heç şübhəsiz ki, Sizlərdə bilməmiş deyilsiniz: rəsmi zəlilik!Söhbətin gəlib qana çatdığı məqamda açıq danışmalı olacağıq, əziz oxucu, bəlkə sizli-bizli səhvlərimiz düzələ… Vəziyyət o həddə kritik məzmun alıb ki, qanı tökülən vətəndaş sonradan ya özü, özü də olmasa, yaxınları qan pulunu məmnuniyyətlə qəbul edərək, heç nə olmayıbmış kimi həyata davam edirlər. Ən yaxın keçmişə bərabər boylanaq: Qarabağ qazisinin rəsmi qurumun inzibati binasının önündə üzərinə yanacaq tökərək yandırmasını xatırlayacağınıza şübhəmiz yoxdur. Qazi bütün rəsmi və qeyri-rəsmi instansiyaları adlayaraq bir nəticə hasil olmadığını yəqinləşdirib, son qərarını verir: İntihar!!! Bəlkə də Azərbaycan yer üzündə yeganə ölkədir ki, burada intiharın faydalı xassələri də yox deyil. Demək, bir məmurun qanunsuz hərəkətlərindən zinhara gələn qazi özünü yandırmaqla, fani həyatla vidalaşır, əvəzində ailəsi-uşaqları gəlirli iş, birdəfəlik və aylıq müavinətlə təmin olunur, ekstremal vəziyyətdə özünü “yaxşı” aparan məmursa təkcə özü deyil, əqrabası da daha uca mərtəbələri fəth edir…Bu əsnada mühüm bir nəticə odur ki, müqəddəs vətən uğrunda savaş verən qazinin dəhşət saçan intiharı, sanki belə bir vaqeə olmayıbmış kimi, qısa müddət sonra media,cəmiyyət, hətta axtarsaq, yaxınları tərəfindən unudulur, amma Tunisdə bir kvadratmetrlik göyərti piştaxtası dağıdıldığına görə sözün müstəqim mənasında alovlu intihara üstünlük verən şəxs nəinki ərəblər tərfindən undulur, əksinə bütün qeyri-ərəblərin hafizəsinə ömürlür həkk edilir. Bu, nə adlanır? Təbii, cavab olaraq hökumət və cəmiyyətə yönəlik subyektiv mülahizələrimiz vardır, amma bu, 3-cü hissədə qoyulacaq movzuya daha yaxın olduğundan, uyğundur ki, növbəti yazımızda geniş yer ayıraq…
Saymazyanalıq, yoxsa sinizim?
Rəsmilər insanları uzun müddətdir ki, aldadıb vaxtaşırı olaraq onlara yalan satırlar. Son bir ildə milli valyutanın iki dəfə devalvasiyaya uğramasına, orta təbəqənin yerli-dibli yox olmasına, iş adamlarının müflis kökünə düşmələrinə, məmur-oliqarxların daha da zənginləşmələrinə, neçə-neçə iş yerlərinin bağlanmasına, işsizlər ordusnun meydana çıxmasına baxmayaraq, hər fürsətdə iqtisadi inkişaf tempindən, iqtisadiyyatın gedərək şaxələnməsindən bəhs edirlər, dövlət, ictimai, özəl teleradio şirkətləri tam heyətlə, mətbu nəşrlər, internet resursları əsas etibarı ilə bu prosesdə vasitəyə çevriliblər. Digər tərəfdən, bu, necə inkişafdırsa, iqtisadiyyatın, dövlət büdcəsinin əhəmiyyətli hissəsini təmin edən nefdən gələn gəlirlərin azalması indiyədək gur-gur guruldayan rəsmi iqtisadçıların, hakim siyasətin təyinində rola alan çinovniklərin söylədiklərinin əslindəsə sabun köpüyü olduğunu ortaya qoydu. Xam neftlə xam xəyalları illər uzunu insanlara sırıyandan sonra yekunda məlum oldu ki, Azərbaycan orta aylıq əməkhaqqına görəyeraltı və yerüstü sərvətlərə malik olmayan qonşu ölkələrdən geridə qalır. Və bütün qeyd olunanların fonunda rəsmilər arxayıncasına real məzmun daşımayan boş və quru rəqəmləri insanlarımıza təlqin etməkdə davam edirlər. Vətəndaşlarımızın əksəriyyətisə gözlərini döyərək seyr edirlər, sual verməkdən belə çəkinirlər, tənqid bir yana qalsın… Doğrudur, bir çox sosioloqlar hazırkı durumu səlahiyyət sahiblərinin saymazyanalıqları ilə əlaqələndirirlər, lakin bizə görə, bu, rəsmilərin sinik düşüncə tərzidir. Uzaq və yaxın tarixdə yaşananlar konstatasiya edir: rəsmi sinik tərzə küll halında qeyri-rəsmi və adekvat cavab veriləndə falakət və ya faciə olur ki, bunu da qəti olaraq arzulamırıq.Bununla belə, yaponların bir atalar sözünü xatırlatmağı zəruri bilirik: “Ağcaqanadı vızıldadığına görə yox, adamların qanını sorduğuna görə öldürürlər.”
Problemə başqa rakursdan yanaşsaq, əslində bir elə də təəccüblənməməliyik. Çünki son illərdə neftdən daxil olan miyardlarla gəlirlər insanlarımızın mənəviyyat və maarifinə yatırılmadı, əvəzində xalqın ümumi sərvəti sayılmalı olan qara qızılın gətirdiyi pullarla soydaşlarımızın dürüst söz yazan, həqiqi fikir deyən nümayəndələri bir-bir ya satın alındı, ya da məhv edildi. Hazırda sayı doqquz milyonu ötən Azərbaycan vətəndaşlarının 4-5 faizi ayaqdadır, usanmaq bilmədən yürüyürlər, həqiqəti hayqırmaqdan bezmirlər, inanırlar ki, azad və firəvan diyarın var olması uzaqlarda deyil. Bizlər də böyük məmnuniyyət hissi ilə o xırda faizin sıralarına keçdik və qəti əminik ki, Azərbaycan və azərbaycanlılara biçarəlik, bədbəxtlik, yazıqlıq, miskinlik deyil, məhz əzəmət və həşəmət yaraşır!
Yəqin bəzi opponentlər bizi qərəzkarlıqda, hadisə və proseslərə qeyri-dürüst yanaşmaqda ittiham edəcəklər. Bəri başdan söyləyirik ki, bütün varlığımızla qarşımıza məqsəd qoymuşuq ki, qeyz və hikkədən tam kənarda olmaqla, baş verənlərə sakit,tam, hərtərəfli və obyektiv yanaşaq. Misalçün, iyirmi üç ilə yaxın bir müddətdir ki, hər bayram günü insanları inandırmağa səy edirlər ki, növbəti bayramı doğma torpaqlarınızda qeyd edəcəksiniz. Adamlar buna daxilən inam bəsləməsələr də özlərini inanırmış kimi aparırlar. Qorxurlar ki, yerdə qalan ömürlərini tamam-kamal alt-üst etməyə qabil olan rəsmi sual ilə qabaq-qənşər qala bilərlər: “İNANMIRSAN???”Məsələnin daha təhlükəli tərəfi budur ki, mövcud dar macalda belə vətən, torpaq eşqilə yaşayan, silaha sarılaraq müqəddəs savaşa hazır kimi görünüb, irəli yürüməyə can atan soydaşlarımız “DUR!!!” nidası ilə də üzbəüz qalırlar. Biz hazırkı fürsətdən yararlanıb rəsmiləri inandırmaq istəyirik ki, azərbaycanlıları “ümumi dövlət”, “paket həll”, “mərhələli həll”, Madrid, Kazan prosesi və bu kimi nəticəsiz, qeyri-müəyyən, irreal məsələlər qətiyyən maraqlandırmır, yeganə düşündükləri budur: ELLİKLƏ SİLAHA SARILIB SON VƏ QƏTİ HÜCUMA KEÇMƏK!
Və 20 manatı haramıza…
…Saata baxırıq. Gecə 0315-i göstərir. Bu məqamda düşünürük ki, hazırkı yazının təxminən 5-6 hissəsini təmin edəcək mülahizələrimiz vardır. Bu baxımdan, əziz oxucu, sizi də çox yormayaq, hələ qarşıda bizim bir neçə hissədə görüşmək imaknımız olacaqdır, inşallah.Odur ki, üçüncü hissənin başlıca xəttini təşkil edəcək respublika ədliyyə sisteminin simasını ortaya qoyan saysız-hesabsız əlamətlərdən birini gündəliyimizə istinad etməklə anons olaraq diqqətinizə çatdırıb hazırkı hissəni yekunlaşdıraq: həbsə alternativ olaraq ev dustaqlığının seçilməsindən ötrü vəsatət verdiyimizdən, təcridxanadan Binəqədi Rayon Məhkəməsinə gətirildik. “Voronok”dan düşər-düşməz, sağ olsun qardaşımız Bəhruz bəy, buterbrodu hazır vəziyyətdə əlində tutmuşdu. Yəqin nahar vaxtını nəzərə alıbmış. Nə isə ki, proses bitdi, buraxdılar, qərarın surətini almaqdan ötrü məhkəmə salonunda gözlədiyimiz vaxt ədliyyənin köhnə bir komvoyu ilə Bəhruz bəy arasında təxminən bu məzmunda dialoq oldu:
– Qardaş, bizim ayağımız yüngüldür, bir həftə əvvəl Rüfəti buradan biz aparmışdıq, indi də biz gətirdik… Təbrik edirik.
– Sağ ol, ağsaqqal, minnətdarıq, Rüfətin həbsi də, buraxılması da gözlənilməz oldu…
– Hə, elədir, indi bizi yola salın gedək.
– Yaxşı yol.
– Yox eee, bəs puldan-zaddan vermirsiniz?
– Nə pul?
– Şirinlikdən-zaddan…
Bəhruz bəy vəziyyətin qırmızı şəkil aldığını görcək cibindən 20 manat çıxarıb dedi:
– Sağ olun, gedib çay içərsiniz.
– Bu nədir?! Biz dörd nəfərik! 20 manatı haramıza…
Əsassız istintaq, haqsız məhkəmə əzabverici deyilmiş, ədliyyənin “həşamətli” qulluqçularından yaxa qurtarmaqçün haldan-hala, rəngdən-rəngə düşmək işgəncə imiş… Bu məqamda NƏyin və ya KİMin qiymətinin nə qədər olduğunu adi riyazi hesablama aparmaqla göstərə bilərik, amma etmirik, sadəcə yenə əvvəki sualı veririk: bu, Azərbaycanda hüququn yanakı deyil, məhz düzünə qətli deyildirsə, bəs nədir, çox hörmətli ədliyyə sisteminin məsul şəxsləri?
P.S. Bu mülahizələrimizlə hörmətli Eldar Sabiroğlunun onsuz da qənaətbəxş olmayan ovqatını təlx etdiyimizi anlamayacaq qədər düşüncəsiz deyilik. Eləcə də dostumuz Bəhruz bəyin müdafiə işini daha effektli qurmasına hazırkı yazılarımızın əngəl olmasını başa düşməyəcək qədər bivec deyilik. Fəqət bu vətənin suyunu içib, çörəyini yeyiriksə, hər nə qədər acı olsa da, həqiqətləri dilə gətirib qələmə almaq boyun borcumuzdur. Vaxtında.
P.P.S. Eyni zamanda, Baş prokuror və tabeliyində olan istintaqçılara davam etdirdikləri repressiya ilə əlaqədər 10 may 1933-cü ildə Lev Davidoviç Trotskinin ÜK(b) P-nin Siyasi Bürosuna ünvanladığı məktubdan bir hissəni xatırlatmaqda fayda görürük: “… İndiki vəziyyəti yalnız repressiyaların köməyi ilə ələ almaq fikri tamimilə ümidsiz və faciəlidir. Bu, mümkün olmayacaq. Mübarizənin öz dialektikası, sizin çoxdan geridə qoyduğunuz dönüş nöqtəsi var. Repressiyalar nə qədər çox uzanarsa, o qədər də çox hesablandığı nəticələrin əksini verəcək…”