Ötən ilin avqustundan həbsdə olan sabiq baş prokuror və səfir Eldar Həsənov yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaq. Onun işi üzrə ibtidai istintaq başa çatıb. Keçmiş səfirin vəkillərinin cinayət işinin materialları ilə tanışlıq mərhələsi başa çatandan sonra ittiham aktı təsdiqlənəcək və iş baxılması üçün məhkəməyə göndəriləcək.
Yenixeber.org: Uzun müddətdir ki, E.Həsənovun vəkilləri onun səhhətində ciddi problemin olduğunu bildirir, təcili tədbir görülməsə, həyatını itirə biləcəyi haqda xəbərdarlıq edirdilər. Onlar Avropa İnsan Haqları Məhkəməsi Qaydalarının 39-cu maddəsinə uyğun olaraq məsələ ilə əlaqədar bu quruma da müraciət etmişdilər. Mayın 7-də AİHM E.Həsənovun stasionar qaydada hospitala yerləşdirilməsi, zəruri müayinə, cərrahiyyə əməliyyatı aparılması barədə qərar qəbul etmiş, Azərbaycanı bu qurumda təmsil edən Çingiz Əsgərov isə qərarın ləğvini istəmişdi. Lakin məhkəmə onun xahişini rədd etmiş, qərar qüvvədə qalmışdı. Buna baxmayaraq, qərar uzun müddət yerinə yetirilmədi. Bu üzdən AİHM iyunun 23-də E.Həsənovun təcili müayinə və müacə olunması, onun hospitala yerləşdirilməsi barədə, daha birmənalı ikinci qərarını çıxardı.
Bir ilə yaxındır Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan keçmiş səfir bundan sonra – iyulun 2-də bu qurumun hərbi hospitalına köçürüldü. Orada bir sıra müayinələrdən keçirilən E.Həsənov bağırsaq keçməzliyindən əməliyyat olunub. Təxminən üç həftə hospitalda saxlandıqdan sonra yenidən DTX-nın istintaq təcridxanasına qaytarılıb.
E.Həsənovun vəkili Cavad Cavadov bildirdi ki, müvəkkilinin durumu hazırda çox ağırdır və o, ölüm təhlükəsi ilə üz-üzə qalıb. Bu üzdən digər həmkarları – Adəm Məmmədov, Valeh Mehrəliyev və Cəlil Mirzəyevlə birlikdə E.Həsənov haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün iyulun 30-da prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.
“Eldar Həsənovun vəkilləri olaraq, onun səhhətində yaranmış çox ağır durumla bağlı bəlkə də sonuncu dəfə sizlərə müraciət edirik. Xəstəliyin sürətlə irəliləməsi nəticəsində durum o qədər ağırdır ki, növbəti dəfəyə ehtiyac qalmaya bilər. Vəkillər olaraq düşünürük ki, onun vəziyyətinin ağır olması barədə məlumatlar bəlkə də sizlərə çatmır”, – vəkillər müraciətlərini belə əsaslandırıblar.
Müdafiəçilər xatırladıb ki, E.Həsənov keçən ilin oktyabrından başgicəllənməsi, ayaqların tutulması və nəticədə yıxılmalardan şikayət edir. Belə hallar dəfələrlə təkrarlanıb: “İndiyə kimi 170 dəfədən artıq belə yıxılmalar baş verib. Həmin vaxtdan da Eldar Həsənov çəliklə hərəkət etmək məcburiyyətində qalıb”.
Vəkillər müraciətdə vurğulayıb ki, dəfələrlə prokurorluğa E.Həsənovun öz həkimləri tərəfindən müayinə olunması üçün vəsatətlər versələr də, heç bir əsas göstərilmədən təmin edilməyib. Bu da nəticədə sabiq səfirin vəziyyətinin ağırlaşmasına səbəb olub.
E.Həsənov hospitalda müalicə aldığı müddətdə onda paroksizmal pozision vertiqo, sol tərəfli diskogen boyun radikulopatiyası, diskogen lumbal radikulopatiya aşkar olunub. Müdafiəçilərin sözlərinə görə, başgicəllənmələrin və yıxılmaların səbəbi də bu xəstəlikdir:
“Bu xəstəliyin vaxtında aşkara çıxarılmaması və adekvat müalicə aparılmamasına görə indi durum çox ağırdır. Əslində bu xəstəliyin müalicəsi yoxdur, ağırlaşmanın qarşısını almaq üçün gündəlik profilaktikası var – dərmanlar, məşğələlər, fizioterapiya, müntəzəm açıq havada olma və s. Amma indi onun durumu ağır olduğuna görə müntəzəm başgicəllənmələr yıxılmalarla müşahidə olunur. İstənilən növbəti yıxılmaların birində ağır fəsad baş verə bilər. Bütün bunları nəzərə alaraq sizlərdən xahiş edirik Eldar Həsənovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı köməklik göstərəsiniz”.
E.Həsənov 1995-2000-ci illərdə ölkənin baş prokuroru olub. Bu vəzifədən azad ediləndən bir il sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışıb. 2013-cü ildə Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir postuna təyin edilib. Elə bu vəzifədə işləyərkən – 2020-ci il avqustun 13-də Bakıda Xarici İşlər Nazirliyinə gedərkən yolda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda prezident sərəncam imzalayıb.
E.Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham olunur.
Keçmiş səfir ittihamları qəbul etmir və özünü təqsirli bilmir. O, istintaq zamanı ifadə verməkdən imtina edib.(pressklub)
Gülər