Rauf Mirqədirov azadlıqda
Xeberinfo.com: Həbsdə olan “Ayna”-“Zerkalo” qəzetlərinin şərhçisi, tanınmış jurnalist Rauf Mirqədirovun atası Həbibulla Mirqədirov dünən səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, 84 yaşlı Həbibulla Miqədirovun mayın 23-də təxminən 7-8 nəfər Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdaqəsinin əməkdaşlarının və onların gətirdiyi hal şahidlərinin qəfil mənzilinə gələrək axtarış aparmasından sonra səhhəti pisləşib.
Jurnalistin bacısı Sevinc Mirqədirova musavat.com-a atasının vəfatına evlərində aparılan axtarışın səbəb olduğunu deyib: “Dünənki axtarışdan sonra stress keçirdi. Atam bu dünyadan nigaran getdi. Dünən onlar gəlməsəydilər atama heç nə olmazdı. Atam heç kimə heç nə eləməmişdi. Bu haqsızlığı Allah götürməz”.
Rauf Mirqədirovun vəkili Elmar Süleymanov da bunu deyir: “Rauf Mirqədirovun atasının evində aparılmış axtarışdan sonra bugün səhər onu atası vəfat edib. Biz dəqiq bilmirik bununla əlaqədardı yoxsa yox, hər bir halda axtarışdan sonra onun halı pisləşib. Bu gün (dünən-red) vəfat edib. Bu barədə məlumat alan kimi Rauf Mirqədirovun atasının dəfnində iştirak etməsi vəkil Fuad Ağayev və mən həm Baş Prokurorluğa, həm də Milli Təhlükəsizlik nazirliyinə teleqram vurduq. İstintaqa aparan İbrahim Ləmbərnaskiyə müraciət etdik. Xoşagələn bir haldır ki, icazə verildi”.
Rauf Mirqədirovun atasının yasında yeddisinə qədər iştirak edib-etməyəcəyini vəkil hələ dəqiq bilmir: “Dəqiq bilmirik üçünə, yoxsa yeddisnə qədər evdə olacaq”.
Vəkil onu da bildirdi ki, Rauf Mirqədirovun öz yaxınları və doğmalarıyla görüşməsinə heç bir məhdudiyyət qoyulmayıb və bu məsələdə o, tam sərbəstdir.
“Bu günə qədər Rauf Mirqədirova irəli sürülmüş ittiham üzrə hər hansı bir azacıq da olsa müdafiə tərəfinə sübut təqdim olunmayıb”, - deyə Elmar Süleymanov.
Rauf Mirqədirova atasının dəfnində iştirak etmək üçün icazə verilsə də,onu hər addımbaşı MTN-in əməkdaşları müşaiyyət edirdi. Hətta ilk saatlarda media nümayəndələrinin ona yaxınlaşmasına, açıqlama almasına imkan verilmirdi.
Ancaq dəfn törənində Mirqədirov jurnalistlərə qəsa da olsa açıqlama verdi.
“Bütün məni dəstəkləyənlərin hamısına təşəkkürümü bildirirəm. Hələlik bu günə qədər mənə heç bir təzyiq olmayıb. Atamın dəfn mərasimində iştirak etməyə imkan verdikləri üçün təşəkkür edirəm”, - deyə Rauf Mirqədirov bildirib.
Mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırıldı.
Demokratik ictimaiyyətinin nümayəndələri dünən jurnalist Rauf Mirqədirov barəsində qətimkan tədbirini dəyişdirmək xahişi ilə baş prokuror Zakir Qaralova müraciət edib.
Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Cəmil Həsənli, Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus və “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevdən ibarət nümayəndə heyəti saat 14 radələrində demokratik ictimaiyyət adından müraciəti Qaralova şəxsən təqdim etmək üçün Baş Prokurorluq binasının önünə gediblər.
Ancaq onlara bildirilib ki, baş prokurorun qəbul günü olmadığı üçün görüş mümkün deyil. Nümayəndə heyətinə müraciəti qəbul otağındakı məktub qutusuna atmaq təklif edilib. Onlar müraciəti bu şəkildə təqdim ediblər.
Xatırladaq ki, Rauf Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Rauf Mirqədirov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.
Jurnalistin özü bu ittihamları rədd edir.