Vaksin-çip iddiası yenidən aktuallaşdı -mütəxəssislər tövsiyə edirlər ki...
Dünyada vaksin-çip iddiası təzədən aktuallaşıb. Bu dəfə Moskvada yaşayan azərbaycanlı astroloq Zirəddin Rzayev şok iddia ilə çıxış edib.
Yenixeber.org: Sitat: “Günlərin bir günü insanlara deyəcəklər ki, koronavirusun həll yolunu tapmışıq. Maska taxmayacaqsız, test verməyəcəksiz, azad olacaqsız, pul xərcləməyəcəksiz, pandemiyadan çıxacağıq. Amma bir şərtlə: sizə çip yerləşdirilməlidir. Niyə? Deyəcəklər, bu da sizin sırf sağlamlığınız və qorunmağınız üçündür. Sizin fiziki sağlamlığınızı, qanınızı yoxlayacaq. Sizi testdən, koronavirusdan qurtaracaq. Tam azad, müstəqil olacaqsız. Əgər insanları çipləşdirsələr, onunla beyinə təsir edəcəklər. Məsələn, bütün insanlar bir adama səs verəcək. Və hakimiyyət bir əldə cəmləşəcək, tək dövlət olacaq. Hazırda insanları çipləşdirmək üzərində iş gedir, təzyiqlər var ki, dünyanı bir ələ təslim etsinlər. Hər kəs onu qəbul etsin. O insan özünü Allah kimi elan edəcək. Hələ bilinmir bu plan baş tutacaq, ya yox. Mən dua edirəm ki, bu baş tutmasın. Bu elə şəkildə baş verəcək ki, biz heç nə hiss etməyəcəyik. Hazırda bəhs etdiyim gizli təşkilatlar yeni, gizli bir texnika, avadanlıq da kəşf ediblər. Bu ”yalan detektoru" kimidir. İnsanların beynindən keçən fikirləri oxuyacaq, bu cihaz beyni proqramlaşdıracaq, özünə lazım olan fikirləri yazacaq. Biz onların istədiyi kimi düşünəcəyik, onların istədiyi qərarları dəstəkləyəcəyik. Biz elə biləcəyik ki, özümüz belə düşünürük. İnsanların söz və fikir azadlığı olmayacaq. Biz canlı robotlar kimi olacağıq. İndidən deyirlər, hər il COVİD-19 vaksini vurdurmalıyıq, hər il bu təkrarlanmalıdır. Başa düşürsüz bu nədir?"
Zirəddinin dediklərində həqiqət varmı? Bu barədə mütəxəssislər nə deyirlər?
Öncə yada salaq ki, ABŞ-da da 2020-ci ildə belə bir fikir yayılmışdı ki, Microsoft şirkətinin qurucusu, milyarder və filantrop Bill Qeyts insanları çipləşdirmək istəyir. Həmin zaman Bill aşağıdakı açıqlamanı vermişdi: “Mən heç bir vaxt mikroçip kimi bir şey hazırlamadım. Bu ittihamları rədd etmək belə çətindir, çünki çox axmaqca və qəribədir”.
Bu günlərdə belə bir xəbər də yayılıb ki, elm adamları COVİD-19-u əvvəlcədən müəyyən edən mikroçip kəşf edib. Bu barədə sfera.az saytında verilən xəbərdə bildirilir ki, mikroçip Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin (Pentaqon) təşəbbüsü ilə hazırlanıb. Belə ki, dərinin altına yerləşdirilən çip hələ əlamətlər özünü biruzə vermədən koronavirusu aşkar edə bilir. Bir sözlə, çip “erkən xəbərdarlıq sistemi” kimi işləyir. Məlumata görə, araşdırmanın aparılmasına “Teodor Ruzvelt” aviadaşıyıcısının demək olar ki, bütün işçilərinin koronavirusa yoluxmasından sonra qərar verilib.
Adil Qeybulla: “Məsələ reallıqdan çox uzaqdır”
“Yeni Müsavat”a danışan professor Adil Qeybulla deyilənləri əsassız və mənasız adlandırdı: “Belə informasiyanı yayanlar ya insanları çaşdırmaq üçün bunu qəsdən edir, ya da bilməyərəkdən danışırlar. Birincisi çip nədir? Əgər hansısa mikrosxemdən söhbət gedirsə, bunu hansısa mənbədən enerji qidalanması var. Ümumiyyətlə, məsələ reallıqdan çox uzaqdır. Ona görə də belə şeyləri kənara qoyub, pandemiya ilə real mübarizə aparıb, bunun sonuna çatmalıyıq”.
Osman Gündüz: “Maarifçilik işləri aparıb, insanları doğruya inandırmaq lazımdır”
Musavat Tv-nin canlı efirində bu barədə danışan ekspert Osman Gündüz isə aşağıdakıları bildirib: “Çip vasitəsilə insanların idarə edilməsi mənasız söhbətdir. Bunun üzərində dayanıb, zaman sərf etməyə də dəyməz. Elə çiplər var ki, onlarla müxtəlif əməliyyatları həyata keçirmək mümkündür. Məsələn, telefonla hansısa ödənişi həyata keçiririk. Yəni bu cür çiplərin söhbəti gedə bilər. Ancaq bioloji çip, peyvəndlə insanı idarə etmək qeyri-ciddi söhbətdir. Əlimizdə telefon, kompüter var. Bunlarla elə bizi idarə edə bilirlər də. Bir də milyardlar xərcləyib hansısa əməliyyat qurmaq nəyə gərəkdir? Maarifçilik işləri aparıb, insanları doğruya inandırmaq lazımdır”.
“Müsavat”