Turist bolluğu yaşayan şəraitsiz qoruqYANARDAĞ - REPORTAJ
Qədim dövrlərdə Abşeron torpaqlarının bir çox yerlərində əbədi alovlar yanıb və bu torpaqlar atəşpərəstlər üçün xristianlara Yerusəlim, müsəlmanlara Məkkə qədər müqəddəs olub. Bu səbəbdən ötən yüzilliklərdə dünyanın hər tərəfindən ziyarətçilər əbədi alovları ziyarət etmək üçün Abşeron torpaqlarına axışıb gəlirmişlər
Yenixeber.org:
Əfsanələr və həqiqət
“Yanar dağ”ın yuxarı ərazisinin hündürlüyü 116 metrdir. Bura Abşeronun ən hündür zirvəsi hesab olunur və dəniz səviyyəsindən 86 metr hündürlükdədir.
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna 64,55 hektar ərazi ayrılıb. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbristanlıq və qədim məscid, Qotur su bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanar dağ daxildir.
“Yanar dağ” - Abşeron yarımadasında Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsidir. Abidənin tarixi ilə bağlı dəqiq məlumat olmasa da, haqqında ilk yazılı məlumatı hələ V əsrdə yaşamış Bizans alimi və səyyahı Paniliy Prisk verib. O, “Qafqaz Albaniyasına səyahət” əsərində Xəzər dənizi sahillərində qayalardan qalxaraq gecə-gündüz yanan alovlardan bəhs edib.
Yanardağla bağlı çoxlu əfsanələr var. Deyirlər ki, dağ şimşək nəticəsində yanmağa başlayıb. Eramızın əvvəllərindən yanmağa başlayan odu bu günə kimi nə yağış, nə covğun, nə də qar söndürə bilməyib.
Onu da deyirlər ki, əvvəllər “Yanar dağ”ın əks istiqamətində yanan üç təpə olub, indi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da “Yanar dağ”ın mövcudluğuna istinadən qəbul edilib.
İnanc yeri, yoxsa təbiət hadisəsi
Bəziləri “Yanar dağ”a dini inanc yeri kimi, bəziləri isə təbiət hadisəsi kimi baxır.
Əvvəllər bu abidə dünya atəşpərəstlərinin müqəddəs məkanına çevrilibmiş. Dağın ətəyində dünyanın bütün guşələrindən atəşpərəstlər toplaşarmışlar. Bundan əlavə, Yanardağ buddistlərin də ziyarət yeri olub və onlar bu dağın müqəddəsliyinə inanıb, onun ətəyində meditasiya ediblər. Hətta indiyə kimi onu müqəddəs yer sayıb ziyarət edənlər var.
Dağ zəngin neft və qaz yataqları olan ərazidə yerləşir. Dağda alovu yaradan maddə metan qazı ilə kükürdün qarışığıdır. Sözügedən maddə istifadə üçün yararsızdır və onu yandırmaq qeyri-mümkündür. Belə qazın yanması yalnız açıq havada baş verir. Bağlı məkanda isə partlayış yaradır.
Qarda, yağışda alov daha da güclənir
Yanğının üzərinə yağış yağan zaman o, daha da güclənir, alovun daimi çıxdığı yerlərdən əlavə, digər yelərdən də alov çıxır. Qış fəslində isə torpağın yumşalmasından kükürd üzə çıxaraq alovu daha da şiddətləndirir. Deyilənə görə, bəzən Yanardağda alovun hündürlüyü 10-15 metrə çatır.
Azərbaycan Prezidentinin 2007-ci il mayın 2-də imzaladığı sərəncam ilə “Yanar dağ”ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edib.
Qoruğun turizm marşrutuna daxil edilməsi, qorunması və burada turizmin inkişaf etdirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür.
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisində qaval daşları, eramızdan əvvələ aid məişətdə istifadə olunan cilalanmış daşlar da saxlanılır.
Ərazinin bərpa olunmasına ehtiyac var
Hazırda "Yanar dağ"ı ziyarət etmək üçün bir nəfər yerli və xarici vətəndaş 2 manat (bələdçi ilə 5 manat), tələbə 1 manat (bələdçi ilə 3 manat), məktəbli 20 qəpik (bələdçi ilə bir manat) ödəməlidirlər.
Son illərdə ölkəyə turist axını “Yanar dağ”a gələn qonaqların sayına da böyük təsir göstərib. Lakin “Yanar dağ”ın hazırkı vəziyyəti elə də ürəkaçan deyil. Elə girişdəki məlumat üçün olan lövhədən başlasaq, qeyri-peşəkar hazırlanıb və ərazinin qoruq olması ovqatını yaratmır. Əvvəllər çayxana kimi fəaliyyət göstərən məkanlar illərlə istifadəsiz qaldığı üçün dağılıb, uçub. Bu səbəbdən də ərazinin yenidən bərpa olunmasına ehtiyac var. İnsaf naminə deyək ki, qoruqla bağlı təmir işlərinə ehtiyac olsa da, işçilər ərazini təmiz saxlayır.
2017-ci il dekabrın 29-da Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib. Qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib. Qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil. Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.
(report)