AHİK bəyanat yayıb -MƏTN
AHİK İcraiyyə Komitəsi Fransa Senatında Azərbaycan əleyhinə qəbul
edilmiş qətnaməyə dair bəyanat yayıb
Yenixeber.org: Bəyanatda deyilir:
“Fransa Senatının qəbul etdiyi “Azərbaycana qarşı sanksiyaların tətbiqi və
onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli
atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün
bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə
bu ölkənin pozucu siyasətinin davamıdır.
Fransa mütəmadi olaraq qərəzli mövqeyi, riakar addımları ilə Ermənistanla
Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində aparılan
danışıqlara müdaxilələr edir, yeri gəldi-gəlmədi normallaşma prosesinə əngəllər
törədir. Qarabağ münaqişəsi tarixə qovuşduqdan sonra dəfələrlə səsləndirdikləri
yalan xarakterli bəyanatlarla iki ölkə arasında məqsədli şəkildə gərginliyi
artırmağa çalışıb. Aydın görünür ki, bölgədə sülhə doğuru atılan addımlar onları
narahat edir.
Davam edən 30 illik işğal dövründə doğma yurdundan hərbi müdaxilə yolu
ilə qovularaq məcburi köçkün həyatı yaşayan sivil insanların pozulmuş
hüquqları özünü dünyanın aparıcı dövlətlərindən hesab edən Fransanın heç
yadına da düşmədi. Hətta münaqişənin danışıqlar yolu ilə həlli zamanı Minski
qrupunun çətri altında “neytral dövlət” libasına bürünmüşdü. Proseslərin
sonrakı gedişi, o cümlədən münaqişənin tarixə qovuşması bu kimi dövlətlərin
əsl yanaşmalarını ortaya çıxarıb.
İşğalın sona çatmasından sonra məcburi köçkünlərin öz yurdlarına
qayıtması, sülh səyləri çərçivəsində Fransanın yenidən qərəzli mövqe
sərgiləməsi gərginliyin artırılmasından başqa bir şey deyil. Hətta qətnaməni
hazırlayanlar, görünür, proseslərdən tamamilə xəbərsizdirlər, hazırda bölgədə nə
baş verir ya onu görmürlər, ya da görmək istəmirlər.
Mənasız və heç bir hüquqi qüvvəyə malik olmayan bu qətnamənin
müəllifləri bilsinlər ki, regionun lideri Azərbaycan qalib dövlət olaraq sülh və
təhlükəsizliyə əsaslanan yeni reallıqlar yaradıb. Artıq “Dağlıq Qarabağ”
münaqişəsi də Minski qrupu kimi tarixə qovuşub.
Hazırda Azərbaycanın Avropa ölkələri ilə əlaqələri bütün sahələrdə
durmadan genişlənir. Bunu dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı
səfərlər və imzalanan sənədlər də göstərir. Həmçinin ölkəmiz Avropanın enerji
təhlükəsizliyinin əsas təminatçılarındandır və dünya səviyyəsində əhəmiyyətli
ölkələrindən hesab olunur.
Bir daha Fransa Senatının bu qətnaməsini qətiyyətlə pisləyir, sülh və
sabitliyə mane olan təxribat xarakterli sənəd kimi qiymətləndiririk”.
AHİK-in üzv təşkilatları
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası
“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası
“Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyası
“Metal-iş” Həmkarlar İttifaqı Federasiyası
Aviasiya İşçiləri Həmkarlar İttifaqı
Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar
İttifaqı
Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı
“Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı
Birliyi
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı
Dəmiryolçuların Müsəqil Həmkarlar İttifaqı
Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı
Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri
Həmkarlar İttifaqı
Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı
Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı
Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi
“İnşaat-İş” Həmkarlar İttifaqı
Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı
Metropoliten İşçiləri Həmkarlar İttifaqı
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar
İttifaqı
Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar
İttifaqı
Səhiyyə İşçiləri Həmkarlar İttifaqı
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı
Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri
Həmkarlar İttifaqı