Paşinyan:"Rusiya Ukraynada müharibəni uduzsa, Ermənistanın başına nələr gələcəyini təsəvvür edə bilmirəm”
“Rusiya Ukraynada müharibəni uduzarsa, Ermənistanın başına nələrin gələcəyini təsəvvür edə bilmirəm”.
Yenixeber.org: Bunu Ermənistanın baş naziri Nikol Paşinyan başçılıq etdiyi hakim Mülki Müqavilə Partiyasının toplantısında bildirib.
İclasın gündəliyində xarici siyasi proseslər və Ermənistanın təhlükəsizliyi məsələləri olub. Görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və hökumətin digər təmsilçiləri iştirak edib. A.Mirzoyan mayın əvvəlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Vaşinqtonda keçirdiyi danışıqlar barədə məlumat verib.
Toplantıda çıxış edən Nikol Paşinayn ünvanına deyilən ittihamlara, o cümlədən mayın 9-da Moskvada Qələbə günü ilə bağlı keçirilən tədbirlərdə iştirakına toxunub. Onun mayın 9-da məlum tədbirlərdə iştirakı Ukrayna və Qərb tərəfindən tənqid edilib. Xatırladaq ki, Ukrayna MDB-yə üzv 7 dövlətin liderlərinin bu mərasimdə iştirakını “mənəviyyatsız və dost olmayan" davranış adlandırıb. N.Paşinyan görüş iştirakçılarının nəzərinə çatdırıb ki, Ermənistan üçün həyati əhəmiyyət kəsb edən maraqlardan çıxış edərək iştirakla bağlı doğru qərar qəbul edib. O, toplantı iştirakçılarına xatırladıb ki, İrəvan strateji tərəfdaşı olan Rusiyadan təbii qaz alır. N.Paşinyan deyib ki, Moskvada keçirilən paraddan imtina etməsi təhlükəli avantüra olardı.
“Bundan başqa Paşinyan qeyd edib ki, Ukrayna müharibəsində Rusiya uğursuzluğa düçar olarsa, Ermənistanın başına nə gələcəyinin təsəvvür belə edə bilmir”, - qəzet yazıb. Nəşrin məlumatına görə, N.Paşinyan deyib: “Bu halda Ermənistanı 100 il əvvəl baş vermiş hadisələr və müstəqilliyin itirilməsi gözləyir. Biz təkbaşına Türkiyə-Azərbaycan tandeminə qarşı müqavimət göstərə bilmərik”.
Görüşdə o, azərbaycanlıları və türkiyəli siyasətçiləri qətlə yetirən terrorçulara İrəvanda abidənin ucaldılmasına da münasibət bildirib. Baş nazir bildirib ki, onun başçılıq etdiyi hökumət Türkiyə ilə barışıq siyasəti yürütməyə çalışdığı bir zamanda belə bir abidənin ucaldılması məqsədəuyğun deyil. O, məlum abidənin ucaldılması məsələsinin onunla müzakirə edilmədiyini və bu hadisədən xəbərsiz olduğunu söyləyib. Bununla belə N.Paşinyan abidənin sökülməsi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.
Baş nazir səkkiz anklav kəndin Azərbaycana qaytarılması ilə bağlı sualı da cavabsız qoyub. “Hraparak” yazıb ki, N.Paşinyan Qarabağ və Azərbaycan Dövlət Sərhəd Xidmətinin Laçın rayonunda yaradılmış sərhəd-keçid məntəqəsi ilə bağlı məsələlərə ümumiyyətlə toxunmayıb.