““HİMARS” SİSTEMLƏRİNDƏN BİR DƏNƏ DƏ İTKİMİZ OLMAYIB” –Şoyqu yalanlarla ordusuna ürək-dirək verir
“Bizim indiyə qədər “HİMARS” sistemlərindən bir dənə də itkimiz olmayıb. Bu, ondan istifadəni nə qədər tez və yaxşı öyrəndiyimizi göstərir”.
Yenixeber.org: Bunu Ukrayna Ordusunun “Pivden” operativ komandanlığının rəhbəri, general-mayor Andrey Kovalçuk mətbuata açıqlamasında deyib.
Kovalçuk əlavə edib ki, bu sistemlərdən atılan hər bir raket dəqiqliklə öz hədəfinə çatıb: “Hər bir raket hansısa körpünü, ya da silah anbarını məhv edib. Atılan hər bir raket öz dəyərindən qat-qat artıq dəyəri olan Rusiya texnikasını və hərbi avadanlığını məhv edir”. General deyib ki, Rusiya tərəfi onlardan fərqli olaraq, milyonlarla dəyəri olan raketləri hara gəldi atır.
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu isə bu gün Ukrayna tərəfinə endirilən zərbələr nəticəsində guya iyul ayı ərzində 6 ədəd “HİMARS” sisteminin və ona aid 200 raketin məhv edildiyini iddia edib. Lakin mütəxəssislər Rusiyanın bu bəyanatlarına böyük şübhə ilə yanaşırlar. Belə ki, ABŞ-ın Ukraynaya verdiyi “HİMARS”-lar olduqca mobil sistemlərdir və şassi üzərində quraşdırılan, cəmi 3 nəfərlik heyəti olan bu sistemləri 3-5 dəqiqə ərzində atışa hazırlamaq və elə həmin vaxta da atış nöqtəsindən uzaqlaşdırmaq mümkündür. Bu səbəbdən onların yerini müəyyən edərək, məhv etmək Rusiya üçün olduqca çətindir. Çünki Rusiya artilleriyasının və raket komplekslərinin bunun üçün texniki imkanları yoxdur. Digər yandan, bu sistemlər əslində, Ukraynada hələlik raketlərdən yox, reaktiv mərmilərdən istifadə edir ki, bunlar da adi raketlərdən daha kiçik və sürətli olduğu üçün həmin mərmiləri vurmaq praktiki cəhətdən demək olar, imkansızdır. Əksər hərbi ekspertlər bildirirlər ki, həmin mərmiləri qismən də olsa, yalnız İsrailin “dəmir qübbə” sistemi vasitəsilə zərərsizləşdirmək olar. Belə bir sistem isə Rusiyada yoxdur.
Nəhayət, əgər Rusiya doğrudan da Ukraynaya verilmiş məhdud sayda “HİMARS” sistemlərindən 6 ədədini vursaydı, bu, mütləq özünü cəbhə xəttindəki vəziyyətdə göstərərdi. Əksinə, hazırda görünən odur ki, Ukrayna tərəfi daha intensiv şəkildə bütün cəbhə boyu Rusiyanın təchizat xətlərini, körpüləri, həbi texnika və silah-sursat anbarlarını vurmaqda davam edir. Şoyqunun söylədikləri isə belə görünür ki, rusiyalıları sakitləşdirmək və orduya ürək-dirək vermək üçün ortaya atılan növbəti “feyk”dir.
Xatırladaq ki, Rusiyadakı bir çox ekspertlər, o cümlədən də Donetskdəki separatçı “dxr”-in sabiq baş komandanı İqor Strelkov (Qirkin) “HİMARS”-ların müharibənin gedişinə çox ciddi şəkildə təsir göstərdiyini etiraf edib.