Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Füzuli Məmmədov iki qazi ailəsinə ev hədiyyə etdi- FOTOLAR

 

Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse - prezidenti Füzuli Məmmədov növbəti dəfə iki Qarabağ qazisinə ev hədiyyə edib

 

Yenixeber.org:  Bakıdakı məkanların birində təşkil olunan kiçik tədbirdə, Füzuli Məmmədov, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, tanınmış jurnalist Aygün Muradxanlı, şəhid Aqşin Abdullayevin ailəsi, ev hədiyyə olunan hərbiçilər və onların ailələri iştirak ediblər. 
Tədbirin açılış nitqini söyləyən Rauf Arifoğlu bildirib ki, bu gün çox savab və gözəl iş üçün bura yığışmışıq:
“Azərbaycan uğrunda döyüşən, şəhid və qazi olan hər bir vətən övladına borcumuz var. Bu gün iş adamı Füzuli Məmmədov bu borcun bir kiçik qismini bizlərin də xeyir duası və şahidliyi ilə, qaytarır. Bundan əvvəl də şəhid və qazi ailələrinə diqqət göstərən, mənzil bağışlayan Füzuli Məmmədovun bu hərəkəti cəmiyyətə və tarixə bir mesajdır. Bizlərsə bu xeyirxah əməlləri yazıb, çəkib göstərməklə, imkanı olan hər kəsi bu cür əməllərə təşviq edirik. Hamı bilməlidir ki, vətən, millət və torpaq uğrunda şəhid olanların adları, ailələri, qazi olanlarınsa özləri unudulmur, hər hansı bir formada qarşılığını alır. Buna görə də Füzuli Məmmədova təşəkkür edirəm ki, belə bir təşəbbüs göstərib, qazilərimizə, şəhid ailələrimizə növbəti dəfə ev təqdim edir. Onun özü bunun mediaya çıxmasını istəmirdi, mütəvazi bir tədbirlə yalnız ev alan qazilərimizin yaxınlarına mülk sənədini təqdim etmək istəyirdi. Səftər Rəhimli və digər dostlar istədi ki, qısa da olsa, bu barədə material yayılsın. Çünki xeyirxah və savab işlərin təqdimatı cəmiyyətdə bir təşviq mexanizmi yaradır. Bu da diqqətə möhtac olan vətəndaşlarımıza böyük fayda verir”. 

Daha sonra isə ev alan hərbiçilərlə söhbət edib, onların keçdikləri döyüş yolu ilə tanış olduq. 
İlk olaraq aprel döyüşlərinin iştirakçısı kapitan Hikmət Məmmədovla həmsöhbət olduq. H. Məmmədov söylədi ki, aprel döyüşləri zamanı başından yaralanıb:
“Son olaraq aprel döyüşlərində iştirak etmişəm. Bu döyüşlər zamanı başımdan qəlpə yarası almışam. Hal-hazırda da ehtiyatda olan zabitəm. 2008-ci ildən zabit xidmətə başlamışam və xidmətimi ancaq cəbhə bölgəsində davam etdirmişəm. Anamızı, bacımızı, vətənimizi qorumaq üçün döyüşmüşük və bununla da qürur duyuram. Başımdan yaralandığım üçün indi də qəlpə gəzdirirəm. Həkimlərin deməsinə görə qəlpə çıxarılarsa bir tərəfim işləməyəcək. Təbii ki, başımda yad cisim olduğu üçün ağrılarım olur. Vətən sağ olsun. Biz qorumasaq, vətəni kim qorumalıdır ki? Evə gəlincə Füzuli müəllim bizimlə danışdı və bildirdi ki, siz harada istəsəniz evi tapın, bəyənin mən alıb, hədiyyə edəcəm. Elə də oldu. Sumqayıt şəhərində ev tapdıq və Füzuli müəllimə xəbər etdik. Füzuli müəllim sağ olsun ki, dediyi kimi də evi bizə hədiyyə etdi. Xidmət etdiyim illər ərzində kirayə mənzildə yaşayırdım. Bizim Füzuli müəllimlə heç bir qohumluq əlaqəmiz yoxdur. Sadəcə olaraq bizi birləşdirən onun vətənə, millətə olan sevgisizidir. Şəhidinə, qazisinə qiymət verib bu cür evlə təmin edib. Artıq mən beşinci adamam ki, evlə təmin olunuram”.
Füzuli Məmmədovun ev hədiyyə etdiyi digər qazi isə müddətdən artıq hərbi qulluqçu Emin Əliyevdir. E. Əliyevlə də söhbət edib, fikirlərini aldıq. Bildirdi ki, o da aprel döyüşlərində iştirak edib və sağ ayağından yaralanıb:
“Mən 1993-cü ildə Bakıda anadan olmuşam. Maştağada 293 saylı məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışam. Aprel döyüşləri zamanı Tərtərdə Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edib, sağ ayağımdan yaralanmışam. İndi də ayağımda problem qalmaqdadır. Ailədə evin böyüyü mənəm. Atam rəhmətə gedib, anam və 16 yaşlı bacımla birlikdə dayımın Ləiş bağ massivində tikdiyi 1 otaqlı şəraitsiz evdə yaşayırdıq. Anam dərzidir ailənin yeganə gəlir yeri də onun aldığı sifarişlərdən asılıdır. 
Füzuli müəllimə təşəkkürümü bildirirəm ki, bizə Maştağada, istədiyimiz yerdə ev hədiyyə etdi. Çox sağ olsun”.
Onu da qeyd edək ki, F. Məmmədov ötən il may ayında da Qarabağda sağlamlığını itirmiş hərbiçilərimizə də ev hədiyyə edib. Onlar Xüsusi Təyinatlı Qoşunların üzvləri olan Natiq Mehtiyev və Ülfət Həsənovdur. Hər iki hərbiçimiz cəbhədə gedən atışmalar zamanı ağır yaralanıblar. 
“Yeni Müsavat”a danışan Ülfət Həsənov bildirdi ki, 1983-cü ildə Qazax rayonunda anadan olub, hərbi xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı Qoşunlara qatılıb:

“Verilən bütün döyüş tapşırıqlarında iştirak etmişik. 2015-ci ilin 19 mart tarixində Goranboy rayonunda döyüş tapşırığını yerinə yetirən zaman sol qolumdan və çanağımdan olmaqla iki güllə yarası aldım. Əvvəlcə hospitalda yatdım. Sonra isə dövlətin göndərişi ilə Türkiyənin Gülhanə hərbi tibb akademiyasında müalicəmi davam etdirdim. 2016-cı ilin mart ayında yenidən Gülhanədə əməliyyat edildim. Tərxis olunma müddətində Arzuman Abdulkərimov və Səftər Rəhimli (Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü) bizə məclis təşkil etmişdi. Sonda Füzuli müəllim gəldi və bizimlə görüşdü. İlk olaraq o, bizim hər bir problemimizlə maraqlandı. Dedi ki, bütün müalicənizi öz üzərimə götürürəm. Bu günə kimi də bizimlə zəngləşir, maraqlanır. 
Həmin günü evimizin olub-olmaması ilə də maraqlandı. Söylədim ki, evim var idi, ancaq müalicəyə görə satmışam. Natiq isə söylədi ki, evimin təmirə ehtiyacı var. Çay süfrəsi zamanı dedi ki, hərənizə bir ev hədiyyə edəcəm. Həmin günü elə bir həyəcan keçirdim ki, heç döyüş tapşırıqlarında belə hiss keçirməmişdim. Füzuli müəllim sağ olsun ki, Qarabağ qaziləri, şəhid ailələri ilə maraqlandı. Çay süfrəsindən sonra evlərlə maraqlandıq. Bizə demişdi ki, gedib haradan istəsəniz, oradan ev seçin. Natiq də Masazırdan ev götürmüşdü. Onun da ödədiyi pulu verib, mənzilini təmir etdilər. Mənə isə istəyimə uyğun olaraq Sumqayıtdan ev verdilər. Ona minnətdarlığımızı bildiririk. Allah onu bizim üstümüzdən əskik etməsin. Yenə də müalicə olunmalıyam. Soyuq olan zaman sümüklərim ağrıyır. Füzuli müəllim bildirib ki, harada lazım olsa sizi müalicə etdirəcəyəm”.
Yemək məclisindən sonra Füzuli Məmmədov hərbiçilərə evlərinin sənədlərini təqdim etdi. Çıxış edən Hikmət Məmmədovun anası 
Bəsti Məmmədova da Füzuli Məmmədova təşəkkürünü bildirdi:
“Vətən oğullarına bu cür hörmət etdiyiniz üçün sizə minnətdaram. Bu oğullar necə ki, vətən uğrunda döyüşür, siz də onlar üçün çalışırsınız. Sizə ailəmiz adından minnətdaram. Ömrümüz boyu sizə duaçı olacağıq”.
Mülk sənədlərinin təqdimindən sonra tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam