Paşinyanın Soçidən birbaşa Tehran UÇUŞU –İranın YENİ PLANI nədir?
Soçidə Putinlə görüşdən həmən sonra Paşinyan təcili Tehrana uçdu. Erməni Baş nazirin bu səfəri müəyyən reallıqları ortaya tökür.
Yenixeber.org: İlkin anlaşılan budur ki, rəsmi İrəvan sözdə Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirsə də əməldə bu fikirdən çox uzaqdır. Lakin, Ermənistan Azərbaycanın davamlı təzyiqləri qarşısında tab gətirə bilmir.
Ona görə də ermənilər hər zaman olduğu kimi yenə özlərinə arxa axtarırlar. Son 200 ildə onlara arxa duran Rusiya artıq əvvəlki gücdə olmadığından və qüdrətlənən Azərbaycana istədiyini diqtə edə bilmədiyindən onlar rus kartına o qədər də güvənmirlər.
Paşinyanın güvəndiyi Qərb, daha konkret Fransa da ermənilərin başının altına yastıq qoysa da reallıqda heç nə yoxdur. Paris Türk Birliyinin qarşısında acizdir, Makron olmasın, lap mikron olsa belə, bu siyasət incə doğramağa qadir deyil.
Bu vəziyyətdə, ermənilərin son ümidi yeni can və qan qardaşları farslar olaraq qalır. Ona görə də Soçi görüşündən üzüqara qayıdan Paşinyan təcili Tehrana uçdu. Və ehtimal ki, Paşinyanın Tehrana səfəri də Soçidə Putinlə ikili görüşdə razılaşdırılıb. Çünki, İranla Rusiya regionda rəqabət aparsalar da maraqların üst-üstə düşdüyü müəyyən məsələlərdə vahid mövqedən çıxış edirlər.
Tarixən Cənubi Qafqaz bu iki imperiyanın rəqabət meydanı olub. Hər iki tərəf regionda aparıcı rola malik olmaq istəyib, təsir imkanlarını genişləndirməyə çalışıb.
Bu rəqabət bu gün də davam edir. Lakin, bütün qarşılıqlı çəkişmələrinə rəğmən, hər iki ölkə Cənubi Qafqaza üçüncü gücün gəlməsini istəmir. Və bu məsələdə hər zaman ortaq mövqedən çıxış edirlər. Özlərinin “arxa bağçası” hesab etdikləri Cənubi Qafqazda son vaxtlar Türkiyənin güc kimi möhkəmlənməsini nə İran, nə də ki, Rusiya qəbullana bilmir. Ona görə də bu məsələdə İran və Rusiya hazırda “eyni qapıya oynayırlar”.
Nəzərə alaq ki, son vaxtlar İran açıq şəkildə Ermənistanın himayədarı kimi çıxış edir. Və hətta Ermənistanın maraqlarının zədələnməsini rəsmi Tehran özü üçün qırmızı xətt olduğunu söyləyir.
Olsun ki, Tehrandakı görüşdə Türkiyə-Azərbaycan birliyinə qarşı yeni erməni-fars layihəsi üzərində baş sındırılacaq. Hədəf odur ki, Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinin qarşısı hər vasitə ilə alınsın. Ən azından bu proses ləngidilsin. Bu hardasa Moskvanın da bəzi maraqlarına uyğundur.
Amma burada daha ciddi bir situatsiyanı unudan tərəflər hələ də anlamaq istəmir ki, indi Türkiyə və Azərbaycanın əli daha güclüdür, onların etdiyi siyasi gedişlərin makrovariantı Bakı və İstanblun istənilən vaxt ata biləcəyi addımdır.
Rusiyanın siyasi sarsıntıları, İranın milli çırpıntıları və Ermənistanın hərbi iniltiləri onların Türkiyə və Azərbaycana olan münasibətləri ilə birbaşa bağlıdır. Bu alyans üçün “Ölüm və ya olum” sualının cavabı türk svilizasiyasına olan münasibətə tam mütanasib olacaq.
Bütün bunlara rəğmən, İrəvan anlamalıdır ki, 44 günlük müharibədən sonra bir gerçəklik var. Üstündən 2 il keçməsinə baxmayaraq regionda son sözü Azərbaycan deyir. Paşinyanın tuta-tuta getdiyi divar bir azdan tamamilə qurtaracaq.
Bu divar istər Moskva, istər Paris, Brüssel, Vaşinqton, hətta Tehran olsa belə. Tehranda isə divarlar daha kövrəkdir... (Bizim.Media)