OPERATİV QƏRARGAHIN "TOY KABUSU”... -Hökumət toylara icazə verməkdən niyə “qorxur”?

Operativ Qərargahın son qərarları bu qurumun özünün verdiyi bir çox absurd qadağaları aradan qaldırsa da, toylarla bağlı qadağa yenə də qüvvədə qaldı.
Yenixeber.org: Baxmayaraq ki, çoxları bu qadağanın müəyyən şərtlər daxilində götürüləcəyini düşünürdü. Belə təəssürat yaranır ki, pandemiyanın əsas ocağı Çindəki “ilan-qurbağa bazarı” yox, elə bizim şadlıq evləri, toy məclisləridir...
Bu günə qədər Operativ Qərargahın qərarları sırasında əhalinin ən çox narazılığına səbəb olanları açıq havada maska taxılması tələbi və toylara qoyulan qadağa idi. Bunlardan birincisi nəhayət ki, aradan qaldırıldı, ancaq toy qadağası sanki bir kabus kimi Operativ Qərargahın başı üzrə dolaşmaqdadır.
Operativ Qərargahın toy qadağası Mixail Qorbaçovun dönəmində bir müddət tətbiq olunan və “suxoy zakon” kimi tanınan spirtli içkilərlə bağlı məhdudiyyətləri xatırladır. Hər iki halda qadağalar kağız üzərində qaldı və demək olar ki, işləmədi. Çünki hər ikisi düzgün işlənməmiş, hazırlanmamış, radikal və reallığa uyğun olmayan qərarlar idi...
Hazırda Bakıda əksər restoranlar toy sifarişlərindən imtina etmir, sadəcə, “razılıq almaq üçün” əlavə vəsait tələb edirlər ki, bu da məclisin və şadlıq evinin çapına uyğun olaraq, bir neçə yüz manatdan min manatlara qədər dəyişə bilir. Bunu bilməyən varmı?
Sadəcə, görüntü və statistika xatirinə bir neçə restoranın, toy sahibinin məlum səbəblərdən cərimələnməsi ilə məsələ bitmir axı. İndiki halda yenə qazanan polis rəisləri, məmurlar, xərcləri artan, əsəbləri korlanan, ziyan görənsə kasıb-küsub olur...
Bunlarla yanaşı, əhalinin xeyli hissəsi restoranlarla, şadlıq evlərilə “sövdələşməyə” getməkdən çəkinir, qanunu pozmaq, risk etmək istəmir və nəhayət, qadağanın aradan qaldırılacağını gözləyirdi. Lakin qurum “toylara yox” deyib durub. Operativ Qərargah bu dəfə də gözləntiləri doğrultmadı və səbirsizliklə övlad toyu gözləyən valideynləri məyus etdi.

Zatən restoran, kafe və çayxanaların böyük əksəriyyəti toysuz-filansız da gün ərzində insanla dolub-daşır. Misal üçün "Çanaqqala" və onun ətrafındakı restoranları göstərə bilərik. Bu restoranlarda hər gün canlı musiqi ilə yüzlərlə müştəriyə xidmət göstərilir. Belə olan təqdirdə bu qadağanın məntiqini anlamaq olduqca çətindir. Olmazdımı ki, heç olmasa açıq havada, müəyyən say məhdudiyyəti və digər kriteriyalar tətbiq olunmaqla, məclislərə icazə verilsin?
Məsələnin bir də iqtisadi tərəfi var ki, bu barədə də dəfələrlə deyilib və yazılıb. Bu qadağanın sosial-iqtisadi fəsadları kənardan görünəndən qat-qat daha dərin və təsirlidir. Şadlıq evlərində, restoranlarda çalışanlar, bu obyektləri ərzaqla və digər ləvazimatlarla təmin edənləri saysaq, ortaya bəlkə də yüz minlərlə ölçüləcək vətəndaş, iş yeri sayı çıxar. Bu isə sözügedən qadağanın qaldığı hər gün qeyri-neft sektoruna vurulan milyonlarla, on milyonlarla ziyan deməkdir...
Digər yandan elə Operativ Qərargahın brifinqlərindən tanıdığımız TƏBİB-in Elmi Komitəsinin sədri Akif Qurbanov da bir neçə gün əvvəl demək olar ki, əhalinin təqribən 2/3 hissəsinin immunitet qazandığını bildirdi.
Hazırda bütün vaksinasiya olunanların sayı 1.7 milyondan çoxdur: “Bu, təqribən 20-25 faiz əhali deməkdir. Hesab etsək ki, bir o qədər insanlar da xəstəliyi keçirib sağalaraq immunitet qazanıb, onda hesab etmək olar ki, əhalinin yarısı və ya yarısından çoxu bir hissəsi artıq immunitet qazanıb...”
Onu da nəzərə alaq ki, rəsmi statistikaya düşməyən və xəstələnib sağalanların da sayı olduqca çoxdur. Peyvəndləmə prosesi də rəsmi məlumatlara görə, sürətlənir, yoluxma sayı azalmaqdadır və sair. Belə olan təqdirdə sanitar-epidemioloji tələblərə riayət olunmaqla və müəyyən məhdudiyyətlər tətbiq edilməklə toyların keçirilməsi mümkün görünür.
Bəs, bütün bunlar nəzərə alındıqda, toy qadağasının uzadılması görəsən, nəyə və kimlərə xidmət və sərf edir?
Sanki Operativ Qərargahda toylarla bağlı pataloji bir qorxu var. Və böyük ehtimalla, bu qorxunun kökündə hökumətin öz nəzarətedici orqanlarına olan inamsızlığı durur.
Yəqin ehtiyat edilir ki, toylara müəyyən şərtlər daxilində icazə verilməsi həmin orqanlar üçün növbəti korrupsiya, gəlir mənbəyinə çevriləcək. Lakin burada da məntiq tapmaq çətindir, çünki həmin orqanlar zatən hazırda bununla məşğuldurlar...
“azpolitika”