Türkiyə-Azərbaycan -İran ittifaqı yaranır - Rusiya əngəlləməyə çalışır
Bölgənin taleyini dəyişə biləcək ilginc gəlişmə; Rusiya İranın arxasından çəkilir; Kremlin Xəzərdə təhlükəli təcavüz planlarının daha bir pərdəarxası; əzələ nümayişindən cənub qonşumuza da “pay” düşür, çünki...; Moskva Tehrana S-300 raket sistemlərinin verilişini dayandırdı
Xeberinfo.com: Ötən sayımızda Rusiyanın Xəzər Hərbi Donanmasının Azərbaycana qarşı faktiki təcavüz planı hazırladığı haqda yazmışdıq. Jurnalist Andrey Şipilovun məqaləsində yer alan iddialara görə, Moskva dənizə “Murena” layihəli hava yastığı üzərində desant gəmisini buraxmaq niyyətindədir.
Müəllifin qənaətincə, Rusiyanın dənizə buraxmağı planlaşdırdığı texnika sırf hücum xarakterlidir və onun yeganə təyinatı sahilyanı ərazilərin zəbtidir. Sitat:“İranla müharibə hazırda çətin ki, Putinin planına daxil olsun. Amma başdan-ayağa Türkiyəyə bağlı Azərbaycan tam mümkündür ki, hədəf olsun. Xüsusən də xatırlatmaq lazımdır ki, Rusiya Ermənistanı bir neçə yüz milyon dollar dəyərində silahla təchiz etməyə başlayıb”.
Ekspertlər də Rusiyanın Xəzərdə öz hərbi qüdrətini, imkanlarını artırdığı qənaətindədir. Belə olan halda sual ortaya çıxır ki, Moskva Xəzər dənizində hərbi qüdrətini kimə qarşı artırır, gerçəkdənmi hədəf Türkiyənin əsas strateji müttəfiqi Azərbaycandır, yoxsa? Bu yerdə bir daha Moskvadan Bakıya rus emissarlarının (baş nazirin müavini Dmitri Roqozin, xarici işlər nazirinin mavini Qriqori Karasin) intensivləşən səfərlərini yada salmaq lazım gəlir. Şimal qonşumuz nədən narahatdı, görəsən?
***
Təhlilçilərə görə, əslində Rusiyanın Xəzərdə hərbi gücünü artırması enerji resurslarının gələcək nəqli ilə bağlıdır. İş ondadır ki, TAP və TANAP layihələri artıq təsdiqlənib. Bakıda ötən həftə keçirilən böyük toplantıdan dərhal sonra Avropa Birliyi Rusiyadan yan keçən TAP layihəsini təsdiq edib.
“Rusiya əlbəttə ki, bundan narahat ola bilər. Kremlin ən çox qorxduğu, çəkindiyi isə Türkmənistanın bu layihəyə qoşulmasıdır. Türkmənistanın qazı kifayət qədər çoxdur, eyni zamanda Türkmənistanın bu layihəyə qoşulması üçün Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Ona görə də ehtimal ki, Rusiyanın Xəzərdə əzələ nümayişi məhz onunla bağlıdır ki, Xəzəryanı ölkələrə, Türkiyəyə və Avropa Birliyinə bununla mesaj göndərir ki, Moskva Xəzərin dibi ilə boru xəttinin inşasına yol verməyəcək. Rusiyanın Xəzərdə ara-sıra hərbi manevrlər keçirməsi də əslində Türkmənistan qazının Avropaya çatdırılmasına mane olmaq məqsədi daşıyır” - deyib analitik Elxan Şahinoğlu .
Politoloqa görə, gələcəkdə TAP-ın genişləndirilməsi və bura başqa dövlətlərin də qazının qoşulması məsələsi aktuallaşarsa, Rusiyanın siyasəti də dəyişə bilər, çünki o halda bu kəmərlərlə Avropa bazarına çıxarılacaq qaz Rusiya təbii qazına real alternativ olacaq. Moskva isə belə perspektivi indidən əngəlləməyə çalışır. Söhbət həm də öz nəhəng qaz ehtiyatları ilə İranın da TAP-a qoşulmasından gedir.
***
Bu arada Türkiyə baş naziri Əhməd Davudoğlunun təzəcə başa çatan İran səfəri çərçivəsində Tehranla energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinin müzakirəsi diqqət çəkir. Məlumatlara görə, tərəflər İranın TANAP-a qoşulmasının mümkünlüyünü xüsusi diqqətdə saxlayıblar. Müşahidəçilər isə bu danışıqları final mərhələ hesab edir və İranın TANAP-a qoşulmasını, faktiki, həll olunmuş sayırlar.
Yada salaq ki, İranın TANAP-a (“Şahdəniz 2" qazını Türkiyənin şərqindən qərbinə - Yunanıstan sərhədinə çatdıracaq Trans-Anadolu qaz kəməri nəzərdə tutulur) qoşulmasına dair danışıqlar 2013-cü ildən gedir və daha çox Azərbaycan-İran formatında aparılırdı. Az öncə İranın neft naziri ilə SOCAR arasında müzakirələr aparılmış, Tehranın TANAP-a qoşulması istisna edilməmişdi.
Nəhayət, Davudoğlunun Tehranda apardığı danışıqlar həqiqətən kulminasiya sayıla bilər. Ekspertlərə görə, yekun kimi bu yaxınlarda Azərbaycan, İran və Türkiyə arasında üçtərəfli anlaşmanın əldə olunacağı gözlənilir. Bu xüsusda İran prezidenti Həsən Ruhaninin Əhməd Davudoğlu ilə görüşdən sonra söylədiyi və Kremli əsla məmnun etməyəcək “İran Rusiya rəhbərliyinin hər addımını dəstəkləmək niyyətində deyil”, - bəyanatı da maraq doğurur.
İstisna deyil ki, Ruhani bununla həm də Rusiyanın energetik maraqlarına zidd olan TANAP layihəsinə Tehranın qoşula biləcəyinin aydın mesajını verib. Bu da sövq-təbii Rusiyanı qane edə bilməz. Demək, Moskvanın Xəzərdən mümkün təcavüz təhlükəsindən Azərbaycanla yanaşı, İran da sığortalanmayıb.
***
Göründüyü kimi, Tehranla Moskva bir sıra məsələlərdə (silah ticarəti, AES tikintisi, Suriya məsələsi, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi və s.) nə qədər tərəfdaş olsa da, ən azından qaz bazarında regional rəqiblərdir, necə deyərlər, “mehriban düşmənlər” kimidir. Beynəlxalq sanksiyalar götürüldükdən sonra sözsüz ki, bu, özünü daha qabarıq şəkildə büruzə verəcək və verməyə başlayıb da.
İranın Avropaya qaz nəqli üçün ən əlverişli marşrutlar isə Türkiyə və Azərbaycan olaraq qalır. Üstəlik, prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlunun uğurlu Tehran səfərləri də göstərdi ki, Azərbaycan və Türkiyə cənub qonşumuz üçün təkcə önəmli iqtisadi tərəfdaşlar deyil, həm də ən vacib qonşular kimi, regionda mühüm təhlükəsizlik faktorlarıdır.
Maraqlıdır ki, Ruhaninin açıqlamasından dərhal sonra Rusiya İrana S-300 raketlərinin satılması ilə bağlı müqavilənin icrasını dayandırıb. Avropa.info xəbər verir ki, İsrailin xəbərdarlığından sonra Rusiya S-300 hava hücumundan müdafiə sistemlərinin Tehrana təhvil verilməsini dayandırıb. Xəbərdə Putinin bu qərarının səbəbi kimi İranın bu sistemləri “Hizbullah”a göndərə biləcəyi göstərilir.
Xatırladaq ki, bir neçə gün öncə İsrail baş naziri Netanyahu məsələ ilə bağlı açıqlama verərək, Tehranın Suriyadan Livandakı “Hizbullah” təşkilatına müasir silahlar göndərməsinə razı olmayacaqlarını bildirmişdi. 2007-ci ildə Rusiya ilə İran arasında 800 milyon dollar dəyərində S-300 raket sisteminin satılması ilə bağlı müqavilə imzalamışdı.
***
Göründüyü kimi, İranın özü də regionda heç də sadə durumda deyil, seçim qarşısındadır. Ancaq məşhur məsəli bir qədər dəyişsək, belə demək olar ki, “Yaxın qonşular (Azərbaycan, Türkiyə) uzaq müttəfiqdən (Rusiyadan) yaxşıdır”. Deyəsən, Tehran bunu, nəhayət, fərq eləməyə başlayıb.
Musavat.com