“Bu alov 4 min il əvvəl yanmağa başlayıb və indiyədək sönməyib” - CNN-dən Azərbaycanla bağlı REPORTAJ
CNN Azərbaycanla bağlı reportaş hazırlayıb.
Yenixeber.org: Müəllifi Morin O`Hare olan “Əbədi alov: Azərbaycan “Odlar yurdu”na necə çevrilib?” adlı fotoreportajı təqdim edir:
“Bu alov 4 min il əvvəl yanmağa başlayıb və indiyədək sönməyib”, - deyə Rəhilə Əliyeva bildirir: “Yağış, qar yağır, külək əsir amma bu alov sönmür”.
Qarşımızda hündür alovlar görünür. 10 metr hündürlüyə malik təpədə onlar sanki fasiləsiz rəqs edir, onsuz da isti olan havanı daha da isidir. Bu, Azərbaycanda, Abşeron yarımadasında yerləşən Yanardağdır. Rəhilə Əliyeva burada bələdçi işləyir.
Azərbaycan qaz ehtiyatları ilə zəngin ölkədir. Burada bəzən qaz yerin səthinə sızır. Yanardağ belə spontan alovlanan məkanlardan biridir. Belə məkanlar minilliklər boyu səyyahları həm məftun edib, həm də bir qədər qorxudub.
Venesiyalı səyyah Marko Polo Azərbaycana hələ 13-cü əsrdə səfər edibmiş. O zaman Polo bu sirli fenomen haqda da yazıb. Qədim İpək Yolu boyu səyahət edən tacirlər də ziyarət etdikləri digər ölkələrdə Yanardağ haqda xəbərlər verib. Azərbaycan məhz buna görə “Odlar yurdu” kimi tanınıb.
Qədim din
Belə alovlara Azərbaycanın əksər hissəsində rast gəlinir. Onlar yerin altındakı qazın təzyiqini azaltdığından, bi çoxu qaz hasilatı məqsədilə söndürülüb. Yanardağ bu günədək qalan azsaylı, hətta ən dərin təsir bağışlayan nümunələrdən biridir.
Bu alovlu ərazilər qədimdə zərdüştlük dini üçün mühüm əhəmiyyət kəsb edirmiş. Bu din təxminən 3 min il əvvəl İranda meydana gəlib, sonradan Azərbaycanda çiçəklənib.
Zərdüştlər hesab edirdi ki, alov insanla fövqəltəbii dünya arasında əlaqə yaradır və onun vasitəsilə mənəvi qavrama, müdriklik əldə etmək olar. Bununla yanaşı, zərdüştlərə görə alov mənəviyyatı saflaşdırmaq üçün də həyati əhəmiyyətə malik idi. O, zərdüştlərin ibadətində vacib yer tutub.
Yanardağ gecələr və qışda insanı daha çox valeh edir. R.Əliyevanın sözlərinə görə, qışda Yanardağın üzərinə yağan qar dənələri torpağa çatmadan, havada buxarlanır. Amma Yanardağın qədimliyini sual altında qoyan bəzi iddialar da var. Bəziləri hesab edir ki, bu alov 1950-ci illərdə də yarana bilər.
Yanardağ Təbiət Qoruğu Bakının şimalında yerləşir. Paytaxtın mərkəzi hissəsindən bu məkana avtomobillə təxminən yarım saata çatmaq mümkündür. Qoruqda yalnız 1 balaca kafe var. Ətraf ərazilərdə də kafelərin sayı çox deyil.
“Atəşgah” alov məbədi
Azərbaycana səfər edən turistlər ölkənin alova sitayişlə bağlı tarixini daha dərindən başa düşmək üçün Bakının şərqində yerləşən “Atəşgah” alov məbədinə də baş çəkə bilər. “Qədimdə insanlar düşünürdü ki, onların tanrısı buradadır”, - deyə bu beşguşəli kompleksdə bələdçimiz bildirir. Bu məbədi 17-18-ci əsrlərdə Bakıda yaşayan hindistanlılar tikib.
Burada alovla bağlı ayinlərin tarixi 10-cu əsrə və ya daha qədim zamanlara uzanır. “Atəşgah” fars sözüdür və “alovun evi” deməkdir. Kompleksin mərkəzində alov məbədi yerləşir. O, qaz yataqlarının üzərində tikilib.
Bu mərkəzdə əbədi, təbii alov 1969-cu ilə qədər yanıb. Bu gün isə o, qaz xətti sayəsində alovlanır. Bu məqsədlə məbədə qaz xətti çəkilib. İndi, burada alov yalnız turistlər üçün yandırılır.
“Atəşgah” da zərdüştlük dininə bağlıdır. Bura əsasən hinduistlərin dini məkanı olub. Buranın tarixi daha yaxşı sənədləşdirilib.
Tacirlər və asketlər
Karvansara üslubunda tikilmiş “Atəşgah” kompleksi divarla əhatələnib. Burada 24 hücrə və otaq var. Bu məbəd ziyarətçilər, tacirlər (onların ianələri məbəd üçün həyati əhəmiyyət kəsb edib), yerli asketlər tərəfindən müxtəlif cür istifadə olunub. Məsələn, bəzi asketlər burada ağır sınaqlardan keçib. Onlar isti əhəng daşının üzərində uzanıb, ağır zəncirlər taxıb və ya əllərini uzun müddət eyni vəziyyətdə saxlayıblar.
Amma “Atəşgah”dan 19-cu əsrin sonlarına qədər ibadət yeri kimi istifadə olunmayıb. Bu məbəddə ibadət edənlərin sayını Bakıda neft istehsalının inkişafı artırıb.
1975-ci ildə kompleks muzeyə çevrilib. 1998-ci ildə isə “Atəşgah” UNESCO-nun Ümumdünya irsi siyahısına salınması üçün namizəd siyahısına daxil edilib.