Rauf Mirqədirovun həbsinin şok səbəbləri
Bakı aeroportundan yoxa çıxan jurnalist türmədən tapıldı
Mirqədirov son məqalələrində nədən yazıb?
"xeberinfo.com":Aprelin 19-da Türkiyədən deportasiya edilən “Ayna-Zerkalo” qəzetinin siyasi şərhçisi Rauf Mirqədirovun Bakı aeroportundan yoxa çıxmasının səbəbi bilinib. Vəkil Fuad Ağayev musavat.com-a bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski ona zəng edib və deyib ki, Rauf Mirqədirov şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. R.Mirqədirov hüquqlarının F.Ağayev tərəfindən müdafiə olunmasını istəyib.
F. Ağayev deyib ki, R.Mirqədirov hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.
Vəkil deyib ki, bu gün - aprelin 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə getməyi planlaşdırır.
F. Ağayev əlavə edib ki, jurnalistin saxlanması ilə bağlı qanunvericiliyin tələbləri pozulub: “Müdafiə hüququnun təmin olunması ilə bağlı mənə zəng olunmalı idi. Bunlar olmadığı üçün deyə bilərik ki, artıq pozuntular baş verib”.
Qeyd edək ki, 2010-cu ilin avqustundan Türkiyədə mühacirətdə yaşayan Rauf Mirqədirovun akkreditasiyası aprelin 8-də dayandırılıb. Ailəsi və işlədiyi media qurumunun rəhbərliyi jurnalistin polisin müşayiəti ilə Ankara-Bakı təyyarəsinə mindirildiyini və az sonra onun Bakıda olacağı barədə məlumat yaymışdı. Amma deyilən saatda hava limanında jurnalisti gözləyənlər onu sözügedən təyyarə reysindən düşən sərnişinlər arasında görməyiblər.
R.Mirqədirova qarşı irəli sürülən 274-cü maddə nələri nəzərdə tutur?
“Maddə 274. Dövlətə xəyanət. Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı “Yeni Müsavat”a açıqlamasında R. Mirqədirova qarşı irəli sürülən ittihamın çox ağır olduğunu bildirdi: “Bu, çox ağır maddədir. Mən bunu gözləmirdim. Amma indi fakt budur. Biz jurnalistlər nə edə bilərik, özünüz də görürsünüz. Görək axırı nə olacaq?”
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev R.Mirqədirovun Azərbaycan dövlətinin maraqlarına zidd hər hansı hərəkətə yol verdiyinə inanmadığını söylədi: “Rauf Mirqədirovun Azərbaycanı tərk etməsinin səbəbi bu idi ki, Azərbaycandakı durum, siyasi vəziyyət, hakimiyyətlə bağlı tənqidi yazılar yazırdı, şərhlər verirdi. Buna görə də ona təzyiqlər var idi və o məcbur olub ölkədən çıxmışdı. O, son vaxtlar da Azərbaycan hakimiyyəti və Ərdoğanla bağlı tənqidi məqalələr yazırdı. Hesab edirəm ki, Rauf Mirqədirovla bağlı Ərdoğanla Azərbaycan hakimiyyətinin mövqeləri üst-üstə düşüb və belə bir tədbir görülüb.
Rauf Mirqədirovun hansısa yazısında və ya çıxışında dövlət maraqlarımız əleyhinə bir cümləyə belə rast gəlməmişəm. O, kifayət qədər vətənpərvər, dövlətinin inkişafını istəyən adamdır. Rauf şəxsi maraqlarını üstün tutsaydı, Azərbaycandan getməzdi, bir jurnalist kimi hakimiyyətlə işləyərdi. Odur ki məndə çox az ehtimal var ki, bu həbsin hansısa ciddi əsası ola bilər”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da R. Mirqədirovun dövlətin əleyhinə hansısa hərəkətə yol verməsinə inanmır: “Onun məqalələrində heç zaman Azərbaycana qarşı fikirlər olmayıb. Rauf Mirqədirov jurnalistdir və tənqidi yazılar yazmağa haqqı var. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu olaraq həftənin ilk günündən jurnalistin həbs ilə məşğul olmağa başlayacağıq. Mən heç cür inana bilmirəm ki, Rauf dövlətinin əleyhinə iş görsün”.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa R.Mirqədirovun Türkiyədən deportasiya edilməsini pisləyib. Deputat modern.az-a deyib ki, jurnalistin heç bir səbəb göstərilmədən deportasiya olunması Türkiyənin addım-addım demokratiyadan uzaqlaşmasının bir göstəricisidir: “Üç il siyasi səbəblərə görə Türkiyədə mühacirət həyatı yaşadım, belə bir münasibətlə qarşılaşmadım. Belə çıxır ki, həmin şərtlərdə bu gün Türkiyədə yaşasaydım, dərhal Azərbaycana təhvil verərdilər. Jurnalistə qarşı bu addımı qınayıram və düşünürəm ki, artıq bu kimi hərəkətlərlə həmişə öyündüyümüz qardaşımız Türkiyə bizim üçün pis nümunəyə çevrilməyə başlayır”.
Dünən musavat.com Ankaradakı qaynaqlardan aydınlaşdırıb ki, R. Mirqədirov bir neçə ay öncə - bu ilin əvvəllərində Ermənistanda səfərdə olub. Qaynaq bildirir ki, bu, Rusiyanın hansısa fondunun təşkil etdiyi konfrans idi və Mirqədirov oraya Gürcüstan üzərindən gedib. Onunla səfərdə AK Partiyə yaxın olan Uluslararası Strateji Araşdırma Kurumunun (USAK) təmsilçisi də iştirak edib. Mirqədirovun həmin konfransda ermənilərlə mübahisəsi də düşüb...
Ehtimal etmək olar ki, siyasi icmalçının ittihamında bu səfərin də “payı” var. Bilgilərimizə görə, R.Mirqədirov ötən il də Ermənistan səfərində olub. Lakin Rauf Mirqədirov həmin səfərlərə gizli getməyib, bu, Azərbaycan və Türkiyə dövlətlərinin bilgisi daxilində olub. Mirqədirovu yaxından tanıyan Ankarada yaşayan jurnalist Zaur Bayramlı da belə deyir: “Rauf Mirqədirovun Ermənistanda keçirilən beynəlxalq tədbirlərdə həm mütəxəssis, həm də jurnalist kimi iştirakı Azərbaycan və Türkiyə dövlətlərinin bilgisi daxilində olmuşdur. O, hər səfərdən qayıtdıqdan sonra geniş təəssürat yazılar yazmışdır. Mən Rauf Mirqədirovun Azərbaycanın və Türkiyənin mənafelərini hər hansı başqa bir dövlətin ayağına verməsinə əsla inanmıram”.
Zaur Bayramlı isə onu da deyib ki, R. Mirqədirov Türkiyədə daim maddi sıxıntılarla yaşayıb: “Bəzən maaşına qədər dostlardan borc alıb və onu maaşını alarkən geri qaytarıb. O, dövlətə xəyanət və xarici qüvvələrə işləməklə məşğul olsaydı, ən azından, minimal yaşam şərtlərini düzəldərdi”.
Dünən qeyri-iş günü olduğundan Prokurorluqdan, DİN-dən və MTN-dən bu həbslə bağlı hər hansı rəsmi açıqlama əldə etmək mümkün olmadı.
* * *
R.Mirqədirov son illər Azərbaycandan kənarda yaşasa da, ölkəmizdə baş verən hadisələrlə bağlı müəllif yazıları ilə çıxış edib. Məsələn, o, hazırda aclıq edən NİDA-çı gənclərlə bağlı yazısında xüsusi xidmət orqanlarını və hakimiyyəti sərt tənqid edib. Sitat: “Turan”ın bu xəbərini oxuduqdan sonra dəhşətə gəldim. 18-20 yaşlı gəncləri 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Əminəm ki, ittiham qüvvədə qalsa, “narazı” gənclər 12 il olmasa da, ən azı 9-10 il azadlıqdan məhrum ediləcəklər. Dövlət ittihamçısı maksimum cəza tələb edəcək. Məhkəmə heyəti isə müttəhimlərin gəncliyini nəzərə alıb “cəzanı” bir-iki il azaldacaq.
Beləliklə, səkkiz ictimai cəhətdən fəal gəncin taleyi həll olunacaq. Onlar hər birimizin övladı ola bilərdi. Sözsüz ki, tanınmış “yeni azərbaycanlılarımızın” övladları dışında. Ata-analarının statusu onları belə yerlərə düşməkdən sığortalayıb. Özü də ən ağır cinayət törətsələr belə. Ən ağır cinayət belə ata-analarının xidmətləri müqabilində xırda uşaq dəcəlliyidir. Nə qədər ki, ata-anaları siyasi iqtidara sədaqətlə xidmət edirlər".
R.Mirqədirovun sonuncu yazısı aprelin 17-də “Dava-dava” oyunu, Hitler və Putin" başlığı ilə dərc olunub. Apreldə müəllifi olduğu “Milli təhlükəsizlik, həqiqət və azadlıq” yazısında Türkiyənin daxili siyasətindən bəhs edilir və ad çəkməsə də Ərdoğanın sosial şəbəkələri youtube-ni bağlaması israrı tənqid edilib.
Onun mart ayının 10-da yazdığı bir yazının sərlövhəsi də diqqətçəkəndir. “Rusiya ilə dostluğun sonucu - Vətənə xəyanət” başlıqlı yazıda Krımın işğalından sonra yaranmış vəziyyət Azərbaycan kontekstində təhlil olunur. R.Mirqədirov Yanukoviç haqda yazır: “Ukraynanın ərazi toxunulmazlığının və suverenliyinin ən ali qarandı sayılan bir dövlət adamı vətəninin ərazilərini qəsb eləməyə hazırlaşan bir dövlətin himayəsini qəbul edib. Bunun yalnız bir adı var - Vətənə xəyanət”. Jurnalist yazısında Azərbaycanın balanslaşdırılmış siyasətini təqdir eləmir.
Yazıdan başqa bir sitat: “Keçmişdə tanınmış müxalif siyasətçilərdən birinin Heydər Əliyev haqda söylədiyi bir fikir yadıma düşdü. İnsanlar fikirlərini dəyişə də bilərlər. Bir söhbət əsnasında özümə dost saydığım bir şəxs dedi ki, Heydər Əliyevin siyasətçi kimi maraqları ilə milli-dövlət maraqları üst-üstə düşəndə bir dövlət başçısı kimi ona dünyada heç kim çata bilməz. Amma təəssüf ki, bu maraqlar həmişə üst-üstə düşmür”, - deyə o fikrini tamamladı".
Onun ironik tərzdə yazdığı “Müxalifət üçün rekvium” yazısı da diqqət çəkir. Sitat: “Artıq Azərbaycanda rəsmi olaraq müxalifət yoxdur. Sən demə, fil qulağında yatmışıq. Demə, bir neçə ay öncə, keçən il oktyabrın 9-da müxalifəti öz əllərimizlə, daha doğrusu, seçkilərdə verdiyimiz və vermədiyimiz səslərlə dəfn eləmişik, üçünü, yeddisini və qırxını da çoxdan vermişik”.
* * *
Rauf Mirqədorova niyə və hansı əsaslarla hətta ömürlük həbs cəzası nəzərdə tutan maddə ilə ittiham verilməsinin təfərrüatları yəqin ki, bu gün məlum olacaq. Hakimiyyətin R.Mirqədirovu bu cür ağır maddə ilə ittiham etmək üçün hansı “sübut və əsaslarının” olduğunun indidən söyləmək çətindir. Azərbaycan hakimiyyətinə loyal münasibət bəsləyən bir qəzetin 2010-cu ildən Türkiyədəki təmsilçisi olan jurnalistinin iki həftə əvvəl akkreditasiyasının ləğv edilməsinin səbəbləri, faktiki qovulduğu ölkədən çıxarkən (o, Gürcüstana gedirmiş) niyə yolda saxlanılması və təyyarəyə mindirilərək Bakıya yola salınmasına dair suallar da hələ ki, cavabsızdır.
Ən böyük ehtimal budur ki, rəsmi Ankara bu həbsin doğuracağı reaksiyanı bildiyindən maksimum özünü sığortalamağa çalışıb. Çünki Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfərində iki ölkə hakimiyyətləri arasında bəzi anlaşmaların olduğuna dair məlumatlar var. Həmin məlumatlarda iddia edilirdi ki, Ərdoğan nurçuların ölkəmizdə fəaliyyətinə son verilməsi müqabilində Azərbaycan hakimiyyətinin “qara siyahı”sında olanların da Türkiyədə “əl-qollarının” bağlanacağına vəd verib. “Qarşılıqlı yardıma” misal olaraq “Milyarderlər İttifaqı” adlanan qurum üzvlərinin Türkiyədəki təmaslarına dair ilginc faktların artıq rəsmi Bakıya təqdim olunduğu deyilirdi. “Yeni Müsavat”ın bu mövzuya dair manşet yazısında (bax: 9 aprel, “Ərdoğan dosyesi” Abbas Abbasovun sonunu gətirdi") yazmışdı: “Bakıda nurçulara qarşı təmizlənmə əməliyyatı başlandığı barədə xəbərlər var. Türkiyəyə diqqət edək...”
Cavabını gözləyən digər suallar da var. Əgər R.Mirqədirov doğrudan da bu cür ağır bir cinayətdə suçlanırsa, niyə onu Türkiyə polisi həbs edib Azərbaycan tərəfinə rəsmən təhvil verməyib? “Necə ola bilər ki, təyyarəyə deportasiya olunmuş kimi minən jurnalist dövlət əleyhinə suç işləmiş kimi düşür(ülür)” sualına da cavab vermək lazım gələcək...
* * *
İki qardaş ölkə arasında qarşılıqlı dostluq münasibətlərinin möhkəmlənməsi, əlbəttə ki, ilk növbədə Azərbaycan üçün vacibdir. Amma bu əlaqələr iki ölkə iqtidarı arasında rəqiblərinin, müxalifət fəallarının, jurnalistlərin sıradan çıxarılması üzərində qurularsa, bunun xeyrindən çox ziyanı ola bilər.
Əvvəla, bu hər iki ölkənin sıravi vətəndaşları arasında inamsızlıq yaradır. Çünki siyasi mövqeyindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının, xüsusən də jurnalistlərin ən çox üz tutduğu ölkə Türkiyədir. Fərqi yoxdur bu ya istirahət olsun, ya hansısa işgüzar səfər...Azərbaycanlılar Türkiyədə özlərini həmişə qardaş evindəki kimi hiss ediblər, türkiyəlilər də həmçinin. Amma bu cür müəmmalı həbslər, jurnalistlərin tutarlı səbəb olmadan deportasiyası qardaşlar arasında inamsızlıq toxumu səpir.
Cinayətlə də, cinayətkarlıqla da mübarizə aparmaq lazımdır. Amma hər şey qanun çərçivəsində olmalıdır. R.Mirqədirovun həbsindən bir neçə ay əvvəl “Today’s Zaman” qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalov deportasiya olunmuşdu. Bu qərar onun hökumət əleyhinə və xüsusən də ölkənin baş nazirinə qarşı davamlı ittihamlar irəli sürməsi ilə izah olunurdu...