QARABAĞ MÜHARİBƏSİ BİTİB, AZƏRBAYCAN-ERMƏNİSTAN SAVAŞI DAVAM EDİR! –“Bu şəhər düşmən paytaxtı olmaqdan çıxıb...”
90-cı illərin hərbi reallıqları ortadan qalxdıqca, Ermənistan 30 il əvvəlki işğalın mirasına, əslində növbəti tələsinə düşür. Azərbaycanın hüquqi-siyasi varlığını o vaxt tanımayanlar indi sovet xəritələrinə istinad edib, sərhədlərin mövcudluğunu bəyan edirlər, bir vaxtlar bütün Qafqazlara və Azərbaycan torpaqlarına iddialarının üzərindən xətt çəkərək, “kiçik Ermənistan”a sığınırlar.
Yenixeber.org: “Ərazi bütövlüyü” termini erməni liderlərinin dilində ən çox işlənən ifadəyə çevrilibsə, böyük psixoloji evolyusiya baş verib. Gerçəkdən də 44 günlük müqəddəs müharibənin misilsiz hərbi-siyasi nəticələri ortadadır. Lakin sentyabrın 12-də gecə başlanan hərbi toqquşma 2020-ci ilin müharibəsinin davamıdır, Zəfərimizi daha da möhkəmləndirərək hələ də “26 senyabr beyni” ilə düşünən dünya ermənilərinin əndazəsiz iddialarına çərçivə çəkdi, öz qanları ilə sərhəddi xətləyən və nişanlayan, vətənin hüdudlarını dünyaya və düşmənə göstərən hadisə oldu. Son döyüşlərsiz məğlublara Qələbəmizi tanıtdırmaq çətin olardı. Halbuki, dünya dövlətləri, “Böyük qayıdış”da iştirak edən kompaniyalar və milyardlarla dünya insanı 8 noyabr Zəfərinin legitimliyini qəbul edirlər. Azərbaycan ordusu sərhəd xəttini çəkməyə başladısa, biz hərbi diplomatiyanın gücündən daim istifadə edəcəyik. Silahlı Qüvvələr və qazanılan hər qarşı torpaq, yüksəklik danışıqlarda Ali Baş Komandanın şərtlərini və diqtəsini gücləndirir. Dünyanın yenidən bölgüsü və sağ qalma savaşı bizi tələsdirir. Ona görə də bufer zona Göyçədən Zəngəzuradək əraziləri əhatə edərək, hər hansı işğalçılıq planını nəzərdə tutmur, daha çox Ermənistanı regionda özü boyda bufer əraziyə çevirməyi hədəfləyir. Söhbət onun yüz illər əvvəlki ayırıcı rolunu ortadan qaldıraraq, indi dəyişən hərbi-siyasi reallıqda Bakı-İrəvan-Ankara üçlüyünü, iqtisadi-siyasi, ticarət və nəticədə təhlükəsizlik zonası qurmaqdan gedir.
Sərhəd xətlərini son əməliyyatların nəticəsində yada salan və sovet xəritəsinə istinad edən erməni Baş nazir ərazi bütövlüyünü son sığınacaq seçərək onu gur səslə tribunalardan səsləndirir. Təkcə o deyil, əksər erməni siyasiləri o arqumenti diplomatik zirehə çeviriblər. Halbuki, son 30 ildə o termini Azərbaycan bəyan edəndə bizə həqarət edirdilər. Ona görə də tarix təkrar olunur - əks işarə ilə, fars şəklində. Çox keçməyəcək, Ermənistan rəhbərləri Zəngəzur əvəzinə İrəvandan dinc keçid təklif edəcəklər. Beləliklə, zəif xalqlar iddialarını potensiallarından yuxarıya daşıyanda mümkün olanları da itirirlər. İki dövlət istəyənlər indi Hüseynəli xanın İrəvanında birini də qura bilmirlər. Ermənilər təbiət məntiqini pozub, monofauna və təkflorada səhraya çevrilən torpaqlarda olduğu kimi, yalnızlığın acısını yaşayaraq, bütün kənd və qəsəbələrdə, bütün Ermənistanda psixoloji səhralaşma yaşayırlar.
Qarabağ müharibəsi bitib, indi Ermənistan içərisində Qarabağ başlayıb. Müharibələr, inqilablar eynidir - öz balalarını yeyir. Təkcə miqyas dəyişməyib, həm də savaşın etməni-azərbaycanlı müharibəsinə, yəni, ərazidən etnik-milli müharibəyə keçməməsi üçün sülh gündəliyindən imtina etməmək gərəkdir. Qarabağ müharibəsi sona çatıb, Ermənitan-Azərbaycan savaşını da başa vurmaq üçün son əməliyyatların insan və texnika itkilərindən, eləcə də sərhədyanı evlərdə atəş səslərini eşidərək İrəvana axışan minlərlə insanın - erməni xalqının “sentyabr sindromu”ndan qurtulması üçün əbədi düşmənçiliyə son qoymalıdılar. Çünki son yüksəkliklər Xankəndinə deyil, İrəvana gedən yolları görməyə imkan verir. Bu şəhər düşmən paytaxtı olmaqdan çıxıb. Mənəvi sahiblik həmişə siyasi nəticələr doğurur.
Zahid ORUC