Vladimir Putin borunun istiqamətini dəyişir
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə dekabrın 1-də etdiyi dövlət səfəri zamanı sensasion qərarını elan edərək, Avrasiyanın enerji gündəmində bütün kartları alt-üst edib.
"Xeberinfo.com": Xəbər verildiyi kimi, Putin Rusiyanın “Cənub axını” qaz kəməri layihəsindən imtina etdiyini bildirib və bunu Avropa İttifaqının (Aİ) layihəyə qarşı yaratdığı maneələrlə əsaslandırıb.
Putin bəyan edib ki, kəmərin Bolqarıstandan keçən hissəsinin tikintisinə icazə verilmir və bu səbəbdən “Cənub axını”nı Qara dənizin dibi ilə çəkib Bolqarıstan sahillərində dayanmaq ağılsızlıq olardı. Ona görə də layihənin ləğvi barədə qərar qəbul edilib.
“Cənub axını” Rusiyanın Avropanı qazla təchiz etmək üçün çəkməyə hazırlaşdığı alternativ kəmər layihəsi idi və ilkin hesablamalara görə, 10 milyard dollara başa gəlməli idi. Kəmərin tikintisi 2012-ci il, dekabrın 7-də Qara dənizin Rusiyaya aid sahilində başlayib. Üç il ərzində layihəyə 4,66 milyard dollar yatırılmışdı. İldə 63 milyard milyard kubmetrə qədər qazın nəqlinə hesablanmış boru kəmərinin birinci mərhələsinin 2015-ci ildə işə salınması nəzərdə tutulurdu.
Vaxtilə Rusiya bu layihəni Aİ-nin dəstəklədiyi “Nabucco” layihəsinə alternativ kimi planlaşdırmışdı. Lakin “Nabucco” siyasi və iqtisadi rəqabətə davam gətirməyərək sıradan çıxdı. Azərbaycan və gələcəkdə Türkmənistan qazının nəqli, beləliklə də Rusiyanın Avropanın qaz bazarında inhisarçı mövqeyinin zəiflədilməsi üçün nəzərdə tutulan, kifayət qədər bahalı və siyasi baxımdan riskli “Nabucco” layihəsi ötən il rəsmən arxivə qoyuldu. Azərbaycan qazının Avropaya nəqli üçün TANAP və TAP kəmərləri seçildi.
O zaman belə görünürdü ki, “Nabucco”nun sıradan çıxarılması Rusiyanın qələbəsidir və “Cənub axını”nın həyata keçirilməsinə qarşı maneə qalmır. Hərçənd ki, Avropa Komissiyası “Cənub axını” layihəsinin ittifaqın enerji xartiyasının tələblərinə cavab vermədiyini bildirirdi.
Lakin bu ilin yayında vəziyyət dəyişdi. Rusiyanın Krımı ilhaq etməsindən və Ukraynanın şərqində silahlı separatçıları dəstəkləməsindən sonra Avropa İttifaqı “Cənub axını”nın keçəcəyi ölkələrə təzyiq göstərməyə başladı.
Aİ-nin təzyiqləri qarşısında əvvəlcə Bolqarıstan, daha sonra Serbiya öz ərazisində “Cənub axını”nın tikintisinə dair işləri dayandırdıqlarını elan etdilər. Rəsmi olaraq Belqrad və Sofiya bu qərarlarını Avropa Komissiyasının “Cənub axını” layihəsinin Avropanın enerji xartiyasına cavab vermədiyinə dair mövqeyi ilə əsaslandırmışdılar.
Putin serb lideri ilə layihəni müzakirə edir
Lakin şübhə yox idi ki, məsələ siyasidir və Aİ bu yolla Rusiyanı cəzalandırır. Rusiyanın Serbiya və Bolqarıstanla münasibətləri nə qədər sıx olsa da onlar Aİ-nin tələbləri qarşısında geri çəkilməli oldular.
O vaxtdan etibarən “Cənub axını” üzrə işlər dayanmışdı və indi Putin Ankaraya səfəri zamanı layihənin ləğvini rəsmən elan edir. Rusiya prezidentinin bu bəyanatı Qərbdə sensasiya kimi qarşılanıb və ona reaksiyalar fərqlidir.
“The New York Times” qəzeti bu qərarı Putinin diplomatik fiaskosu adlandırır. Britaniyanın “The Times” qəzeti isə əksinə, hesab edir ki, Putin Avropaya qaz müharibəsi elan edir. Qəzetin mövqeyinə görə, Rusiya iqtisadi mexanizmlərdən istifadə edərək Aİ-ni cəzalandırmağa çalışır.
Putinin belə asanlıqla geri çəkilən biri olmadığı bəlli olduğu üçün onun qərarının arxasında dayanan planların nədən ibarət olduğunu da tezliklə müəyyən etmək çətin olacaq.
Digər tərəfdən, Putin “Cənub axını” layihəsini də kökündən ləğv etmir. “Qazprom” rəhbəri Aleksey Miller bildirib ki, indi Rusiya Türkiyəyə təxminən eyni gücdə yeni qaz kəməri çəkməyi planlaşdırır. Yeni kəmərin start nöqtəsi “Cənub axını”nın Qara dəniz sahilindəki başlanğıc nöqtəsi olacaq və kəmər Qara dənizin dibindən keçib Türkiyəyə uzanan “Mavi axın”a paralel çəkiləcək.
Perspektivdə bu kəmərlə nəql olunacaq qazın Türkiyə üzərindən Avropaya çıxışı nəzərdə tutulub. Hələlik isə Putin elan edib ki, Rusiya “Mavi axın” kəməri ilə Türkiyəyə qaz nəqlini artıracaq, həmçinin “Qazprom” Türkiyənin Yunanıstan sərhədində əlavə qazpaylama stansiyası yaradacaq.
Rusiyanın Türkiyəyə yeni qaz kəməri çəkmək və “Mavi axın”ın nəql gücünü artırmaq planları isə birbaşa Azərbaycanın enerji maraqlarına təsir edəcək. Türkiyə Azərbaycan qazının Avropaya nəqlində əsas tranzit ölkəsidir və indi Ankaranın əlində əlavə kozırlar var. Çünki Azərbaycanın Avropaya nəql etməyə hazırlaşdığı ildə 10 milyard kubmetr qazdan daha böyük həcmdə Rusiya qazının tranziti üçün imkanlar yaranıb.
Deməli, Türkiyə Azərbaycanla qaz danışıqlarında daha əlverişli mövqedən çıxış edəcək və ola bilsin, bu fürsətdən qazı Azərbaycandan daha ucuz almaq üçün yararlanacaq.
Analitiklərin qənaətinə görə, Rusiyanın “Cənub axını” kəmərinin istiqamətini Türkiyəyə döndərməsi heç “Qazprom”a da sərf etmir. Çünki Türkiyə daxili tələbatı üçün Rusiyadan daha çox qaz almaqda maraqlı deyil. Hazırda Türkiyənin qaza olan tələbatının 65 faizi Rusiyadan ixrac hesabına ödənir. Ankara enerji təchizatını şaxələndirməyə çalışır, Azərbaycan və İrandan daha çox qaz almağı planlaşdıraraq Rusiyanın bazardakı payını azaltmaq istəyir.
Putinin səfəri ərəfəsində Ankara çalışırdı ki, “Qazprom” qiyməti aşağı salsın. Ancaq “Qazprom” qiyməti aşağı salmağa o halda razı ola bilərdi ki, Türkiyəyə “Mavi axın” kəməri ilə qaz nəqlinin həcmi artsın.
Beləliklə, Türkiyə Rusiyadan daha böyük həcmdə və daha aşağı qiymətə qaz almaq imkanı əldə edir. Və belə çıxır ki, Avropa İttifaqı ilə Rusiya arasında “Cənub axını”nın ləğvi ilə nəticələnən qaz qarşıdurmasının tək qalibi Türkiyədir. İndi Türkiyə Rusiya ilə danışıqlarda ağır şərtlər irəli sürə və qiymət məsələsində maksimum güzəşt qopara bilər.
Həmçinin rusiyalı analitiklərin fikrincə, Türkiyə tranzit məsələsində nə dərəcədə mürəkkəb tərəf olduğunu artıq sübut edib, dəfələrlə mövqeyini dəyişib və əldə edilən razılaşmaları pozub. Bu baxımdan Rusiyanın Türkiyə üzərindən qaz nəqli planları tranzit riskləri ilə qarşılaşacaq.
Bəzi ekspertlərə görə isə Rusiya Türkiyə üzərindən Avropaya çıxmaq üçün TANAP və TAP kəmərlərindən istifadə edə bilər.
Bunlar hələlik təxminlərdir və belə görünür ki, böyük enerji çəkişməsində yeni mərhələ başlayır.