Ukraynalı zabit:"Xersonda Rusiya diversiya qrupları aşkarlanıb"
Azad edilmiş Xersonda Rusiyanın 3 diversiya qrupunun aşkar edilərək ələ keçirilməsi təsdiqlənib.
Yenixeber.org: Bu barədə Ukrayna ordusunun adının açıqlanmasını istəməyən zabiti məlumat yayıb.
“Xersonda diversiya qruplarının ələ keçirilməsi istiqamətində işlər aparılır. Xerson azad edildikdən sonra bir neçə qrupun ələ keçirilməsi barədə məlumat var. Amma ola bilər ki, Ukrayna kəşfiyyatı daha çox qrupu ələ keçirib, sadəcə bu barədə məlumat açıqlanmır. Rəsmi olaraq 3 qrupun ələ keçirilməsi təsdiqlənib. Çayı vaxtında keçməyə imkan tapmayan müəyyən qrup rus əsgərlərinin mülki geyimdə ərazini tərk etməyə çalışdıqları barədə də məlumatlar var”, - o vurğulayıb.
Onun sözlərinə görə, Rusiya qoşunları döyüşsüz Xerson şəhərini tərk edərək Dnepr çayının sol sahilinə keçib, indi isə onlar Ukrayna artilleriyasının zərbələrinə hədəf olmamaq üçün Dneprdən 10-15 km məsafəyə çəkiliblər:
“Ukrayna ordusunun ixtiyarında yüksək dəqiqliyi ilə seçilən HIMARS reaktiv yaylım atəş sistemləri var. Bu, düşmənin dərinliklərə zərbə endirmək imkanı verir. Bu reallıqlar şəraitində Rusiya qoşunları Zaporojye vilayətinin Melitopol yaşayış məntəqəsində möhkəmlənməyə çalışır. Bundan başqa, Mariupola da xeyli sayda Rusiya hərbçisi gətirilib. Bununla ruslar minimum Mariupol və Melitopolu əldə saxlamağa çalışırlar”.
Xerson vilayətinin, təxminən, 60-70%-nin hələ də işğal altında olduğunu bildirən zabit deyib ki, Xerson şəhəri də daxil olmaqla Dnepr çayının sağ sahili vilayətin inzibati mərkəzidir, çayın sol sahili isə daha çox aqrar, çöllük, səhralıq ərazidir:
“Ərazi böyük olsa da, orada möhkəmlənməli heç nə yoxdur, on görə də düşmən Melitopolda möhkəmlənməyə çalışır. Təminat bazası olmadan çöllük ərazidə yaxın perspektivdə möhkəmlənmək mümkün deyil. Buna görə də onlar bir qədər geri çəkilməyə məcburdurlar. Düşmən Xersonu tərk etdikdən sonra şəhərtrafı ərazilərin atəşə tutulması haqqında xəbərlər almışıq. Genişmiqyaslı hücumların olmaması Ukrayna ordusunun onlara bu imkanı verməməsi ilə əlaqədardır. Çünki daha əvvəl ruslar artilleriya və “S-300”lərlə zərbələr endirirdilər. Zaporojye vilayətindən, Dnepr çayının sağ sahilindən təzyiqin olması, HIMARS-lardan istifadə edilməsi düşmənə güclü zərbələr endirməyə imkan vermir. Onlar yalnız dəqiqliyi yüksək olan silahlarla zərbələr endirə bilərlər, lakin bu silahların sayı azdır və qiymətləri çox bahadır. Ona görə də, Ukrayna ordusunun uğurlu əks-hücum əməliyyatları düşmənə əl-qol açmağa imkan vermir”.
Minalanmış ərazilərlə bağlı məlumat verən hərbçi bildirib ki, şəhərdə məktəblərin və inzibati obyektlərin minalanması hallarına çox rast gəlinir:
“Xerson vilayətində kiçik müəssisələr minalanıb. Lakin onların geri çəkilmək üçün vaxtları çox olmadığından minalanma çox primitiv şəkildə aparılıb və onların bir qismini adi gözlə də görmək mümkündür. Çernobayevka yaşayış məntəqəsində isə aşkarlanması çətin olan minaların sayı daha çoxdur. Burada onların bazası yerləşib və görünür onların bunun üçün vaxtı çox olub. Onlar özləri ilə apara bilmədikləri obyektləri, texnikanı minalayıblar. Bu səbəbdən minatəmizləmə fəaliyyəti davam etdirilir”.