Tanınmış vəkil Aslan İsmayılov Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri ilə bağlı Baş Prokuroru Kamran Əliyevə müraciət edib.
Yenixeber.org: Müraciəti olduğu kimi təqdim edirik:
"Azərbaycan Respublikasının Baş Prokuroru
cənab Kamran Əliyevə
vəkil Aslan İsmayılov tərəfindən
Ə R İ Z Ə
2025-ci il 14 oktyabr tarixdə Mehdiyev Ramiz Ənvər oğlu barəsində Cinayət Məcəlləsinin 278.1-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi qaldırılıb.
Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri işlədiyi dövrdə onun göstərişi əsasında keçmiş Baş Prokuror Zakir Qaralovun başçılığı ilə 2 aprel 2017-ci il tarixdə haqqımda Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işi qaldırılıb və 23 noyabr 2018-ci il tarixdə Binəqədi Rayon Məhkəməsi tərəfindən haqqımda ittihamedici hökm çıxarılmış və mən 2 il müddətinə qazancımdan 20% məbləğində pul vəsaiti tutulmaqla islah işlərinə məhkum edilmiş və 1500 manat cərimə olunmuşam.
Mənə elan olunan ittiham ondan ibarət olub ki, guya 2 aprel 2017-ci il tarixdə Binəqədi Rayon Məhkəməsində hakim Rəşad Əliyevə və digər şəxslərə qarşı zor işlədib onlara xəsarət yetirməklə, məhkəmə zalının qapısını sındırmaqla, divarını dağıtmaqla xuliqanlıq hərəkətləri etmişəm. Bu barədə aktı hakim R.Əliyev başqa məhkəmə işçilərini də cəlb etməklə tərtib edib. Məhkum olunmağıma da səbəb həmin akt və ona imza atanlar olublar.
Diqqətinizə çatdırıram ki, həmin gün saat 09:00 radələrindən Binəqədi Rayon Məhkəməsində olsam da, iştirak edəcəyim mülki işə sədrlik edən R.Əliyev məhkəmə zalına gəlməmiş, təxminən 1 saat gözlədikdən sonra həmin ərazini tərk etmişəm. Mən məhkəməni tərk etdikdən sonra məhkəmə sənədlərində yalandan qeyd edilmişdir ki, guya məhkəmədə iştirak edib xuliqanlıq törətmişəm.
Bu saxtakarlığından, cinayətindən sonra R.Əliyev R.Mehdiyevin sevimlisinə çevrilmiş və iş fəaliyyətində vəzifəsindən sui-istifadə hallarından başqa nailiyyəti olmasa da, Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilmişdir. Bu gün isə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədridir.
Mənə qarşı törədilən bu və onlarla digər cinayət Azərbaycana gəldiyim 1989-cu ildən bu günə qədər daim Dövlətimin yanında olmağım ilə əlaqədardır. Hesab edirəm ki, Vətənə xəyanətdə ittiham olunan R.Mehdiyevin ittihamına bu cinayətlər də daxil edilməli və araşdırılmalıdır.
Cənab Baş Prokuror,
Bu ərizəm tək mənə qarşı olan haqsızlıqlarla, təqiblərlə bağlı deyil. R.Mehdiyevlər, Əli Həsənovlar, Zakir Qaralovlar və digəriləri mənim kimi Dövlətini qoruyan yüzlərlə vətənpərvər şəxslərin həyatını məhv edib, bir çoxlarını həbsxanalara saldırıb, bəzilərini sevdikləri vətənlərindən didərgin salıb, bir çoxlarını da sözün həqiqi mənasında məhv ediblər.
Əlavə olaraq yuxarıda qeyd olunan iş barədə ətraflı məlumatı və ittiham nitqimin linkini yerləşdirirəm:
1. https://www.facebook.com/share/p/1ApMvafnh9/
2. https://www.facebook.com/share/v/1EqXgGXtYu/
Hörmətlə,
Aslan İsmayılov
19 noyabr 2025-ci il"










AZ
RU
