Ermənistanda “böyük partlayış” gözlənilir:İrəvan üçün ən ağır ay gəlir
10 noyabr sənədinin icrası kapitulyant ölkənin revanş şansını həmişəlik basdıracaq; erməni nəşrindən təlaş: “Budəfəki görüşdə Əliyev məsələni çox sərt şəkildə qoyacaq...”
Yenixeber.org: Ötən həftənin diqqət çəkən siyasi olaylarından biri də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Brüssel görüşü oldu. Sayca ikinci olan bu təmas barədə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar xəbər versə də, nə rəsmi Bakı, nə də rəsmi İrəvan təfərrüatı açıqlamadı. Klaar yalnız “yaxşı və əsaslı müzakirələrimiz oldu”, - deyə öz twitter hesabında yazdı.
İstisna deyil ki, müzakirələr Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında növbəti Brüssel görüşü ilə bağlı olub. Hər halda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel az öncə növbəti belə bir görüşün anonsunu vermişdi. Maraqlıdır ki, bu ərəfədə Rusiya tərəfinin də Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşünü təşkil edə biləcəyi barədə məlumat yayılıb. Hətta konkret tarix də deyilir - 31 avqust.
Lakin iki ölkə rəsmiləri arasında yüksək səviyyəli təmasların harada keçirilməsindən asılı olmayaraq, fakt budur ki, Ermənistan rəhbərliyi gündəmi öz xeyrinə dəyişməyə çalışır, cığallıq edir, sülh danışıqlarına hələ də ciddi yanaşmır, danışıqları imitasiya edir. Buna sırf vaxt uzatmaq, revanş üçün fürsət qazanmaq vasitəsi kimi baxır. Bu isə ən əvvəl elə erməni tərəfinə böyük risk vəd edir. Çünki Bakı rəsmi İrəvanın siyasi hoqqabazlığının hara apardığının yaxşı fərqindədir və İrəvana “revanş lüksü” tanımaq niyyətində deyil.
Tam əksinə, Paşinyan hökumətinin sülh oyunlarından təngə gələn Azərbaycan və onun Prezidenti Moskvada və ya Brüsseldə baş tutmasından asılı olmayaraq, növbəti yüksək səviyyəli görüşdə bu dəfə məsələni mütləq sərt qoymağa hazırlaşır. Söhbət İrəvanın hər şeydən öncə 10 noyabr sənədinin yerinə yetirmədiyi bəndlərindən - erməni silahlı qüvvələrinin ərazimizdən çıxarılması və Zəngəzur dəhlizi ilə bağlı öhdəlikdən gedir.
Söz düşmüşkən, “hazırda Rusiya və Türkiyə arasında Zəngəzur dəhlizi ilə bağlı intensiv müzakirələr gedir”. Bunu Türkiyənin ticarət nazirinin müavini, Gömrük Departamentinin rəisi Reza Tunu Turağay deyib. Onun sözlərinə görə, Türkiyə Azərbaycanla ticarət dövriyyəsinin həcmini 5 milyard dollardan 15 milyard dollara çatdırmağı planlaşdırır ki, bu da Zəngəzur dəhlizinin vaxtında açılmasını vacib edir. “Zəngəzur dəhlizinin açılması Türkiyəyə ”Azərbaycana, oradan da Orta Asiya ölkələrinə çıxış əldə etmək, ticarət həcmini artırmaq baxımından üstünlük verəcək. Biz dəhlizin çox yaxın vaxtlarda açılacağını gözləyirik", - deyə nazir müavini bildirib.
“Hraparak” erməni nəşri isə bu xüsusda belə yazır: “Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın növbəti üçtərəfli görüşü avqustun 31-də Moskvada baş tuta bilər. Rusiya dairələrindən alınan məlumata görə, İlham Əliyev bu görüşdə Zəngəzur dəhlizi məsələni sərt şəkildə qaldıracaq. Rusiyalılar hesab edir ki, Əliyev qətiyyətlidir və Paşinyanın vədlərinə inanmaq və ona vaxtı uzatmağa imkan vermək niyyətində deyil”.
“Ermənistanın hərbi revanş imkanı yoxdur. Və heç kim də ona bu imkanı verməyəcək. Di gəl, erməni xadimlər erməni cəmiyyətinin bir hissəsinə bu ümidləri sırımağa davam edir”.
Bunu da rusiyalı politoloq Aleksandr Perendciyev deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazdakı situasiya hər hansı revanşı istisna edir. “Gələcəkdə artıq Çin sayəsində inkişaf edən yeni qlobal iqtisadi modelə qoşulmaq məsələsi ortaya çıxacaq. Çinin ”Bir kəmər, bir yol" layihəsini və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini xatırlayın. Cənubi Qafqazdakı kommunikasiyalar bütün bu planın tərkib hissəsidir. Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli hökumət komissiyası boşuna yaradılmayıb", - deyə ekspert İrəvanı ağlını başına yığmağa və reallıqla barışmağa çağırıb.
Digər rusiyalı politoloq, daha çox ermənipərəst mövqeyi ilə tanınan Stanislav Tarasov isə erməni mətbuatına müsahibəsində gözlənilmədən “Qarabağ Azərbaycandır” deyib (Axar.az).
“Bakı Qarabağ ermənilərinin taleyini yalnız özü həll edir. Bunun üçün Bakıya nə Minsk Qrupu, nə də İrəvan lazımdır. Çünki Qarabağ Azərbaycan ərazisidir! Bütün Dağlıq Qarabağ Azərbaycandır! Rus sülhməramlılar da Azərbaycan ərazisində müvəqqəti yerləşdirilib. Bir də deyirəm ki, Qarabağ ermənilərinin taleyi yalnız Bakının əlindədir”, - Tarasov qeyd edib.
Öz növbəsində erməni rejissor və ictimai xadim Ohanes Qalstyan hesab edir ki, sentyabr ayı Ermənistan dövləti və ümumilikdə erməni xalqı üçün kulminasiya ayı olacaq.
Fikrini o, belə izah edib: “Ən ciddi proseslər məhz bu ay baş verəcək. Bu proseslərdən dərhal sonra Azərbaycan, türk maşınları İrəvan küçələrində şütüyəcək, Xankəndiyə nəzarət Bakıya keçəcək və bundan nəinki Azərbaycan xalqı, hətta Qarabağda yaşayan ermənilər də sevinəcək. Onlar aclıq, səfalət, işsizlikdən çıxıb işıqlı, gözəl həyata qədəm qoyacaq. Ermənistan hakimiyyətinin onlara verə bilmədiyini Bakı verəcək”.
Qalstyana görə, İrəvanın ticarət mərkəzindəki partlayış ümumilikdə Ermənistanda sentyabrda olacaq böyük “partlayışın” kiçik modelidir. “Biz hazırda bomba üzərində oturmuşuq. Ermənistanın qorxulu yuxusu çox davam edə bilməz, yaxın vaxtlarda biz yeni fazaya qədəm qoyacağıq. Orada necə olacağı isə özümüzdən asılıdır”, - deyə o fikrini tamamlayıb.
***
Demək, hər şey yenə məhz ermənilərin özündən, onların seçimindən asılı olacaq. Yəqin ki, tarix onlara bir də belə şans tanımayacaq...
“Müsavat”