MÜHARİBƏNİN TALEYİNİ DƏYİŞƏCƏK ZƏRBƏ... –“Rusiyanın özü demilitarizasiya edilir...”
Yenixeber.org: Hərbi ekspertlər aviabazanın raket zərbələri ilə vurulduğu fikrində həmrəydir. Lakin raketin tipi məlum deyil. Pentaqonun Ukraynaya 17-ci hərbi yardım paketi çərçivəsində satdığı 300 kilometrə qədər hədədflərə dəqiq zərbə endirə bilən ATACMS reaktiv artilleriya sistemi olma ehtimalı yüksəkdir.
Ukrayna Baş Qərargahının 9 hərbi təyyarənin məhv edildiyi barədə yaydığı məlumat təsdiqini tapıb. Bəzi mənbələr məhv edilən təyyarələrin sayının 9-dan çox olduğunu bildirir. Hadisə zamanı raketlərin, aviasiya bombalarının və yanacaq çənlərinin partlaması nəticəsində pilotlar və texpersonal arasında ölənlər olduğu dəqiqdir. Lakin sayı məlum deyil. Hadisədə aviabazanın infrastrukturu da ciddi zədə alıb və bərpaya ehtiyacı var. Yəni strateji əhəmiyyətli hərbi obyektin müəyyən müddətə sıradan çıxdığını söyləmək olar.
Siyasi təhlilçi Şahin Cəfərli Krımda məhv edilən bu strateji hərbi obyektin Rusiya-Ukrayna müharibəsinin gedişinə mümkün təsirlərini bir neçə qrupa bölür:
"Sırf hərbi nöqteyi-nəzərdən yanaşdıqda şübhəsiz ki, Rusiya Hərbi Hava Qüvvələrinin ağır itkilərə məruz qaldığı qeyd olunmalıdır. Azı 9 hərbi təyyarənin itirilməsi, infrastrukturun sıradan çıxması, pilotların və texniki personalın ölümü-yaralanması "xüsusi əməliyyat" kateqoriyasına uyğun gəlməyəcək qədər böyük itkidir;
Yenə hərbi baxımdan olayı qiymətləndirdikdə Rusiya hava-raket hücumundan müdafiə sistemləri ilə bağlı ciddi suallar ortaya çıxır. Rusiya ötən 8 ildə özünün bütün növ və hər cür radiuslu (yaxın, orta, uzaq məsafəli) HHM sistemlərini Krıma doldurub. Rusiya komandanlığı dəfələrlə arxayınlıqla bəyan etmişdi ki, Krımın üzərindən quş da səkə bilməz. Bu lovğalığın əsasının olmadığı üzə çıxdı. Rusiyadan HHM sistemləri alan ölkələr bu barədə düşünməlidir;
"Moskva" flaqman gəmisinin batırılmasından sonra Ukrayna savaşının gedişatında Rusiya ordusu və ümumilikdə rus dövlətinin reputasiyası, beynəlxalq nüfuzu növbəti ağır yara aldı. Və belə görünür ki, bu, hələ son olmayacaq. ABŞ və digər NATO ölkələrinin Ukraynaya verdiyi silahlar onların bu sahədə imkanlarının yəqin ki, heç 1 faizi də deyil. Ukrayna ilə bacarmayan Rusiyanın belə bir vəziyyətdə ABŞ və NATO ilə hədə dilində danışmağa davam etməsi artıq gülüş doğurur və ciddi qəbul edilmir. Rusiya bu baxımdan İran rejiminə bənzəməyə başlayıb;
Olay Ukrayna ordusunun əlində 200-300 km məsafəyə zərbə endirməyə imkan verən raketlər olduğunu göstərir ki, bu, savaşın seyrini dəyişdirəcək bir yenilikdir;
Ukraynanın Rusiya dövləti tərəfindən "toxunulmaz rus torpağı" elan olunan və bu səbəbdən nüvə çətirinin müdafiəsi altında olduğu bəyan edilən Krıma gözünü qırpmadan zərbə endirməsi, daha əvvəl də vurğuladığımız kimi, Rusiyanın Ukrayna üzərində bütün çəkindiriciliyini itirdiyinin, ukraynalıların da öz növbəsində qorxu hissini tamamilə itirərək nə qədər "derzkiy" hərəkət etdiyinin göstəricisidir. Belə bir düşmənlə müharibə aparmaq çox çətin işdir. Müharibənin 6-cı ayında Ukraynanın hərbi əməliyyatları Krım ərazisinə keçirərək geostrateji önəmi yüksək olan bu ərazi üzərində iddiasını net şəkildə ortaya qoyması çox önəmli gəlişmədir;
Ukraynanın bu aşırı cəsarəti Qərbdə müəyyən narahatlıq yaratsa da (mümkün nüvə eskalasiyası ehtimalına görə), Putinin bütün qırmızı xətləri keçərək Avropada böyük savaş törətməsi, enerji və qida terroruna əl atması onların da səbr kasasını doldurub. Qərb öz nəhəng resursları ilə Ukraynanı çox rahatlıqla uzun müddət maddi və hərbi baxımdan dəstəkləyib, ayaqda saxlaya bilər. Və bunu edəcək. (G-7 və NATO səviyyəsində bu barədə qərarlar var.) Tənəzzüldəki depressiv Rusiyanın bu sahədə Qərblə yarışa girəcək potensialı yoxdur, yaxın, orta və uzaq perspektivdə də olmayacaq. Ukraynanın demilitarizasiyası hədəfi ilə işğalçı yürüşə başlayan Rusiyanın özü demilitarizasiya edilir və ediləcək;
Britaniya müdafiə naziri Krımdakı Rusiya hərbi obyektlərinin Ukrayna üçün legitim hədəf olduğunu bəyan edib. (Yeri gəlmişkən, Britaniya Ukraynaya HİMARS-ın tırtıllı variantı olan daha 3 ədəd M-270 sistemi verəcək.) Ağ Ev isə Krımdakı hadisəyə dair suala cavabında Ukraynanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini dəstəklədiklərini bildirib. Yəni Ukrayna öz milli qurtuluş savaşında, o cümlədən Krım yarımadasının işğaldan azad olunması siyasətində Qərbin - ən azı anqlo-sakson dünyasının dəstəyinə sahibdir, bu isə çox mühüm amildir".
Təhliçi hesab edir ki, Rusiya bu savaşın yekununda ordusu xeyli zəifləmiş, dünya enerji və silah bazarlarından sıxışdırılmış, destruktiv potensialı ciddi şəkildə aşınmış orta səviyyəli regional güc səviyyəsinə enəcək.
Onun sözlərinə görə, tamamilə hərbiləşdirilmiş, bərpa üçün axıdılacaq böyük həcmdə vəsaitlərlə iqtisadi inkişafı da zamanla təmin olunacaq Ukrayna dövləti Baltik-Qara dəniz regionunda Rusiya təhdidini önləyəcək əsas faktora çevriləcək.
"Güclü Ukrayna milli dövlətinin mövcudluğu rus imperializminin dirçəlməsini apriori qeyri-mümkün hala gətirir", - Şahin Cəfərli vurğulayıb.