Azərbaycanda internet yenə bərbad gündədir. Sosial mediada şikayətlərin sayının artması vəziyyətin yaxşı olmadığına işarə vurur. Onsuz beynəlxalq araşdırmalar da fərqli nəticələr ortaya qoymur. Median internet sürətinə görə Azərbaycan dünyada aşağı pillələri tutur. Konkretləşdirsək, 118-ci yerdən söhbət getdiyini qeyd etməliyik.
Yenixeber.org: Azərbaycanfa internetin qiyməti çox baha, sürəti isə olduqca aşağıdır. Median internet sürətinin 27 Mbps-dən yüksək olmadığı məlumdur. Yəni istifadəçilərin yarısı bu internet yükünü əldə edə bilmir. Qalan yarısı üçün də sürətli internet əlçatan deyil. Orta internet sürətinə görə bir az da geridə, 124-cü yerdəyik. Həmişə Ermənistanla müqayisə aparmağı xoşlayırıq. Bu ölkə siyahıda 85-ci yerdədir.
Təsəvvür edin, Şimali Amerikanın kasıb ölkələri sayılan Nikaraquada, Barbadosda, Belizdə, Dominikada internet daha sürətlidir. Biz hələ Burkina Faso, Qabon, Ruanda, Toqo kimi Afrika dövlətlərindən danışmırıq. Azərbaycanda internet təxminən Lesotoda olduğu səviyyədədir. Azərbaycanda internet niyə zəifdir? Niyə baha olması məlum məsələdir. Az qala hər sahəsində inhisarın əl götürüb oynadığı dönəmdə internet ucuz ola bilməz. Provayderlər müştərilərdən keyfiyyətsiz xidmət müqabilində böyük rüsum alırlar. Belə bahalığın fonunda, heç olmasa, sürətli internet versinlər.
Ekspertlər hər şeydən əvvəl indi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlanan qurumu günahlandırırlar. Hesab olunur ki, nazirlik haqsız rəqabət mühiti yaradır. Yəni tabeliyində olan provayderlərə dövlət resurslarından istifadə etmək imkanı verir. Üstəlik, belə imtiyazlar müqabilində həmin müəssisələr həm aşağısürətli, həm də baha internet satır. Özəl provayderlər haqsız rəqabət mühitində əl-qol aça bilmir. Ekspertlər əmindir ki, nazlirlik qiymətlərin ucuzlaşması üçün provayderlər qarşısında tələb qoya bilər. Amma tabeliyində olan müəssisələrə görə bu addımı atmır. Bundan başqa, provayderlər interneti topdan alanda öz müştərilərinin sayına və tələbatına uyğun həcmdə təmin olunmurlar. Yəni daha az trafik əldə edirlər.
Bölgələrdə internet lap zəifdir. Qiymətlər onsuz da pis dolanan əhali üçün əlçatan deyil. Bunun üçün dövlət proqramına ehtiyac var.
Ümumiyyətlə, inhisar olan yerdə inkişafdan danışmağa dəyməz. Sərbəst bazar qaydaları formalaşmalıdır. Bu halda sahibkarlar daha keyfiyyətli iş ortaya qoymaqda maraqlı olacaqlar.(Bizimyol.info)