Ukraynada müharibə artıq 4-cü aydır ki, davam edir. Münaqişələrin qızğın olduğu şərq bölgələrində bir-birinin ardınca diqqətçəkən hadisələr baş verir. Qubernator, Zelenskinin "ölkənin taleyi oradan asılıdır" sözləri ilə vurğuladığı şəhərdəki son vəziyyəti açıqlayıb.
Yenixeber.org: Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir. Rusiya prezidenti Putinin göstərişi ilə fevralın 24-də səhər saat 06.00-da Rusiya qüvvələrinin Ukraynaya hücumu ilə başlayan müharibə son zamanlar ölkənin şərq bölgələrində cəmləşib. Müharibənin ilk günündən əsas hədəfini ölkənin paytaxtı Kiyev olaraq təyin edən Rusiya şəhəri mühasirəyə almasına baxmayaraq, ələ keçirə bilməyib, daha sonra hədəfini Donbas kimi müəyyənləşdirib.Hazırda Dobnasın taleyi Severodonetskdə müəyyənləşir.
Ukrayna prezidenti Zelenski də açıqlaması zamanı şərqdəki Severodonetsk şəhərinin Donbasda münaqişənin mərkəzi olmağa davam etdiyini və bir çox cəhətdən Donbasın taleyinin orada müəyyənləşdiyini bildirib.
Onu da əlavə edək ki, Zelesnkinin bu sözlərindən bir neçə gün sonra əsas əhəmiyyət kəsb edən Severodonetskdə yeni hadisələr baş verib. Belə ki, Rusiya ordusu ilə Ukrayna qüvvələri arasında döyüşün getdiyi Severodonetsk şəhərinə çatan bütün körpülərin Rusiya tərəfindən dağıdıldığı açıqlanıb. Luqansk vilayətinin qubernatoru Serhiy Haiday bildirib ki, şəhərin ətraf aləmlə əlaqəsi kəsilib və şəhəri təchiz etmək, dinc sakinləri təxliyə etmək mümkünsüz olub.
Əlavə edək ki, Ukrayna prezidenti Vladimir Zelenski də bölgədəki müharibənin dəhşətli insan itkisinə səbəb olduğunu bildirib. Luqansk qubernatoru Sergiy Qayday bazar ertəsi bildirib ki, Severodonetskin təxminən 80 faizi Rusiyanın nəzarəti altındadır, lakin ruslar şəhəri mühasirəyə ala bilmirlər.
Xatırladaq ki, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ötən həftə verdiyi açıqlamada müharibədə hər gün 100-ə yaxın əsgər itirdiklərini, hər gün orta hesabla 500 əsgərin yaralandığını bildirib.
Qeyd edək ki, Rusiyanın fevralın sonunda başlatdığı işğal cəhdi son həftələr Şərqi Luqansk vilayətində intensivləşib. Rus separatçılarının yerləşdiyi Luqansk vilayətində Ukrayna qüvvələrinin nəzarətində olan son iki yer Severodonetsk və yaxınlıqdakı Lisiçansk olub. İki şəhərdə təxminən 15 000 mülki şəxsin qaldığı təxmin edilir. Bu iki bölgə Donbas kimi tanınır.
Bildirilir ki, Rusiyayönlü separatçı Donbas bölgəsinin ordu sözçüsü Eduard Basurin Severodonetskdə Ukrayna əsgərlərini “təslim ol, ya da öl” deyərək hədələyib. Kremlin sözçüsü Dmitri Peskov Donetsk və Luqanskdakı hərbi əməliyyatların məqsədinin birtərəfli qaydada müstəqilliklərini elan etmiş bölgələri qorumaq olduğunu iddia edib.
Ukrayna rəsmiləri onu da əlavə ediblər ki, Qərbin ölkəyə göndərəcəyinə söz verdiyi silahlar vaxtında çatmayıb. Ukrayna Müdafiə Nazirliyinin müşaviri Yuri Sak BBC-yə deyib: "Əgər vəd edilən ağır silahlar gəlsəydi, biz şəhəri daha effektiv müdafiə edə bilərdik".
Rusiyanın silah-sursat üstünlüyünün "əzici" olduğunu dilə gətirən Sak, rusların gündə orta hesabla 50 min atəş açdığını bildirib. Məlumat üçün bildirək ki, ABŞ və Britaniya ötən həftə Ukraynaya uzaqmənzilli raketlər göndərəcəklərini açıqlamışdı.