“Qarabağa qanunsuz səfər edənləri “türk” adlandırmayaq”
“Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov: “Onları Türkiyədə məhkəməyə verməyə hazırlaşırıq”
Yenixeber.org: 22 sentyabr tarixində bir qrup Türkiyə vətəndaşı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Ölkəmizə qarşı açıq-aşkar sayğısızlıq edən Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.
Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib. Bu səfər həm Azərbaycan, həm də Türkiyə xarici siyasət idarələri tərəfindən pislənilib.
“Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov Müsavat.com-a bildirib ki, bu şəxsləri türk adlandırmaq doğru deyil:
“İlk olaraq onu qeyd edib ki, “Qarabağa qanunsuz səfər edən türklər” ifadəsi məncə bir qədər düz səslənmir. Çünki türk məfhumu genişdir. Biz araşdıranda məlum olur ki, elə bu insanların etnik köklərində də şübhə var. Ona görə də bu adamları elə Türkiyə vətəndaşları kimi ifadə etsək, məncə daha doğru olar. Digər ölkələrin vətəndaşları da daha öncə Qarabağa bu kimi qanunsuz səfərlər ediblər. Ancaq bizi Türkiyə ictimaiyyətindən olan bu insanların qanunsuz səfərləri daha çox narahat edir. Çünki Azərbaycan vətəndaşının Türkiyə ictimaiyyətindən gözləntiləri daha çoxdur. Bu da realdır ki, hər yerdə belə “su bulandıran” insanlar var. Araşdırdıq ki, bu insanlar müxtəlif zamanlarda terror təşkilatı olan PKK-nı, separatçı Kürdüstan dövlətinin qurulmasını dəstəkləyiblər. Həmçinin onlar erməni genosidini də təbliğ edirlər və Türkiyə ictimaiyyətində bir çaşqınlıq yaradırlar. Ən ciddi problem də bu insanların ora gedib-gəldikdən sonra Türkiyə cəmiyyətinə tanış olmayan “Arsax” ifadəsini işlətmələridir. Bu da haqlı olaraq bizdə qıcıq yaradır. Ona görə də bu əməllərə etiraz olaraq 15-ə yaxın qeyri-hökumət təşkilatları olaraq birgə bəyanat qəbul etdik. Bəyanatımızı Türkiyə səfirliyinə, Azərbaycan Xarici İşlər Nazirliyinə, Baş Prokurorluğa və mətbuata göndərmişik. Yəqin bundan sonra da çoxlu sayda QHT-lər bu bəyanatı imzalayacaqlar. Məsələ ilə bağlı Baş Prokurorluğun açıqlaması məncə çox dolğundur. Artıq cinayət işinin açılması ilə bağlı qərar da qəbul olunub. Bildiyim qədəri ilə onların Azərbaycana təhvil verilməsi üçün Türkiyə hüquq-mühafizə orqanlarına da müraciət edilib. Çox düzgün addımdır. Bu insanların ora səfər etmələri Azərbaycan qanunlarına hayqırıdır. Onlar Azərbaycan dövlətinin sərhədlərini pozmuş insanlardır. Ona görə də bu insanlara qarşı çox ciddi tədbirlər görülməlidir”.
A.Abdulkərimov bildirib ki, onlar artıq Türkiyədəki hüquqşünaslarla ciddi məsləhətləşməyə başlayıblar:
“İki gün ərzində “Hilal” ictimai birliyi olaraq Türkiyədəki hüquqşünaslarla danışıqlar aparırıq. Türkiyə hüquq sistemi imkan verir ki, biz Türkiyəyə gedib, o insanları məhkəməyə verək”.
Müsahibimiz bildirdi ki, həm Türkiyədə, həm də Azərbaycanda bu səfərdən istifadə edib, iki qardaş ölkənin münasibətlərinə xələl gətirmək istəyənlər var: “Türkiyə böyük ölkədir və zaman-zaman orada bu kimi separatçılıq halları ilə qarşılaşırıq. Bizim cəmiyyət, ictimai nüfuzlu insanlar, eləcə də Türkiyədə olan nüfuzlu şəxslər bu tip provokasiyaların qarşısının alınması üçün səfərbər olunmalıdırlar. Ona görə də yaxın günlərdə Ankaraya gedib, bu məsələnin də bütün hüquqi tərəflərini araşdıracam. Orada Türkiyə ictimaiyyəti ilə müxtəlif görüşlər keçirəcəyik və bu hadisəni pisləməklə bağlı böyük proqramımız olacaq. “Yeni Müsavat” qəzetinə də təşəkkür edirəm ki, bu məsələni geniş formada ictimailəşdirdi”.
Əli Rais