Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Eldar Həsənovdan şok açıqlama:“Müalicə olunmağıma bir məmur tərəfindən qəti qadağa qoyulub”

Eldar Həsənov deyir ki, ona qarşı qeyri-insani davranış fiziki məhvinə hesablanıb: “Verin sifarişli cəzanızı, bitsin!”

Yenixeber.org: Həbsdə olan keçmiş baş prokuror və səfir Eldar Həsənovun özünün və ailə üzvlərinin, o cümlədən nəvəsinin əmlakına həbs qoyulub. Ailə üzvləri bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevə müraciət ediblər ki, əmlakları üzərindən həbs götürülsün. Onlara cavab verilməyib. E.Həsənovun vəkili Cavad Cavadov məhkəmə iclasında bu məsələni qaldırıb. Vəkil bildirib ki, müvəkkilinin hətta babasının adına olan evin üzərinə də həbs qoyulub, bu isə qanunsuzdur.

Noyabrın 17-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından məhkəməyə aparılarkən Eldar Həsənovun vəziyyəti pisləşib. Tibbi yardım göstərildikdən sonra durumu nisbətən yaxşılaşıb və o, məhkəməyə çıxarılıb.

Məhkəmədə Eldar Həsənov bildirib ki, sağlıq durumu çox ağırdır, amma konkret bir məmur onun ixtisaslaşmış müayinə və müalicəsinə qadağa qoyub: 

“Səhhətimdən danışmaq mənim üçün ağır məsələdir. Bu, acizlik, kimdənsə imdad diləmək deyil. Əsla yox! Mən öz konstitusion haqqımı tələb edirəm. Konstitusiya Komissiyasının üzvü, müstəqil Azərbaycanın Konstitusiyasının ilk müəlliflərindən biri kimi, konstitusion haqqımı – yaşamaq hüququmu, tibbi yardım almaq haqqımı tələb edirəm. Son üç gündə mənim sağ tərəfim 65-70 nisbəti ilə işləməyən vəziyyətə gəlib çıxıb. Məhkəməyə bununla bağlı tibbi sənədlər təqdim olunur, surətləri məndə də var. Son iki ayda nəbzim heç vaxt olmadığı həddədir – 110-125 arasındadır. Bu yaşda, xroniki ürək xəstəliyi olan bir adam üçün bunun nə demək olduğunu özünüz də bilirsiniz. Ağır şəkər dərmanları qəbul edirəm. Şəkərimi indi ölçdülər, dərman qəbulundan sonra 7.5-10.5 arasındadır. Son iki ayın vəziyyətini deyirəm. Mən 18 dərmanla DTX-nın istintaq təcridxanasına gəlmişəm, bu gün 31 dərman İçirəm. Səhhətimin olduqca ağırlaşmasına baxmayaraq, mənə ixtisaslaşmış tibbi yardım göstərilməsinə, müayinə olunmağıma, müalicə aparılmasına bir məmur tərəfindən qəti qadağa qoyulub. Bir dəfə demişəm, “yiyəsinə görə dəyməzlər” prinsipinə əsaslanıb, ad çəkmək istəmirəm”.

Eldar Həsənov deyir ki, ona qarşı qeyri-insani davranış, mənəvi-psixoloji işgəncə fiziki məhvinə hesablanıb. Sabiq səfirin fikrincə, onun durumu, gerçəklər barədə prezident İlham Əliyevə doğru məlumat verilmir: 

“Əgər məlumat verən olsaydı, 27 ildir yaxından tanıdığım cənab İlham Əliyev belə haqsızlıqlara, mənəvi-psixoloji işgəncələrə, ayrı-seçkiliklərə icazə verməzdi. Müstəqil Azərbaycan dövlətinin, Birinci Qarabağ Müharibəsinin, bugünkü hakimiyyətimizin ən ağır dönəmlərində canı-qanı hesabına, əməli fəaliyyəti ilə xidmət etmiş birinə qarşı belə davranışı nə bəndə, nə tarix, nə də Tanrı götürər”.

Eldar Həsənov onun haqqında sifarişlə hökm çıxarılacağına əminliyini vurğulayaraq, məhkəmənin tezliklə yekunlaşmasını istəyib: 

“Səhhətim nə qədər ağır olsa da, ədalətli qərar gözləmədiyim, müdafiə hüququmun davamlı pozulduğu məhkəmə iclaslarında iştirak etməkdə israrlıyam. Üç aya yaxın davam edən məhkəmədə təqsirsizliyimi faktlarla, sübutlarla ortaya qoydum. Əgər hakimlər, prokurorlar və vəkillərin iş qrafiki imkan verirsə, məhkəmə iclaslarını hər gün, yaxud heç olmasa, günaşırı keçirib, sifarişli cəza hökmünün elan olunmasını sizdən xahiş edirəm. Əminliklə qarşınızda onu da bildirirəm ki, ömür vəfa etsə, gec-tez mən bəraətimi alacağam”.

Keçmiş səfirin vəkili Cavad Cavadov bildirib ki, Eldar Həsənov Rumıniyada işlədiyi dövrdə paytaxt Buxarestdə Taşmaydan parkı salınıb. O parkda mərhum prezident Heydər Əliyevin heykəli də var. Vəkilin sözlərinə görə, Taşmaydan parkı Bakıda Mərkəzi Bankın binasıyla Heydər Əliyev sarayının arasındakı parkdan 3-4 dəfə böyükdür. Amma Taşmaydan parkına Bakıdakından bir neçə dəfə az vəsait sərf olunub.

Eldar Həsənovun vəkilləri deyir ki, müstəntiq parkın salınmasında yeyintiyə yol verildiyini yazıb, amma ortada bunu təsdiqləyən heç bir sübut yoxdur: “Mənimsənildiyi iddia olunan rəqəm parkın salınmasına ayrılan vəsaitdən çoxdur. Bu, necə ola bilər?!”

Eldar Həsənovun ailə üzvlərinə məxsus əmlaklar üzərindən həbs götürülməsi haqda vəsatət də müzakirəyə çıxarılıb. Prokuror buna etiraz edib. Onun sözlərinə görə, o əmlaklar da Eldar Həsənova məxsusdur: “Məhkəmə sonda ittiham hökmü çıxara, dəymiş ziyanın ödənilməsi üçün əmlakların müsadirə olunmasına qərar verə bilər. Ona görə də əmlakların üzərində həbs qalmalıdır”.

Vəkil Cavad Cavadov prokurorun çıxışına etiraz edib: “Bəs, babasının adına olan əmlaka niyə həbs qoyulmalıdır?”

Eldar Həsənov da etirazını özünəməxus formada ifadə edib: “Mən ona görə dedim ki, məhkəməni hər gün keçirin, bu şou qurtarıb getsin. Verin sifarişli cəzanızı, bitsin! Biz də bilək ki, bundan sonra nə edəcəyik”.

Əfqan Hacıyev, Zeynal Ağayev və Əhməd Quliyevdən ibarət hakimlər kollegiyası vəsatəti rədd edib.

Məhkəmə prosesi noyabrın 22-də davam edəcək.

Qeyd edək ki, Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə – 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. Bundan başqa, sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə)193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan E.Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb. O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyinin əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də E.Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb.(pressklub)

Gülər 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam