Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Savadlı gənclərin xaricə axını -onları itiririk, yoxsa...

 

Son illərdə 700 bal toplayan abituriyent olmurdu. Nəhayət, bu il bir vətəndaşımız - 125 saylı məktəbin məzunu Nigar Ağazadə 700 bal topladı. O, IV qrup üzrə abituriyent idi, yəni məqsədi həkim olmaq olub.

Yenixeber.org: Tibb Universitetinə ən yüksək balla düşsə də, Ağazadə ölkəmizdə təhsil almaq istəməyib. O, ilkin məlumata görə, Ankara Universitetində təhsil almaq üçün müraciət edib.

Buna ictimaiyyətdə müxtəlif yanaşmalar var. Bir qisim buna fərdin azadlığı prizmasından yanaşır.

Bir qisim ölkədə savadlı kadrlara xüsusi önəm verilmədiyini bildirərək, zəki gəncimizin xaricə yüksək təhsil, maneəsiz karyera təhsil dalınca getməsini doğru sayır.

Bir qisim isə deyir ki, ümumiyyətlə, son illər zəki gənclərin təhsil xətti ilə ölkəni tərk etməsi kütləvi hal alır, bu yaxşı hal deyil, çünki gələcəkdə onların əksəri dönməyəcək, ən savadlı adamlarımızı itiririk.

Bu mövzuda soyuq yanaşma, soyuq təhlil aparılması lazımdır. Cəmiyyətşünaslar, təhsil ekspertləri məsələyə necə yanaşır? Gerçəkdən zəki gənclərimizi itiririk, yoxsa onlar xaricdə yüksək təhsil almaqla fayda verəcəklər?

Deputat kişilərə narahat olmamağı məsləhət görüb - 20.10.2021, Sputnik  Azərbaycan

Musa Quliyev: “Xarici ölkədə çalışsalar belə, əsas odur ki, Azərbaycanı unutmasınlar”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mövzu ilə bağlı bunları dedi: “Gənc qızımızı ürəkdən təbrik edirəm. Mən özüm də həkiməm və sevinirəm ki, bizim belə savadlı gənclərimiz var. Hər halda, onun şəxsi arzusudur, fikridir. Biz buna hörmətlə yanaşmalıyıq. Ona uğurlar arzulayaq. Əsas odur ki, Azərbaycan üçün, dövlətimiz üçün xidmət etsin. Əlbəttə, hər kəs istəyər ki, öz ürəyi istədiyi, prestijli universitetlərdə oxusun. Bunun nə vətən sevgisi ilə, nə də millət sevgisi ilə əlaqəsi var. Türkiyəni seçib, ora bizim qardaş ölkədir. Əlbəttə, Türkiyə universitetlərinin səviyyəsinə çatmaq üçün bizim universitetlər gərək çalışsınlar”.

Deputat son dövrlər ölkədən savadlı kadrların getməsi və xaricdə işləməsi ilə bağlı verilən suala isə belə cavab verdi: “Bunu gəncin seçimi  ilə bağlı məsələyə aid etmək lazım deyil. Bütövlükdə beyin axını problemi yalnız Azərbaycanın problemi deyil. Artıq 30-40 ildən çoxdur ki, dünyada bu proseslər gedir. Onun da qarşısını almaq üçün hələlik effektiv bir tədbir görən də yoxdur. Amma əlbəttə, biz çalışmalıyıq ki, yüksək peşəkar kadrlara şərait yaradaq, yüksək maaş verək ki, onlar burada qalsınlar və ölkəmizə xidmət etsinlər. Bu, kompleks bir məsələdir. Bu, Hökumət Proqramında öz əksini tapmalıdır. Bununla bağlı həyəcan təbili çalına bilər. Amma statistika da aparmaq lazımdır ki, gedən alimlərimizdən, gənclərimizdən neçə hissəsi ölkəmizə qayıdır, burada işləyir? Bununla belə, hətta xarici ölkədə çalışsalar belə, əsas odur ki, Azərbaycanı unutmasınlar. Güclü Azərbaycan diasporunun  formalaşmasında iştirak etsinlər, xalqımızı dünyaya tanıtsınlar. Bu baxımdan hesab edirəm ki, bunun faydası da ola bilər”.

Təhsil eksperti Elçin Əfəndi: “Mən yay məktəbinin əlehinəyəm”

Elçin Əfəndi: “650-dən yüksək bal toplayan tələbələrə 1000 manatdan yuxarı təqaüd verilməlidir”

Təhsil eksperti Elçin Əfəndi də mövzu ilə bağlı danışdı: “Təəssüf ki, son dövrlər Azərbaycanın təhsil mühitində yüksək inkişafı biz müşahidə etmirik. Eyni zamanda bunun başlıca səbəbləri kimi yeni təhsil proqramının tətbiqindən sonra abituriyentlərin nəticələrinin elə də yüksək olmaması, bununla paralel ali təhsil, eyni zamanda orta təhsil müəssisələrində dərslərin bir neçə universitet, kollec istisna olmaqla, keyfiyyətli olmaması səbəbindədir. Yüksək bal toplayan abituriyentlər olanda ya bir müddət ölkədə təhsil alır, ya da bir-iki il oxuyur, sonra xarici ölkələrə üz tuturlar. Yüksək bal toplayanlar isə birbaşa xarici ölkələrin universitetlərinə üz tuturlar. Təbii ki, bunun müxtəlif səbəbləri var. Yüksək bal toplayan tələbələri itirməmək üçün, eyni zamanda beyin axınının qarşısını almaq üçün onlara müvafiq motivasiya, təkliflər verməliyik. Məsələn, nə uçun o gənclər xaricdə təhsil almaq istəyir, çünki onlara ”burs", yəni yüksək təqaüd verilir. Bizdə isə bu verilmir. Mən təklif edirəm ki, ümumiyyətlə,  650-dən çox bal toplayan tələbələr işlə təmin olunsun. Onlar bilməlidirlər ki, ali məktəbi bitirən kimi onlar işlə təmin olunacaqlar. Eyni zamanda onlara daha yüksək təqaüd verməliyik. Bu gün 650-dən yüksək bal toplayan tələbə hansısa xarici ölkə universitetində yüksək təqaüd alır. Amma ölkəmizdə tələbəyə prezident təqaüdü düşərsə belə, maksimal 350-400 manata qədər ala bilər. Amma mən təklif edirəm ki, 650-dən yüksək bal toplayan tələbəyə 1000 manatdan yuxarı təqaüd verilsin. Bununla da onlar  həm ölkədə qalmağa maraqlı olacaq, həm də ölkə təhsilinin inkişafına müəyyən töhfə verə biləcəklər. Əks halda, biz yenə onları, ən azı birinci, ya da ikinci kursdan sonra itirəcəyik. Həmin dövr getməsələr də, bakalavr müddətini bitirdikdən sonra xaricə üz tutacaqlar. Düşünürəm ki, bu sahədə ciddi islahatlara ehtiyac var".

Kamran Əsədov: "Kollec məzunlarının yenidən imtahan vermələrinə ehtiyac  yoxdur"

Kamran Əsədov: “Elmin inkişafı üçün ölkədə olmaları mütləq sayılan şəxslərin xaricə getməsi təhlükəlidir”

Təhsil eksperti Kamran Əsədov isə qeyd edir ki, ölkəmizdə fəaliyyət göstərən bu qədər universitetin heç biri dünya reytinq cədvəlində yer almayıb: “Ölkəmizin universitetlərinin çoxunda infrastruktur müasir standartlara cavab vermir. Yeməklər yoxdur.  Tələbə yataqxanaları fəaliyyət göstərmir. Tələbələrin sosial fəaliyyəti yox dərəcəsindədir. Ali təhsil ocaqlarının tədris resursları 80-90-cı illərdən qalmadır. Azərbaycan universitetləri ancaq biznes obyekti kimi fəaliyyət göstərir və heç bir tutarlı beynəlxalq layihə həyata keçirilmir. Bu gün də gənclərin xarici ölkələrdə təhsil alması məsələsi geniş miqyas alıb.

Düzdür, Azərbaycan dövləti tərəfindən həyata keçirilən xaricdə təhsil dövlət proqramı başa çatandan sonra xarici dövlətlər və onların ali təhsil müəssisələri tərəfindən tələbələrin cəlbi prosesi başlayıb. Əlbəttə, bu kimi proqramlar iki ölkə arasında bağlanmış müqavilələr əsasında tənzimlənir. Həmin universitetlər bu yolla öz reytinqlərini artıraraq, gələcəkdə həmin ölkələrdə vətəndaşların öz vəsaitləri hesabına tələbə cəlbinə təsir göstərməkdə maraqlı olurlar. Çünki hər bir universitetin beynəlxalq reytinqinə orada təhsil alan xarici ölkə vətəndaşlarının sayı ciddi təsir göstərir. Azərbaycandan “beyin axını” daha çox Rusiya, Türkiyə və Qərbi Avropa istiqamətindədir. Dünya Bankının, Dünya İnkişaf Hesabatında (World Development Report, 2013) qeyd edilir ki, Azərbaycan iqtisadiyyatına miqrantların göndərdiyi pul köçürmələri, 2000-ci ildə ÜDM-in 5,2 faizini təşkil edirdisə, 2010-cu ildə bu rəqəm 2,7 faiz olub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı beyin axını statistikasını, ali təhsilli miqrantların, ölkədəki cəmi aktiv ali təhsilli əmək qüvvəsinə faiz nisbəti kimi xarakterizə edir. Buna görə, 2000-ci ildə bu göstərici Azərbaycan üçün 1,8 faiz olub. Bununla yanaşı, Dünya Bankının iqtisadçıları tərəfindən Azərbaycan beyin axınının ən aşağı səviyyədə reallaşdığı ölkələr siyahısına daxil edilib. Bu göstərici ən çox Qana, Mozambik və Keniyada qeydə alınıb. Belə ki, beyin axını bu ölkələrdə 47, 45 və 38 faizdir. Xaricə getmək çox da narahatlıq yaratmamalıdır, ancaq ölkə üçün əhəmiyyətli alimlər, elmin inkişafı üçün ölkədə olmaları mütləq sayılan şəxslərin xaricə getməsi təhlükəlidir. Bu mənada təhsil sahəsində çalışanların maaşları artırılmalıdır. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, rəqabətədavamlı iqtisadiyyatın formalaşması üçün bu proqramın bərpa olunması vacibdir. Lakin ümid edirəm ki, daha çox Azərbaycanda ehtiyac olan ixtisaslar üzrə gənclər təhsil almağa göndəriləcək. Çünki bir çox ixtisaslar üzrə onsuz da ölkədə kifayət qədər sayda kadr hazırlığı həyata keçirilir. Eyni zamanda xaricdə, nüfuzlu universitetlərdə təhsil almış şəxslərə xüsusi güzəştlər etmək lazımdır”.

Qeyd edək ki, qeyri-rəsmi statistikaya görə, təkcə son 10 ildə 120 mindən çox ali təhsilli Azərbaycan vətəndaşı ölkəni tərk edərək, xaricə gedib. “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam