İrəvanla Xankəndi arasında uçurum dərinləşir - “miatsum” şousu
Paşinyanın əleyhdarları aktivləşir; vəziyyətin kritikliyini görən erməni keşişlər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı çağırışlara başladılar; politoloq: “Paşinyan Qarabağ klanını Ermənistandan Qarabağa köçürmək istəyir...”
Yenixeber.org: Ermənistanın baş naziri Nikol Paşinyanın komandası üçün ağır dönəm başlayıb. Belə görünür ki, öz tərəfdarlarını küçəyə çağırması və məhkəmə binaları qarşısında əleyhdarlarına təpki göstərməsi də onu xilas etməyəcək. Hər halda, qarşı düşərgənin də açıq şəkildə Paşinyan hakimiyyətinə sərt mesajlar verməsi vəziyyətin dramatikliyindən xəbər verir.
Xüsusilə də eks-prezident Robert Köçəryanın girov müqabilində həbsdən azad edilməsi Paşinyanın yuxusunu qaçırıb. Əslində “Putinin dostu”nun azadlığa buraxılması Rusiyanın Ermənistan hakimiyyətinə qəzəbini soyuda bilər. Prezident Putinin Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik etməməsi, Ermənistana səfərini təxirə salması İrəvanda daim narahatlıq yaradır. Lakin R.Köçəryanın azadlıqda olması digər tərəfdən gərginliyi tətikləyən faktora çevrilir. Serj Sərkisyandan fərqli olaraq, Köçəryanın həm Ermənistanda, həm də Dağlıq Qarabağda xeyli tərəfdarları var. Belə bir şəraitdə onun revanşı N.Paşinyanı narahat edir. Belə olan təqdirdə Paşinyan yenə də çıxış yolunu küçə mübarizəsində görür.
Mayın 18-də azadlığa buraxılmış terrorçu eks-prezident Robert Köçəryanın əleyhdarları İrəvanın Azadlıq meydanında mitinq keçirib. Rusiya mediasının yazdığına görə, Köçəryana və onun Bako Saakyan, Arkadi Qukasyan kimi tərəfdarlarına qarşı kəskin şüar və çıxışların səsləndirildiyi və yürüşlə davam etdirilən aksiyada Para.TV internet nəşrinin səs operatoru bıçaqlanıb. Nəşr rəhbərliyi hələlik hadisənin təfərrüatı barədə məlumat əldə edə bilməyib, çünki polis xəstəxanaya aparılmış jurnalistlə ünsiyyətə icazə verməyib. Moderator.az xəbər verir ki, Köçəryan əleyhdarları növbəti mitinqi iyunun 3-nə təyin edib.
Bu arada S.Sərkisyanla R.Köçəryanın yenidən bir araya gəlməsi N.Paşinyanın vəziyyətini ağırlaşdırır. Ötən həftə Ermənistanın 3-cü prezidenti Serj Sərkisyan həbsdən çıxan 2-ci prezident Robert Köçəryana baş çəkib. Turkustan.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. Keçmiş prezidentlərin görüşündə nələrin müzakirə olunduğu barədə məlumat verilmir. Məlumata görə, Köçəryan yaxın vaxtlarda bəyanatla çıxış edəcək. Bundan əvvəl verilən məlumata görə, Köçəryan tibb mərkəzlərinin birində müayinədən keçib.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan R.Köçəryanın azad olunması istiqamətində məhkəmə qərarına mane olmağa çalışsa da, məhkəmə qərarından geri çəkilməyib. Ancaq məsələnin Konstitusiya Məhkəməsində araşdırılacağı gözlənilir. Paşinyan hələ də ümid edir ki, Köçəryanla bağlı qərarı geri oxutdura biləcək - ötən ilin dekabrında olduğu kimi.
Bu arada Ermənistan parlamenti 2016-cı ilin aprel uğursuzluğunun səbəblərini araşdıran komissiya təyin edib. N.Paşinyanın başlatdığı prosesə artıq parlament də qoşulub. Baş nazir çalışır ki, Qarabağ klanını zəif yerindən vursun və tam zərərsizləşdirsin. Çünki aprel döyüşlərindəki məğlubiyyət ermənilərin ürəyində sağalmaz izlər buraxıb və bu səbəbdən Qarabağ klanının liderlərinin zəif yeridir.
Artıq şübhə yoxdur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Qarabağ torpaqlarında hərbi xidmət keçən oğlunun Qarabağdan Ermənistana qaytarılması da separatçılarla İrəvan arasında gərginlikdən qaynaqlanır. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, oğlunun Qarabağdan aparılmasını Paşinyan həyat yoldaşı Anna Akopyan təsdiqləyib. Oğlunun İrəvanda olduğunu bildirən Akopyan Aşot Paşinyanın tezliklə yenidən Qarabağa qayıdacağını söyləyib. “Onun gəlişi heç nə ilə bağlı deyil. Qarabağa qayıdaraq hərbi xidmətini davam etdirəcək”. A.Akopyan bütün əsgərlərin qanunla nəzərdə tutulmuş məzuniyyət hüququndan danışıb.
Ancaq istisna etmək olmaz ki, Paşinyan Qarabağ klanının ondan qisas alacağından ehtiyatlandığı üçün oğlunu “gözünün qabağına” aparıb. Qarabağdakı işğalçı orduda baş alıb gedən cinayətlər, qətl intihar halları N.Paşinyanı narahat etməyə bilməzdi, xüsusilə də indiki həssas dönəmdə.
Bəs mövcud situasiya nələri vəd edir? Ermənistanın hazırkı hakimiyyəti devrilə, Qarabağ klanı yenidən iqtidara gələ bilərmi?
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, son vaxtlar Ermənistanda baş verənlər bir daha Paşinyan hakimiyyəti ilə Qarabağ klanı arasında gedən mübarizənin daha da kəskinləşəcəyindən xəbər verir: “Təbii ki, bu proseslərdə bir məqam də Ermənistan vətəndaşının əsas məqsəddən yayındırmaq və hakimiyyətin keçirdiyi islahatların iflas olduğunu gizlətməkdir. Artıq bir ildir ki, Paşinyan hakimiyyətdədir. Bəs nə baş verir? Bir neçə gün öncə Paşinyan məhkəmə sistemində islahatların keçirilməsinin labüd olduğunu bildirdi və qeyd etdi ki, ümumxalq referendumu da keçirilə bilər. Hətta bu zaman ”cərrahi müdaxilə" ifadəsindən də istifadə etdi, yəni kəsib atmaq. Bununla belə, Paşinyan Avropada çıxış edərkən apardığı islahatlardan ağız dolusu danışdı və korrupsiya ilə mübarizənin yüksək səviyyədə getdiyini və ədliyyə və məhkəmə sisteminin də normal olduğunu qeyd etdi. Lakin Köçəryan həbsdən azad edilən kimi Paşinyan məhkəmə sisteminin özünün korrupsiyaya uğramasından danışdı və özünü qatı bir müxalifətçi kimi göstərdi və əsasən də Qarabağ klanına qarşı. Maraqlıdır ki, Rusiya və ümumiyyətlə, KTMT üzvü olan dövlətlər susur, Qərb isə bununla bağlı bəyanatlar verir. Deməli, baş verənlər ən azından Rusiyanı razı salır. Paşinyanın etdiyi səhv və Rusiyanın dəstəyi bir müddət əvvəl cinayətkar və heç bir reytinqi olmayan Köçəryanı baş müxalifətçiyə çevirdi. Bundan başqa, Paşinyan Qarabağ separatçılarını Köçəryanla əlaqələndirib dövlət çevrilişi və torpaqların verilməsini ortaya atdı və öz üzərindən cavabdehliyi götürmək istədi. Bununla da bir daha Köçəryanın və bu planının Rusiya layihəsi olduğunu göstərməyə çalışdı. Hətta çıxışlarından birində 2016-cı ildə baş verənlərdə Rusiyanı günahlandırdı. Paralel olaraq Bako Saakyana qarşı da kampaniya aparılır. Bütün bunlar təbii ki, danışıqlar prosesinə mənfi təsir edə biləcək amillərdir. Guya İrəvan bir cür, separatçılar isə bu məsələlərə başqa cür baxırlar. Yəni Paşinyan dolayı yolla proseslərin səbəbkarı kimi ABŞ və Qərbi göstərir, Türkiyə ilə sərhədin açılma ehtimalından danışır və s. Bütün proseslər göstərir ki, Paşinyan Qarabağ klanını Ermənistandan Qarabağa köçürmək istəyir, həm öz siyasi rahatlığı, həm də münaqişənin həlli ilə bağlı cavabdehliyi öz üzərindən götürmək üçün".
****
Qarabağ klanı ilə Ermənistan hakimiyyəti arasındakı uçurumun dərinləşməsindən həyəcanlanan qüvvələr isə yeni ideyalar üzərində baş sındırmadadırlar. Onlar anlayırlar ki, Ermənistan və Xankəndi arasında savaşın başlaması Azərbaycanın qələbəsini qaçılmaz edəcək. Ona görə də yenidən “köhnə xatirələri oyatmağa” çalışırlar. “Qarabağda (qondarma qurum - red.) ayrılıqda prezident və hökumət olmamalıdır”. Erməni KİV-ləri xəbər verir ki, bunu “Birləşmiş Ermənistan” Partiyasının rəhbəri, erməni hərbi ekspert Vahan Badasyan bildirib. Badasyanın açıqlamasını şərh edən erməni KİV-ləri onu kəskin şəkildə tənqid edib və işğal altında olan Qarabağın bütöv bir şəkildə Ermənistana birləşdirilməli olduğunu qeyd ediblər.
“Badasyanın sözlərinə görə, arzuolunandır ki, Qarabağ (qondarma qurum - Ordu.az.) Ermənistanın inzibati ərazilərindən biri olsun. Kəlbəcər və Ağdərə Qeğarkunik vilayətinin tərkibində, Qarabağ ayrılıqda bir vilayət, Laçın isə Sünik vilayətinin tərkibində olsun və biz özümüzü təhlükəsiz hiss edək. Gördüyümüz kimi, Badasyan Qarabağı Ağdərə, Kəlbəcər və Laçından ayırır. Onun təsvir etdiyi Qarabağ bu vəziyyətdə hansıdır? Hadrut, Xocavənd və Əsgəran? Bu üç rayon bir vilayətin tərkibində olmalıdır? Bəlkə o özünü vilayətin qubernatoru kimi görür? Qarabağın Ermənistana birləşdirilməsi müstəsna məqsəddir. Lakin birləşdirilmiş Qarabağ....”, - deyə erməni KİV-ləri yazır.
Təsadüfi deyil ki, Badasyanın sözlərindən az keçməmiş erməni katalikosu I Aram “Antilias Məbədi”də erməni xalqına ünvanladığı müraciətində işğal altında olan Qarabağın Ermənistanın tərkibində daxil edilməli olduğunu ifadə edən sərsəm bəyanat yayıb: “Tam və birləşdirilmiş Ermənistan görüntüsünə ilk tətbiq Qarabağın Ermənistana birləşdirilməsidir”.
Qeyd edək ki, işğal altında olan ərazilərin Ermənistana birləşdirilməsi məsələsi, əsasən 1988-ci ildən etibarən səsləndirilən təxribatçı “miatsum” ideyasına söykənir. Məhz bu prosesin Ermənistanın ATƏT prinsipləri və beynəlxalq hüquq normalarına məhəl qoymaması fonunda baş verməsi, Azərbaycana ərazilərini işğaldan azad etmək üçün müzakirəolunmaz hüquqi əsaslar verərdi.
“Erməni kilsəsi həmişə şər mənbəyi olub. Erməni kilsəsinin heç erməni xalqına xeyri olmayıb. O din ki, o dini ocaq ki siyasətə qarışır, o din, o dini ocaq da murdarlanır. Erməni kilsəsi də çoxdan murdarlanmış bir dini ocaqdır”. Bunu Oxu.Az-a açıqlamasında YAP-çı deputat Musa Quliyev Yaxın Şərqdə yaşayan ermənilərin katolikosu I Aramın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışına münasibət bildirərkən deyib. “Bu mənada, katolikosun Qarabağın Ermənistana birləşdirilməsi bəyanatı heç də təzə söhbət deyil. Əslində Qarabağla bağlı ilk bəyanatı 1988-ci ildə elə erməni katolikosu vermişdi”, - deyən deputatın sözlərinə görə, ondan ötən dövr ərzində ermənilər nə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya və tanıda, nə də onu Ermənistana birləşdirə bildilər. “Çünki həm Azərbaycanın gücü, həm Azərbaycan prezidentinin apardığı beynəlxalq siyasət, həm də Azərbaycanın beynəlxalq aləmdəki imici və vaxtında apardığı diplomatik səylər buna imkan vermədi. Bundan sonra da erməni katolikosu, yəqin ki, Dağlıq Qarabağı yuxusunda görəcək. Bəlkə neçə əsr sonra gələn katolikoslar da ola bilər ki, bu fikirlərə düşsünlər, sərsəmləsinlər. Amma heç vaxt Qarabağ Ermənistana birləşməyəcək, Qarabağ Azərbaycan torpağı olaraq qalacaq. Ola bilər ki, Qarabağdakı ermənilər köçüb, gedib Ermənistanda yaşayarlar. Bunu da zaman göstərəcək”, - deyə M.Quliyev əlavə edib.
Ermənistanın baş naziri N.Paşinyan da dəfələrlə bəyan edib ki, o, Dağlıq Qarabağın əvəzindən danışa bilməz, ona görə də Bakı Xankəndi ilə masaya oturmalıdır. Lakin eyni zamanda Dağlıq Qarabağın ətrafındakı 7 rayonun qaytarılması məsələsi qaldırılanda İrəvan iddia edir ki, həmin ərazilər artıq Dağlıq Qarabağa birləşdirilib. Bu cür sərsəm fikirlərlə gündəm yaratmağa, vaxtı uzatmağa çalışan ermənilər indi də yenidən “miatsum” iddiası ilə meydana çıxmaq istəyirlər. Ancaq reallıq budur ki, Ermənistan indiyədək nə Dağlıq Qarabağı müstəqil subyekt kimi tanımağa, nə də özünə birləşdirməyə cürət etmir. İndiki halda ermənilər bu kartdan Qarabağ klanını ram etmək üçün yararlanmağa çalışırlar. Eyni zamanda Ermənistan hakimiyyəti bu yolla diasporadan maliyyə yardımı alacağını güman edir.
Ancaq Qarabağ separatçılarının Ermənistanla birləşməyə razılıq verəcəyi də inandırıcı görünmür. Separatçı-terrorçu qruplaşmalar 2020-ci ildəki “prezident seçkiləri” şousuna start veriblər. (Musavat)