Putinin illərdir bəslədiyi planın iflasa uğradığı artıq bəllidir.
Yenixeber.org: Putin Donbassda Ukrayna qoşunlarını mühasirəyə almaq, əsas hərbi və iqtisadi infrastrukturu ələ keçirmək, Kiyev və Xarkovu blokadaya almaq istəyirdi ki, Zelenskini təslim olmağa məcbur etsin. Eyni zamanda, Putin Ukrayna qoşunlarının təslim olacağına, Qərbin sanksiyalarının yumşaldılacağına ümid edirdi. Düşünürəm ki, Rusiya Federasiyasının prezidenti Kiyevdə marionet rejimi qurmağı planlaşdırırdı.
Nəticədə, bütün bu məqamlarda o, tamamilə yanıldı. Budur, həqiqətdə nə baş verdi?
Birinci. Zelenski özünü cəsur və effektiv hərbi lider kimi göstərdi. İnformasiya müharibəsində qalib gəldi. İndi o, Putinin hərbi Qoliatına qarşı olan David kimi qəbul edilir.
İkinci. Ukrayna qoşunları və mülki şəxslər üstün qüvvələrə qarşı cəsarətlə vuruşdular. Ancaq Ukrayna haqqında ən azı bir şey bilən hər kəs bunun belə olacağını başa düşürdü. Bunlar ədalətsizliyə və repressiyaya qarşı iki inqilab edən və 7 il Donbasda Putinlə vuruşan, nəticədə 15 min iitki verən insanlardır. Və bu sadəcə onu göstərir ki, Putin heç vaxt Ukrayna və ya ukraynalıları əldə etməyəcək. Ukraynalılar ondan əsaslı şəkildə fərqlənirlər. Bu ölkənin bütün vətəndaşları azadlığı yüksək qiymətləndirirlər və onun uğrunda vuruşmağa və ölməyə hazırdırlar.
Ukrayna müharibəni uduzsa belə, ukraynalılar yenə də vuruşacaqlar. Bu, uzun illər Rusiya üçün ağır yük olacaq. Putini hakimiyyətdə saxlamaq, sərvətini saxlamaq üçün ruslar öz əsgərlərinin qanı ilə pul ödəyirlər.
Putin yəqin ki, ukraynalıların rus qoşunlarını qucaq açaraq qarşılayacağını düşünürdü. Etiraf edirəm ki, mən də elə düşünürdüm ki, Putin bu müharibəni nisbətən asanlıqla qazanacaq, amma heç vaxt sülh qazana bilməyəcək. Hansı ki, çox güman ki, bu, onun sonunun başlanğıcı olacaq. Ukrayna onun şəxsi Əfqanıstanıdır. Putin bu münaqişənin bədəlini qarşıdakı illərdə ödəyəcək. Bu, Rusiya Federasiyasının Prezidentinin parlaq bir taktikaçı olduğu üçün naşı kimi səhv hesabladığı yerdir.
İndi isə Zelenski və Ukraynanın siyasi rəhbərliyi haqqında danışacağam. Qaynar siyasi mənzərənin bir üstünlüyü Zelenskiyə sui-qəsd ediləcəyi təqdirdə mübarizəni davam etdirəcək liderlərin çoxluğudur – Petro Poroşenko, Vitali Kliçko, Yuliya Timoşenko, Arseni Yatsenyuk, Arsen Avakov, Andriy Yermak, Andriy Sadovyi. Çoxlarının adını çəkə bilərəm. Ukrayna Putinə qarşı birləşdi. Deməli, Ukrayna rəhbərliyinin başını kəsmək fikri növbəti yanlış hesablamadır. Əgər Zelenski şəhidlər sırasına qoşulsa, o zaman daha çox insan Putinə nifrətlə alışıb-yanacaq, daha çox insan döyüşməyə hazır olacaq.
Üçüncüsü, sanksiyalar haqqında. Zelenskinin cəsarəti və fədakarlığı dünyanı fəth etdi. Qərb utanır. Qərb nəhayət ki, Rusiyaya qarşı sanksiyalara öz töhfəsini verdi. Hətta Almaniya da silah verməyə razılaşdı. Ümid edirəm ki, hələ də gec deyil.
Rusiyanın bütün iri bankları artıq sanksiyalar altındadır. SWIFT iştirak edir, Rusiya Federasiyası Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq olunur. Ümid edirəm ki, JP Morgan və BAML ciblərini doldurduqları yerdə ESG haqqında danışmağı dayandıracaqlar və hələ də Rusiya qiymətli kağızlarını investisiya indekslərindən atacaqlar.
Buna görə də Rusiya iqtisadiyyatı və bazarları məhv olacaq. Kim ağlı başında Rusiyaya sərmayə qoyar və ya Putinin yaramaz rejimi ilə iş görər? Və Rusiya Mərkəzi Bankı indi rublu qorumaq üçün 640 milyard dollarlıq ehtiyatlarına çıxış üçün mübarizə aparacaq. Ruslar rublun ucuzlaşmasından və bank əmanətlərinin təhlükəsizliyindən narahat olmağa başlayacaqlar. Rusiya Federasiyası Mərkəzi Bankı buna faiz dərəcələrini artırmaqla cavab verməli olacaq ki, bu da investisiyaların və iqtisadi artımın daha da məhdudlaşdırılmasına gətirib çıxaracaq.
Mən hiss edirəm ki, Putin inanılmaz səhv hesablama edib və nəticədə bunun əvəzini vəzifədən kənarlaşdırılmaqla ödəyəcək. Minlərlə rus anaları oğullarının yasını tutacaqlar. Ruslar həyat standartlarının aşağı düşdüyünü və əmanətlərinin azaldığını görəcəklər. Bəs uçuşlar və aviaşirkətlərə qadağa qoyulanda onlar necə səyahət edəcəklər?!
Timoti Eş,
jurnalist
Tərcümə etdi: Sevinc Paşayeva
(konkret.az)