Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Silahlı Qüvvələrinin İraqda guya dinc sakinləri atəşə tutmasına dair yayılan məlumatlara münasibət bildirib.

Yenixeber.org: “Anadolu” agentliyi xəbər verir ki, o, belə informasiyaların həqiqət olmadığını söyləyib.

“Türkiyə Silahlı Qüvvələrindən aldığımız bilgiyə görə, İraqın Duhok bölgəsində dinc sakinlərə qarşı hər hansısa hücumumuz olmayıb”, – XİN başçısı vurğulayıb.

“Dünyasını dəyişən 9 qardaşımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik. Lazım gələrsə, müalicə üçün yaralıları Türkiyəyə də gətirə biləcəyimizi dedik. Bu hücumla bağlı Türkiyəni ittiham edən və ləkələyən xəbərlər də var. Biz açıqlamamızda bunu açıq şəkildə təkzib etmişik, daha doğrusu, bütün dünya bilir ki, Türkiyə heç vaxt dinc əhaliyə qarşı əks-hücum keçirməyib.

Biz beynəlxalq hüquq normalarına uyğun olaraq terrorla mübarizəmizi davam etdiririk. Dünən bu xəbər gələn kimi, təbii ki, müvafiq qurumlarımızla məsləhətləşmələr apardıq. Türkiyə Silahlı Qüvvələrindən aldığımız məlumata görə, biz heç bir mülki şəxsə hücum etməmişik. Hədəfimiz Suriyadakı terror təşkilatları olub. Əməliyyatlarımız İraqda həmişə terror təşkilatlarına qarşı yönəlib. Terror təşkilatları tərəfindən həyata keçirildiyini düşündüyümüz bu xain hücumla bağlı İraq rəsmiləri ilə əməkdaşlıq edə biləcəyimizi də açıqladıq. Burada bir daha vurğulamaq istərdik: Türkiyəyə qarşı ittihamları rədd edirik və bəyanatları rədd edirik”.

Qeyd edək ki, iraqlılar Türkiyə ərazisindən açılan artilleriya atəşi nəticəsində 8 nəfər öldüyü, 23 nəfərin isə yaralandığını iddia edirlər. Bundan sonra yüzlərlə adam İraq səfirliyinə hücum etməyə cəhd göstərib.

“TRT Haber”in xəbərinə görə, Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalında mülki sakinlərin ölümü ilə nəticələnən hasisəni PKK/YPG-PYD terror qruplaşmasının törətdiyini açıqlayıb. Qeyd olunub ki, PKK-nı təbliğ edən KİV Türkiyə Silahllı Qüvvələrin Duhokda keçirdiyi əməliyyat nəticəsində mülki şəxslərin öldüyünə dair yalan informasiya yayıb: “Terror qruplaşması mülki şəxsləri hədəfə alaraq bölgədəki kəndlərə, tarla və bağçalara hücum edir. Bəhs edilən hadisədə terrorçular tərəfindən törədilib”.

Rəsmi Ankara hadisənin araşdırılması üçün bütün imkanlardan istifadə edəcəyini açıqlayıb. Türkiyənin Xarici İşlər Nazirliyi cinayəti törədənləri tapmaq üçün İraqı əməkdaşlığa çağırıb.

Rəsmi Bağdad isə İraqın Duhokun dağlıq ərazisində baş verən hadisə ilə əlaqədar Türkiyədəki səfiri Hüseyin El-Hatibini geri çağırıb.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçu PKK/YPG-PYD, İŞİD qruplaşmasına qarşı antiterror əməliyyat keçirir. İraqın bu bölgəsi kürd muxtar bölgəsidir. PKK qruplaşması diqqəti üzərindən yayındırmaq məqsədilə regiondakı mülki şəxslərə hücum edir.