Yenixeber.org: Belə bir acınacaqlı mənzərə fonunda cənub qonşumuzdan yeni arzuolunmaz xəbərlər, maraqlı açıqlamalar gəlir. Məsələn, SEPAH-ın Kəşfiyyat Təşkilatının keçmiş rəhbəri Hüseyn Tayib deyib ki, “İslam dövləti hicab və ictimai məsələlər kimi amillərə biganə qala bilməz. Lakin əxlaq polisi tək keçmiş üsullar artıq işə yaramır və bu istiqamətdə lazımi araşdırmalar aparılmalıdır”.
O qeyd edib ki, bu gün təhlükəsizlik mühitində hicab məsələsinin müxtəlif tərəflərini araşdırmaq, izləmək mümkün deyil. Düşmənlər isə cəmiyyətdə ikitirəlik yaratmaq və kütləninin bir-biri ilə üz-üzə qalıb toqquşmasını istəyir.
Yayılan yeni xəbərlərdən biri də molla rejiminin internetə məhdudiyyət qoyacağı ilə bağlıdır. Bununla bağlı İran prezidenti İbrahim Rəisi “milli internet”in daha tez işə salınmasına çağırış etməsini göstərmək olar. Tezliklə İranda internet milliləşdiriləcək və xalq yalnız yerli saytlara daxil olmaq imkanı əldə edəcək. Bu addım ölkədə 3 aydır davam edən etiraz aksiyalarının sosial şəbəkələrdə daha geniş yayılmaması və etirazçıların bir- biri ilə əlaqələrini kəsmək üçün atılacaq.
Bu arada ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da İranda yaşanan hadisələrə, internetlə bağlı yaranan böhrana reaksiya verərək maraqlı təkliflər irəli sürüb. O, ölkədə qanunsuz həbslərin davam etdirilməsini pisləyərək deyib: “İran xalqının internet probleminin həlli üçün özəl şirkətlər və digər dövlətlərlə əməkdaşlıq etməyə hazırıq. Əgər həmin texnologiya şirkətləri və dövlətlər İran xalqının bir-biri ilə və xarici dünya ilə ünsiyyət qura bilmələri üçün onlara kömək etməklə bağlı yaxşı təkliflər verərsə, biz bu layihələrin həyata keçirilməsində onları dinləməyə və əməkdaşlıq etməyə hazırıq".
İran əslində etirazlar baş verən dönəmdə deyil, ondan əvvəlki aylarda və illərdə də dözülməz bir rejimə, ölkəyə çevrilmişdi. Bu səbəbdən də insanlar kütləvi şəkildə öz vətənlərini tərk etməyin, maliyyələrini ölkədən çıxarmağın yollarını axtarırdılar. “Ettelaat” qəzeti ki, son il yarımda İrandan təkcə Kanadaya 70 milyard dollar çıxarılıb. Son iki ildə isə orta hesabla hər il 40.000 iranlı Kanadaya mühacirət edib.