Yenixeber.org: "Şübhəsiz ki, Ukraynanın genişmiqyaslı işğalı Rusiyanın dünyadakı mövqeyinə kəskin şəkildə sarsıdıcı zərbə vurdu. Lakin bu da bir həqiqətdir ki, müharibəyə beynəlxalq reaksiyalar tutarlı olmadı, vahid mövqedən çıxış edilmədi. Amma demokratik dünya demək olar ki, hamılıqla Rusiyanın işğalını pislədi və hər kəs Ukraynaya dəstək üçün toplandı. Qərbdən fərqli olaraq Cənubda (İran, Çin və s. ölkələr nəzərdə tutulur-red.) bir çoxları daha neytral mövqe tutmağa üstünlük verdilər. Əslində isə yalnız bir neçə ölkə Rusiyanın tərəfini tutmağa və Moskvanın məlum davranışlarını müdafiə etməyə hazır idi. Xüsusilə Vladimir Putinin beynəlxalq təcridlə üzləşdiyi bir vaxtda dörd ölkə əsas müttəfiqə çevrilib. Bunlar Çin, İran, Belarus və Ermənistandır ki, onların da Kremli dəstəkləməsi üçün müxtəlif motivləri var. Lakin bu dördlük Rusiyanın Ukraynadakı məğlubiyyətinin öz ölkələri üçün nə demək olacağı ilə bağlı ümumi qorxunu bölüşürlər", - məqalədə yazılıb.
Müəllif adıçəkilən ölkələrin beynəlxalq proseslərə reaksiyaları ilə bağlı maraqlı nüansları qeyd edib. Ən çox diqqət çəkəni isə Ermənistanın bataqlıqda çabalayan Rusiyanın himayəsi altında çaş-baş qalmasıdır.
Qeyd edilir ki, əksər erməni hələ də belə hesab edir ki, Rusiya Azərbaycan və Türkiyə tərəfindən ölkələrinin milli təhlükəsizliyinə qarşı təhdidlərdə Ermənistanın qoruyucusu rolunda çıxış edir.
Bu cür düşüncə postsovet dövrünün bir çox mərhələsində ölkənin daxili və xarici siyasətini formalaşdırıb.
O da vurğulanır ki, hazırda Ermənistanla Azərbaycan arasında tam həll olunmamış münaqişənin tənzimlənməsi səylərində Rusiyanın üstünlüyü var.
Paşinyanın proseslərdən narahatlığı isə təəccüblü hal deyil.
“Bu ölkə Moskvanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əsas üzvüdür və on il əvvəl Kremlin təzyiqi altında Avropa İttifaqı ilə assosiasiya sazişindən imtina edib. Bunun əvəzində İrəvan Putinin layihəsi olan Avrasiya İqtisadi İttifaqına qoşulub. Rusiya Ermənistanda hərbi bazalar saxlayır. Paşinyan uzaqgörən deyil, gələcəyi görə bilmir. Rusiyanın Ukraynadakı məğlubiyyəti potensial olaraq Ermənistana Avropa İttifaqı ilə iqtisadi və siyasi əlaqələri genişləndirməklə yanaşı, daha müstəqil xarici siyasət yürütməyə imkan verə bilər. Qonşu Azərbaycanla hərbi əməliyyatların yenidən başlanması təhlükəsi ilə bağlı narahatlıq da başadüşüləndir. Lakin əgər ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar Ermənistan – Azərbaycan sərhədinin tanındığı, eləcə də Qarabağın erməni əhalisi üçün qənaətbəxş təminatlara zəmanət verildiyi sülh müqaviləsinə gətirib çıxarsa, Ermənistana hərbi təcavüz ehtimalı olduqca az olacaq”, - məqalədə qeyd edilib.
"İrəvan Rusiyanın Ukraynada məğlub olacağından qorxur"-Atlantic Council
ABŞ-ın “Atlantic Council” beyin mərkəzinin saytında diqqət çəkən məqalə dərc edilib. Əsasən Ukrayna müharibəsinə həsr edilmiş yazıda qeyd edilir ki, “Çin, İran, Belarus və Ermənistan Rusiyanın məğlub olacağından qorxur”.