Sülh danışıqları sürətlənir -yeni mühüm və mübhəm gəlişmələr...
Rusiya Xankəndidə “Vardanyan oyunu” oynadığı bir vaxtda Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının da intensivləşdiyi sezilir. Belə təəssürat yaranır ki, Qarabağdakı separatçı rejimlə bağlı məsələlər Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən kənar bir məsələ kimi qiymətləndirilir.
Yenixeber.org: Əslində nəzəri olaraq Qarabağdakı erməni əhalinin məsələsi təbii ki, Azərbaycanın daxili işidir. Ancaq o da sirr deyil ki, Rusiya bu işin həllini tapmaması üçün də var gücü ilə çalışır. Və istənilən bir anda separatçı erməniləri təxribatlara başlatmaqla sülh prosesini də tormozlamaq təhlükəsi var. Ancaq hər bir halda görünən budur ki, Kremlin Xankəndidəki “Vardanyan məkri”nin paralelində Azərbaycan-Ermənistan arasında sülh müzakirələri də intensivləşib. Hələlik detallar ictimaiyyətə açıqlanmasa da müxtəlif səviyyələrdə görüşlər, təmaslar mövcuddur. Bu kontekstdə diqqəti əsas cəlb edən detal Prezident İlham Əliyevin fevralın 14-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul etməsidir. İqor Xovayev regiona səfəri və Rusiyanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinə dəstək vermək üçün atdığı addımlar barədə Prezident İlham Əliyevə məlumat verib.
Xovayev regionda səfərdə olduğu vaxtda Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti də Rusiya Federasiyasına rəsmi səfər edib. Spiker 13 fevralda ölkənin Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb. Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb. Söhbətdə Dövlət Dumasının sədri Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən qəbul edilmiş qərarların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın regionda sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu diqqətə çatdıran spiker Sahibə Qafarova isə qeyd edib ki, Azərbaycan Ermənistana beynəlxalq hüququn beş prinsipi əsasında sülh müqaviləsinin imzalanmasını təklif edib. Lakin Ermənistanın təxribatları sülh prosesinə mane olur. Milli Məclisin sədri Sahibə Qafarova bir daha vurğulayıb ki, Ermənistan üçtərəfli bəyanatla öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir...
Hikmət Babaoğlu: “Bu, yumşaq güc, yaxud qaba güc vasitələri ilə ola bilər, qısacası, hələ sülhdən xeyli uzağıq”
Bu arada, Ermənistan XİN başçısı Ararat Mirzoyanın Türkiyəyə səfər etməsi, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə pozitiv fikirlər səsləndirməsi müəyyən ümidlər yaradır. Üstəlik, Ermənistan Türkiyəyə humanitar yardımın ikinci partiyasını göndərib. Türkiyənin Ermənstanın yardımına ehtiyacı yoxdur, sözsüz ki, burada siyasi mənanın yükü daha artıqdır. Ankara da qarşı tərəfə şans verməyə qərarlıdır, təki bölgədə normal vəziyyət yaransın.
Türkiyənin Ermənistan siyasətində Azərbaycan amilinin öndə gəldiyini ermənilər də yaxşı bilirlər. Odur ki, Mirzoyan da anlamamış deyil ki, rəsmi Ankara İrəvanla münasibətlərini sıfırdan başlayırsa, burada Azərbaycanla məsləhətləşmələr, yaxud Azərbaycan dövlətinin maraqlarının nəzərə alınması mütləqdir, bu, Şuşa Bəyannaməsi imzalanmamışdan da belə olub, bundan sonra da qardaş ölkələr arasında bütün istiqamətlər üzrə ortaq müzakirələr davam edəcək. Deməli, əgər Ermənistan Türkiyənin ona qapılarını açmasını istəyirsə, Azərbaycana qarşı cəfəng iddialarından da əl çəkməlidir. Sözsüz ki, Türkiyə əleyhinə iddialar da birdəfəlik dəfn edilməlidir.
Görünən budur ki, intensivləşən görüşlərdə əsas məsələ, məqsəd sülh müqaviləsinə və 10 noyabr bəyanatının bütün müddəalarının icrasına nail olmaqdır. Bu arada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da açıqlamaları diqqət çəkir. İlkin baxışda belə qənaətə gəlmək olar ki, Ermənistana sahibləri “daha burcutmağın yeri yoxdur” tapşırığını verərək, sülh müqaviləsini imzalamaqdan başqa çıxış yolu olmadığını başa salıblar, yaxud bu tapşırığı veriblər. Öncə onu vurğulayaq ki, ötən həftə Azərbaycanın sülh danışıqları üzrə Ermənistana yeni təkliflər göndərdiyi bəlli olmuşdu. Bunun ardınca daha bir açıqlama ilə çıxış edən Qriqoryan deyib ki, Ermənistan sülh müqaviləsinin mətni üzərində işləyir: “Tezliklə sülh müqaviləsinin mətni Azərbaycana təqdim ediləcək. Təkliflərdə Qarabağla bağlı maddələr də var. Hazırda bütün məsələlər üzərində iş aparılır və razılaşdırılır”.
Açıqlamadakı “Qarabağla bağlı müddəalar” təbii ki, birmənalı qarşılana bilməz. Azərbaycan dövləti “Qarabağ Azərbaycandır!” - deyib və bu mövzuda kiminləsə məsləhətləşəsi deyilik. Qarabağdakı ermənilər də Azərbaycan vətəndaşıdır, vəssalam! Qriqoryan habelə vurğulayıb ki, Ermənistan bütün məsələləri və problemləri rusiyalı tərəfdaşları ilə müzakirə edir. O, eyni zamanda deyib ki, Ermənistan istənilən an Türkiyə ilə sərhədləri açmağa və münasibətləri nizamlamağa hazırdır. Ekspertlərimiz bu gedişatı necə qiymətləndirir? Ermənistanın boğazı Azərbaycanın əlində olduğu bir vaxtda İrəvan növbəti dəfə sülh danışıqlarını pozmaq üçün fürsət, vaxt qazanır, yoxsa ümid etmək olar ki, bu dəfə sülh sazişinə nail olunacaq? Və ən əsası, Xankəndidə Rusiyanın tətikləməsi ilə baş verən “Vardanyan-Araik” dilemması qaldıqca sülh müzakirələrinin real nəticəsi olacağına ümid bəsləyə bilərikmi?
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu ildirdi ki, Ermənistan və Azərbaycan arasında sülhün indiyədək əldə olunmamasının əsas səbəblərindən biri də bu prosesə həddindən artıq kənar müdaxilələrin olması ilə əlaqədardır: “Hazırda vəziyyət belədir ki, ən azı üç güc mərkəzi Azərbaycanla Ermənistan arasında mümkün sülhün yaradacağı yeni reallığı öz geostrateji maraqlarına uyğun olaraq formalaşdırmaq istəyir. Əslində bu imperialist üçbucaq elə ATƏT-in keçmiş "Minsk Qrupu həmsədrləri" üçbucağıdır. Danışıqlar hər nə qədər diplomatik dairələrdə bir qədər məxfi aparılsa da, sülh danışıqlarının indiki mərhələsində tərəflərin mövqeyi çox aydındır. Rusiya çalışır ki, Cənubi Qafqazın keçmiş “qızıl açarı”, yəni vaxtilə Qafqazı idarə etmək üçün yaratdığı keçmiş Qarabağ məsələsi heç vaxt tam həll edilməsin. Çünki bu məsələnin geostrateji gündəmdən çıxması Rusiyanın Azərbaycan və Ermənistan üzərində nəzarətini tamamilə itirməsinə səbəb ola bilər".
Deputat qeyd etdi ki, ona görə də Rusiya hazırda daha çox üçtərəfli bəyanatın əsasən kommunikasiya hissəsinin yerinə yetirilməsinə fokuslanıb: “Çünki Zəngəzur dəhlizi Rusiyaya həm nəqliyyat infrastrukturu, həm də həmin dəhliz boyu sülməramlı missiya yerləşdirməsi baxımından olduqca vacibdir. Qarabağla bağlı isə yeni bir diplomatik termin yaratmağa, bunun adını "konstruktiv qeyri-müəyyənlik" qoymağa çalışırlar. Rəsmi Paris isə hesab edir ki, Rusiya artıq Cənubi Qafqazdan çıxmaq üzrədir və onun yerini elə Fransa tuta bilər. ABŞ-ın mövqeyi isə Avropa İttifaqının mövqeyi ilə eynidir, məsələyə, sadəcə, insan hüquqları prizmasından baxır".
H.Babaoğlu bildirdi ki, əslində Ermənistan da artıq məsələni ərazi məsələsi kimi deyil, erməni icmasının hüquqları məsələsi kimi görür: “Ancaq bunun üçün beynəlxalq mexanizmlər istəyir və üstəlik, mümkün sülh müqaviləsində bunu yazılı öhdəlik kimi görmək istəyir. Bu isə elə artıq Azərbaycanın həll etdiyi problemi yenidən başlatmaq deməkdir. Ona görə də rəsmi Bakı bunu qətiyyətlə rədd edir. Üstəlik, Praqa danışıqlarında Azərbaycan mühüm bir üstünlük əldə edərək bunu Ermənistana qəbul etdirə bilib. Söhbət Almatı bəyannaməsindən gedir. Həmin bəyannamədə isə qeyd edilir ki, yeni dövlətlər, yəni SSRİ-dən çıxan dövlətlər sərhədlərini SSRİ-yə daxil olduqları ərazi üzrə müəyyən edəcəklər”. Deputat bu məqamda olduqca vacib bir fakta diqqət çəkdi: “Biz isə SSRİ-yə 114 min kv.km-lik ərazi ilə daxil olmuşuq. Bax, məsələ belədir. Ona görə də sülh danışıqlarının sürətlənməsi üçün görünür, Azərbaycanın yeni hərbi-siyasi həmlələr etməsi zərurəti yarana bilər. Bu, yumşaq güc, yaxud qaba güc vasitələri ilə ola bilər. Yəni qısacası, hələ sülhdən xeyli uzağıq”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, iki məsələni bir-birindən ayırmaq lazımdır: “Bir Ermənistanla danışıqlar məsələsi var, bir də Qarabağ məsələsi. Qarabağ məsələsinin Ermənistana aidiyyəti yoxdur, bunu özümüz həll etməliyik. Azərbaycan ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin olunmalıdır. Ola bilsin bu məsələləri Rusiya ilə razılaşdırmalıyıq ki, iki ildən sonra bölgəni tərk etsin. Amma görürük ki, Rusiya da çox müəmmalı siyasət yürüdür. Bir tərəfdən Azərbaycanı sözdə strateji tərəfdaş adlandırır, ikinci tərəfdən separatçıların liderlərini mütəmadi olaraq Moskvaya çağırır, onlara nə təlimat verir, kim onlarla görüşür, bütün bunlar bizim üçün sirr olaraq qalır. Gələn xəbərlərə görə, Ruben Vardanyan Moskvada görüşlər keçirib, onu yenidən Qarabağa göndəriblər. Belə çıxır ki, Rusiya onu yenidən bizə qarşı istifadə etmək istəyir”.
O ki qaldı Ermənistana, E.Şahinoğlu bir daha qeyd etdi ki, bu, başqa bir prosesdir: “Düzdür, indi danışıqlar faktiki dondurulub, amma Ermənistan Azərbaycanın öz təkliflərini verdiyini bildirir. Biz keçən ilin martında da təkliflər vermişdik. 5 təklifin mahiyyətində iki dövlətin bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması dayanırdı. Amma cavabı gecikdirdilər, məntiqsiz təkliflərini əlavə etdilər, nəticədə keçən ilin sentyabr döyüşləri baş verdi. Ermənistana ziyan oldu, biz təmas xəttində strateji yüksəklikləri ələ keçirdik. Bu dəfə də təkliflər verilib. Yenə də təkliflərin mahiyyəti eynidir. Dövlətlər qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımalıdır”. Politoloq qeyd etdi ki, iki gün öncə Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Qarabağ məsələsini də təkliflərin içərisinə salacaqlarını açıqladı: Bu olacaqsa, yenə də heç bir nəticə ortaya çıxmayacaq və Ermənistan özünə ziyan vuracaq.
Rusiyadan Ermənistana ünvanlı son xəbərdarlıqlar da yekun sənədin imzalanmasını tezləşdirə bilər, kimi düşünücələr var... Düzdür, Moskva da məsələyə birdəfəlik son qoymaq istəmir. Amma Ermənistanın Avropa İttifaqının patrullarına, Fransa jandarmasına qucaq açması Rusiyanın səbrini daşıyır. Bu mənada Ermənistana “tərs şapalaq” da vurulması istisna deyil. Gözləyək...“Müsavat”