Yenixeber.org: Paytaxtın bir çox ərazilərində günün istənilən vaxtı tıxac yaşanır. Buna səbəb isə ərazidə yolların taksi və avtobus sürücüləri tərəfindən tutulmasıdır. "Gənclik Mall", "Azərsu" ASC-nin qarşısı və Şərifzadə küçəsində yerləşən ASAN xidmətin qarşısı günün bütün saatlarında tıxac olur.
Səbəb isə elə vətəndaşların özüdür. Sürücülər adları çəkilən ərazilərdə avtomobillərini 2-3-cü cərgədə belə saxlamaqdan çəkinmirlər və nəticədə böyük tıxacların yaranmasına səbəb olurlar. Onlar sadəcə "xəbərdarlıq işıqları"nı yandırmaqla işlərini bitmiş hesab edirlər.
Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma və ya durma qaydaları pozulmaqla küçə və yollarda tıxac yaratmış və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitələrini cərimə edir. Ancaq dəyişən heç nə yoxdur.
Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə "20 Yanvar" dairəsi ətrafı, "Azərsu" ASC yaxınlığında olan tıxac uzun illərin həll edilə bilməyən problemidir. Bu ərazidə problemin aradan qaldırılması üçün milyonlar xərclənsə də, arada heç nə yoxdur: “Şərifzadə küçəsindəki ASAN xidmətin qarşısında həqiqətən vəziyyət acınacaqlıdır. Qurumun binasından irəlidə və ya bir qədər aralı avtomobil saxlamaq mümkündür. Amma bizim insanlarda bir xarakter var ki, hara gedirlərsə, avtomobili mütləq obyektin qarşısında saxlamalıdırlar. Fikrimcə, hər hansı bir obyekt tikiləndə və ya icarəyə götürüləndə parklanma yerləri mütləq şəkildə nəzərə alınmalıdır".
E. Muradlı əlavə edib ki, "Gənclik Moll" ətrafında da vəziyyət qeyd etdiyimiz kimidir. Problemi isə əsasən taksi sürücüləri yaradır.
"Ancaq onları da qınamaq olmaz. Çünki BNA taksilər üçün duracaqlar ayrılacağını qeyd etsə də, hələlik küçələrdə taksilərin saxlanılması üçün ərazilər ayrılmayıb. Bu məsələ həll edilmədiyi üçün sürücüləri də günahlandırmaq olmaz" – deyə ekspert əlavə edir.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qeyd edilən yerdə mütəmadi olaraq BNA əməkdaşları tərəfindən nəzarət tədbirləri həyata keçirilir:
"Xüsusi olaraq qeyd edim ki, “20 Yanvar” ərazisində nəzarət tədbirləri olan zaman dayanma və durma qaydalarının pozulması hallarına da az rast gəlinir və yolda hərəkət də normallaşır. Lakin əməkdaşlar ərazidən uzaqlaşan kimi yenidən qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlar və digər nəqliyyat vasitələrinin sürücüləri avtobus dayanacaq məntəqəsinə daxil olurlar. Nəticədə xoşagəlməz mənzərə yaşanır".
M. Ağayev əlavə edib ki, artıq Nərimanov ərazisində Fətəli Xan Xoyski küçəsində, yəni "Gənclik Mall"ın qarşısında intellektual nəzarət kameraları quraşdırılıb.
"İntellektual nəzarət kameralarının artırılması planlaşdırılır. “20 Yanvar” dairəsi ətrafında, Şərifzadə küçəsində və Gənclik metrosu yaxınlığında nəzarət kameraları quraşdırılacaq" – deyə Mais Ağayev əlavə edib.