Sərhədlər açılır, səfirliklər isə... -Bakı və Ankaradan İrəvana sonuncu “xilas kəməri”
Brüssel görüşü öncəsi kritik gəlişmə; Ermənistanın qurtuluş düsturu masa üzərində...
Yenixeber.org: Azərbaycan və Türkiyə Ermənistanı dərin iqtisadi-siyasi bataqlıqdan çıxarmaq yönündə cəhdlərini davam etdirir. Bakı və Ankara bunu əlbəttə ki, sırf xoş məramla, bölgədə daimi sülhdə və əməkdaşlıqda, maraqlı olduğu üçün, müharibə və qarşıdurmaların bir daha yaşanmaması üçün edir, nəinki buna hansısa paytaxtdan və ya mərkəzdən çəkinərək gedir.
Ayrı sözlə, bu, regionda güclü və qalib tərəfin nümayiş etdirdiyi bir mövqe, jestlərdir. Eyni zamanda, sözsüz ki, bölgədə vazkeçilməz amilə çevrilən Azərbaycan-Türkiyə tandeminin tarixi məsuliyyətindən və missiyasından irəli gələn bir davranışdır. Erməni xalqına uzadılan barışıq əllərinin, atılan “xilas kəmərləri”nin tək məqsədi bu: Cənubi Qafqazı sülh, dostluq, mehriban qonşuluğun hökm sürdüyü, bütün xalqlar üçün rifah məkanına çevirmək.
*****
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun srağagünkü açıqlaması da eyni hədəfə hesablanıb. Xəbər verildiyi kimi, qardaş ölkənin XİN başçısı Türkiyə ilə Ermənistan arasında ikitərəfli əlaqələrin normallaşması istiqamətində addımları müzakirə etmək üçün xüsusi nümayəndə təyin ediləcəyini söyləyib. Bundan başqa, İstanbulla İrəvan arasında çarter reysləri də bərpa olunacaq.
Xatırladaq ki, Ankara Ermənistanın müstəqilliyini tanısa da, eyni addımı rəsmi İrəvan atmayıb və 1993-cü ildən keçmiş Dağlıq Qarabağ konfliktinə görə Türkiyə işğalçı ölkə ilə sərhədləri bağlayıb. Hərçənd qardaş ölkədə qeyri-leqal şəkildə indinin özündə 100 minə yaxın Ermənistan vətəndaşı ailəsinə çörək pulu qazanır.
Aydındır ki, sərhədlərin açılması və ikitərəfli əlaqələrin tam həcmdə bərpası ilə Ermənistan əhalisinin dolanışığı dərhal yaxşılaşmağa başlayacaq. Bundan ötrü İrəvandan tələb olunan 2 şey var - Türkiyənin ərazi bütövlüyünün tanınması və uydurma “soyqırım” iddiasından imtina. Hətta ən vacibi ərazi bütövlüyünün tanınmasıdır. Çünki Ermənistan qardaş ölkəyə torpaq iddiasını özünün konstitusiyası və gerbində də əks etdirib.
*****
İkitərəfli münasibətlərin bərpasına əngəl olan daha bir ciddi əngəl isə artıq aradan qalxıb: Azərbaycan işğala son qoyub. Buna rəğmən, təqdiredici və məntiqlidir ki, Bakı və Ankara özlərinin Ermənistan siyasətini 44 günlük Vətən savaşından sonra da sinxron şəkildə, qarşılıqlı uzlaşma rejimində davam etdirir. Nədən ki, Azərbaycan qalib olsa da, postmüharibə dönəmində İrəvan özünü hələ də məğlub tərəf kimi aparmır, üzərinə götürdüyü yazılı öhdəliklərdən, o sırada Zəngəzur dəhlizi ilə bağlı öhdəlikdən yayınır. Bu isə Türkiyənin də maraqlarına zidd məsələdir.
Təsadüfi deyil ki, M.Çavuşoğlu xüsusi vurğulayıb ki, söhbət hələlik yalnız sərhədlərin açılmasından gedir, diplomatik münasibətlərin qurulması və səfirliklərin açılmasından yox. Onu da deyib ki, Ankara Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımları Azərbaycanla müzakirə və koordinasiya edir.
Belə də olacaq. Yəni Ermənistanda düşünməsinlər ki, sərhədlər aşılandan sonra İrəvan Türkiyəyə qarşı ənənəvi iddiaları və ritorikanı rahatca davam etdirə biləcək. Başqa yandan, Türkiyə-Ermənistan münasibətlərinin normala düşməsində Azərbaycan maraqlı olmaya bilməz. Ona görə ki, bu proses həm də Ermənistanı tədricən Rusiya ağuşundan qoparıb Türk dünyasına, özəlliklə Azərbaycana və Türkiyəyə bağlayacaq.
Bu mənada Ankara ilə İrəvan arasında hazırkı prosesi 2008-2009-cu ilin Sürix prosesi ilə müqayisə etməyə dəymir. O vaxt Ankara prosesdə həlledici söz sahibi deyildi, iştirakçı idi və üstəlik, Qarabağ məsələsi, işğal problemi mövcud idi. İndi isə Azərbaycan və Türkiyə heç vaxt olmadığı qədər “ət-dırnaq” kimi və strateji müttəfiqlərdir, regionda diktə edən tərəflərdir.
Yəni indi bölgədə bambaşqa geosiyasi vəziyyət hökm sürür: Bakı-Ankara tandeminin mərkəzində durduğu, Ermənistanın diz çökdürüldüyü vəziyyət. Və artıq yeni durum, yeni qüvvələr nisbəti əsas götürülərək, regionda təzə təhlükəsizlik sistemi qurulmaqdadır. 3+3 formatı, Zəngəzur dəhlizi və s. həmin sistemin elementləri olacaq.
Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması bu siyasətin məntiqinə uyğundur. Mövlud Çavuşoğlunun məlum bəyanatının Əliyev-Paşinyan Brüsseldə baş tutacaq görüşü ərəfəsində verilməsi də təsadüfi sayıla bilməz və bu, rəsmi Bakının əlini gücləndirməklə yanaşı, Paşinyanı məsuliyyətli davranmağa çağıran mesajdır. Ermənistan rəhbərliyi verilən mesajdan yenə vaxtı uzatmaq, oyun oynamaq üçün istifadə eləməyə çalışmamalıdır.
*****
O da məlumdur ki, Azərbaycanın özü də neçə vaxtdır Ermənistana sülh müqaviləsi, kommunikasiyaların açılmasını təklif edir. Qalır Bakı və Ankaranın sülh və əməkdaşlıq çağırışlarına, uzadılan barış əlinə rəsmi İrəvanın pozitiv reaksiyası.
Maraqlıdır ki, Ermənistan XİN-in sözçüsü Vahan Unanyan bildirib ki, Ermənistan Türkiyə xarici işlər nazirinin Ermənistanla münasibətlərin normallaşdırılması üçün xüsusi elçi təyin etməsi ilə bağlı bəyanatını alqışlayır.
“Ermənistan həmişə olduğu kimi - əvvəllər də, indi də Türkiyə ilə hökumətin proqramında qeydə alınan ilkin şərt olmadan münasibətlərin normallaşması prosesinə hazırdır. Bu baxımdan biz Türkiyə xarici işlər nazirinin münasibətlərin normallaşdırılması üzrə xüsusi elçinin təyin edilməsi ilə bağlı bəyanatını alqışlayırıq, Ermənistan tərəfinin bu dialoq üçün xüsusi nümayəndə təyin edəcəyini təsdiqləyirik”, - Unanyan qeyd edib.
Təbii ki, qarşılıqlı şəkildə nümayəndələrin təyin edilməsi hələ o demək deyil ki, hər şey yağ kimi gedəcək. Ən azı o səbəbə ki, Nikol Paşinyanın “ipi” xeyli dərəcədə xarici mərkəzlərin əlindədir. Demək, proses asan getməyəcək.
Ancaq erməni xalqı nəhayət, anlamalıdır ki, onun qurtuluşu və Ermənistan adlı simvolik dövlətin dünyanın siyasi xəritəsində mövcudluğu uzaq Qərbə (ABŞ-a, Fransaya) və ya həmsərhəd olmayan Rusiyaya deyil, qonşu Türkiyə və Azərbaycana bağlıdır. Hər halda, son 30 ilin acı təcrübəsi, blokada rejimi bunu diktə edir.
Qısası, bölgədə qarşılıqlı əlaqələr nə qədər tez bərpa olunsa, sərhədlər, kommunikasiyalar və səfirliklər nə qədər tez açılsa, bundan ən çox erməni xalqı, Ermənistan udacaq. Bunu az-çox məntiqini saxlayan ermənilər də anlayır.
*****
“Ermənistanda iqtisadi həyat ölüb, ictimai həyat daha da pis vəziyyətdədir. İnsanlar qiymət artımının öhdəsindən gələ bilmirlər. Tezliklə Ermənistanda erməni qalmayacaq”.
Bu fikir erməni iqtisadçı Akop Köçəryana məxsusdur. Onun sözlərinə görə, ölkənin beynəlxalq münasibətlərdə, təhlükəsizlik, müdafiə, sosial sahələrdə və dövlət idarəçiliyində irəliləyişi yoxdur: “Ən dəhşətlisi odur ki, ermənilərin ümidləri də yoxdur. Belə bir şəraitdə iqtisadiyyatın inkişaf perspektivi əlbəttə ki, olmayacaq. Təəccüblü deyil ki, iqtisadi artım çox aşağıdır. O, getdikcə daha da aşağı olacaq”.
Xilas düsturu isə bir ildən çoxdur masa üzərində, seçim həmişəki kimi, erməni xalqınındır... “Müsavat”