Əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi
Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə əbədi olaraq bir mesaj qoymuşlar: Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.
Yenixeber.org: Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı bu qarşılıqlı münasibətlər bu gün daha da genişlənməkdə və dərinləşməkdədir.
Fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələdə minlərlə insanın həlak olması, saysız-hesabsız insanın yaralanması, evsiz-eşiksiz qalması bütün azərbaycanlıları sarsıtdı. Bu faciədə də Azərbaycan Türkiyənin yanında olduğunu bir daha əməlində ortaya qoydu. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan insanı qardaş ölkəmizin üzləşdiyi dağıdıcı təbii fəlakətə dərhal öz acısı kimi reaksiya verdi. Belə ki, zəlzələ qurbanlarına dəstək məqsədilə dərhal Azərbaycan dövlətinin və xalqının genişmiqyaslı yardım kampaniyası həyata keçirildi.
Prezident cənab İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verməsi, ölkəmizin və xalqımızın qardaş Türkiyənin yanında olmasını ifadə etməsi, eləcə də dövlət qurumları ilə yanaşı, sadə vətəndaşlarımızın da yardım kampaniyasına qoşulması, eyni zamanda dövlətimizin başçısının Türkiyənin Bakıdakı səfirliyini ziyarət etməsi, matəm kitabına ürək sözlərini yazması, Türkiyənin Azərbaycandakı səfiri ilə söhbətində Azərbaycan dövlətinin və xalqının bu çətin gündə qardaş Türkiyənin yanında olması, bütün bunla bir daha əsl qardaşlıq dəstəyinin nümunəsidir. Prezident İlham Əliyevin “Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik”, sözləri xalqlarımız arasındakı münasibətin ən açıq təzahürüdür.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva da fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində etdiyi paylaşımda Türkiyədə yaşanan dəhşətli hadisənin ağır nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirərək, faciə qurbanlarına Allahdan rəhmət diləyib, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.
Bir sözlə bildirmək istəyirəm ki, dəhşətli faciə hamımızı üzsə də Azərbaycan hər zaman olduğu kimi, zəlzələnin ilk saatlarından qardaş Türkiyənin yanında olduğunu əməli fəaliyyəti ilə təsdiqləyib, öz dəstəyini, öz həmrəyliyini nümayiş etdirib. Bu acı faciənin fəsadlarının tezliklə aradan qaldırılmasını özünün şərəf işi, qardaşlıq borcu adlandırıb. Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq.
Arzu Əliyeva,
“El Gücü” Beynəlxalq Humanitar Assosasiyası
İctimai Birliyinin Binəqədi rayon nümayəndəliyinin sədri