Bakıdan İrəvana “Yeni il” ismarışı:Ordumuz NATO sisteminə keçən kimi...
Prezident erməni revanşist-radikallara son xəbərdarlığını etdi: “Hər şey nəzarətimizdədir...”; sülh müqaviləsi gələn il də əngəllənsə, nələrin olacağı məlum
Yenixeber.org: Ermənistan bu il də müxtəlif bəhanələrlə Azərbaycanla sülh müqaviləsindən yayındı. Amma altını da ən çox elə özləri çəkdilər. Fakt budur ki, kapitulyant ölkə 2023-cü ilə bir az da kiçilmiş ərazi ilə daxil olur. 2022-ci ilin sentyabr sərhəd döyüşlərinin nəticəsini deyirik. Belə getsə, yəni Bakının 5 məlum şərti əsasında sülh sazişi imzalamasa, Ermənistan 2024-ə indikindən də kiçik ərazi ilə girəcək.
Odur ki, özləri seçim eləsinlər. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin bir neçə dəfə xəbərdarlıq elədiyi kimi, əgər kapitulyant ölkə ərazi bütövlüyümüzü tanımayacaqsa, biz də onun ərazi bütövlüyünü tanımayacağıq. Baxaq görək, onda kim uduşda olacaq...
“Bu il bir çox önəmli hadisələr baş verib. Biz Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirməli olduq. Bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir”.
İlham Əliyev bu sözləri dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə söyləyib.
“Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi yoxdur. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan, - mən siyasi sahəni nəzərdə tuturam, - qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident bildirib ki, özümüzü bundan sığortalamaq üçün biz mütləq Azərbaycan-Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib olmalı idik və buna nail olduq.
Başqa sözlə, sülh müqaviləsini ləngitməklə ən böyük zərbə Ermənistana dəyəcək. Bunu anlamaq üçün xüsusi uzaqgörənıik qabiliyyətinə ehtiyac yoxdur, xəritəyə baxmaq yetər. Bu yerdə erməni tərəfinin yadına salırıq: konstitusiyamıza görə, indiki Azərbaycan Respublikası 86.6 min kv km-lik Azərbaycan SSR-in yox, məhz 114 kv km-lik Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisidir.
Bəli, bizim tarixi Türk torpaqlarında yerləşən Ermənistana ərazi iddiamız yoxdur, bir şərtlə ki, Ermənistan da ərazi bütövlüyümüzü qeyd-şərtsiz tanısın, özünü ağıllı aparsın. Bu məsələdə ona heç bir manipulyasiya haqqı tanınmayacaq. “Dağlıq Qarabağ problemini sonraya saxlamaq”, “Qarabağ ermənilərinə xüsusi imtiyaz və ya status vermək” və s. şəklində. Belə şeylər olmayacaq.
İrəvan buna cəhdlər edərsə, - əfsus ki, cəhdlər var, həm də getdikcə artır, - onda əks-nəticə ilə, o cümlədən ərazi itkisi ilə üzləşəcək. Yaxud masaya yavaş-yavaş Qərbi Azərbaycan layihəsi, Qərbi Zəngəzur, İrəvan məsələləri qoyulacaq. Təkrar edirik, qüvvədə olan konstitusiyamıza görə, indiki Azərbaycan Respublikası 86.6 min kv/km-lik Azərbaycan SSR-in yox, məhz 114 kv km-lik Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisidir.
Azərbaycanla dil tapmağın, dinc-yanaşı yaşamağın tək yolu bəlli: ərazi bütövlüyü və suverenliyimizin Qarabağ üzərində də tanınması və bunu ehtiva edən müvafiq sülh müqaviləsinin imzalanması. Özü də gecikmədən, təcili! Çünki zaman Ermənistana işləmir. Əgər İrəvanda yenə düşünürlərsə ki, sülh müqaviləsini ləngitməklə təzədən toparlanıb, İranın, Hindistanın hesabına yeni ordu qurub üstümüzə gələ, hansısa revanşist planları həyata keçirə bilərlər, kökündən yanılırlar.
Azərbaycan yerində saymır. Ordumuz artıq Türkiyə (NATO) sisteminə keçidi tamamlamaq üzrədir. Sərhəddə, Qarabağdakı separatçı kriminal ünsürlər ətrafında bütün strateji yüksəkliklər, mövqelər də bizdə. Üstəgəl, azad olunan ərazilərdə hərbi-strateji əhəmiyyətli yeni yollar, tunellər, hava limanları inşa edilib və edilir (uzağı 2025-də tam bitəcək). Yerdə nə qaldı? Baş verən dəyişikliklər “miatsum” virusundan sağalmaq, Xankəndidə mitinq keçirməyin mənasızlığını anlamaq üçün kifayət deyil?
Təəssüf ki, ermənilərin bir çoxunun xəyalı hələ də göylərdə, ABŞ-da, Fransadadır. İndi də ümidlərini BMT Təhlükəsizlik Şurasına (TŞ) bağlayıblar. O BMT ki, onun Qarabağa dair 4 qətnaməsini, təməl prinsiplərini, Nizamnaməsini 27-28 il veclərinə almadılar. “Quyruqları” qapı arasında qalandan sonra BMT yada düşdü? Laçın yolundakı qanuni aksiyanı bəhanə edib “Dağlıq Qarabağ” ifadəsini BMT TŞ səviyyəsində “sənədləşdirmək”, Azərbaycan əleyhinə qətnamə qəbuluna nail olmaq buncamı asan? Hər halda, bu həftə daha bir cəhdin ediləcəyi gözlənilir.
Ancaq ermənilərin nə qədər dost-havadarı olsa da, biz də yalqız deyilik. Ən əsası, haqq-hüquq biz tərəfdədir. Haqq isə nazilər, üzülməz! Necə ki, 30 illik erməni işğalı dövründə üzülmədi.
Odur ki, qoy erməni toplumu radikal-revanşistlərə və separatçı-avantüristlərə deyil, zamanın hökmünə boyun əysin və son dəfə yaxşıca düşünsün: əgər 30 ildə xarici havadarlar işğalı rəsmiləşdirməkdə onlara kömək edə bilmədisə, Azərbaycanın qalibiyyətli savaşından sonra, hazırkı əzici hərbi-iqtisadi üstünlüyümüz fonunda bu, ümumiyyətlə, mümkün olmayacaq! Boş yerə vaxt itirməsinlər. Tək bir yol qalıb - “daşları” ətəkdən töküb də Azərbaycanla barışmaq, sülh müqaviləsi imzalamaq...“Müsavat”