“Azərbaycan iki tərəfdən Dağlıq Qarabağı “kəlbətinə” salaraq sıxır”
ABŞ dövlət katibinin keçmiş müşavirlərindən Pol Qobl “Kavkazskiy uzel” saytına müsahibəsində deyib ki, Azərbaycan şəhərlərinin Ermənistan tərəfindən artilleriya və raket atəşlərinə tutulması Bakını cavab reaksiyası üçün təxribata çəkmək və Moskvanı münaqişəyə cəlb etmək məqsədi güdür.
Yenixeber.org: Keçmiş sovet məkanı üzrə ekspert kimi tanınan Pol Qobl bildirib ki, Azərbaycanın təmas xəttindən aralıda olan dinc əhalisi üzərinə hücumlar son dərəcə təhlükəlidir: "Yerevan başa düşməlidir ki, Azərbaycan onun bu hərəkətlərindən sonra erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına ikiqat səylə çalışacaq. Məncə, Ermənistan bu addımı ona görə atır ki, Azərbaycanı cavab tədbirləri üçün təxribata çəksin. Yerevanın fikrincə, Azərbaycanın cavab tədbirləri Moksvanı münaqişə cəlb edəcək və Rusiya Ermənistana dəstək verəcək. Bu ondan xəbər verir ki, Yerevan öz mövqelərinin zəiflədiyini görür və özünümüdafiə məqsədilə “vabank” gedişi edir”.
Pol Qobl Qarabağ münaqişəsinin çözümü tarixində 1992-ci ildə təklif etdiyi planla qalıb.
“Qobl planı” kimi tanınan bu sənəd Azərbaycana Meğri ərazisindən Naxçıvana, Dağlıq Qarabağa isə Laçın rayonu ərazisi ilə Ermənistana dəhliz verilməsini nəzərdə tuturdu.
Qobl 2019-cu ildə bu planla bağlı media suallarına cavab verərkən bildirmişdi: "Mən bu ideyanı postsovet zəmanəsinin dan yeri söküləndə vermişdim. Düşünürəm ki, bu plan o vaxt işləyə bilərdi. Amma indi o vaxtdan bəri bu planı mümkünsüz edən çox hadisələr baş verib...”
Qobl oktyabrın 10-da tərəflər arasında əldə edilmiş atəşkəsə də toxunub: "Burada qeyd etmək çox mühümür ki, Moskvada atəşkəsə dair əldə olunmuş razılaşmaya görə tərəflər atəşi dayandırmalı idilər. Amma qüvvələr arasında yeni təmas xətti sonrakı danışıqlar zamanı müəyyən edilməlidir. Bu mənada Yerevan və Bakı razılaşma çərçivəsində, yəni rasional hərəkət edirlər. Bu da nəzərə alınmalıdır ki, tərəflər danışıqların Moskvada müəyyən olunmuş xəttinə əməl etmirdilər”.
Politoloqun fikrincə hazırda münaqişə tərəfləri, dronlar da daxil, daha müasir silahlanıblar:"Azərbaycan ordusu çox yaxşı hazırlıqlıdır və həmişə bu məntiqdən çıxış edib ki, o öz məqsədlərinə sponsorsuz, müstəqil şəkildə çatmağa hazır olmalıdır. Ermənistanda hesab edirlər ki, Moskva Bakıya son dərəcə aqressiv hərəklət etmək imkanı verməyəcək. Taktiki hərəkətlərə gəldikdə isə, hazırda Azərbaycan şimal və cənubdan eyni vaxtda irəliləməklə Dağlıq Qarabağı “kəlbətinə” salaraq sıxır. Və bu, münaqişədə yeni dönüşdür. Bakı hücumun davam etdirilməsi naminə yaxşı möhkəmləndirilmiş mövqelərdən yan keçir”.
Bununla belə Qobl düşünmür ki, Azərbaycanın uğurları yalnız drionlarla bağlıdır: "Şübhəsiz ki, dronlar Azərbaycana kömək edir. Lakin Azərbaycanın uğurunu təkcə bu, müəyyən etmir. Səbəb Azərbaycan ordusunun digər növdən olan silahlarında, habelə zabit və əsgərlərin hazırlığında və ruh yüksəkliyindədir. Onlar hiss edirlər ki, hazırda Cənubi Qafqazda qüvvələr balansını dəyişmək mümkündür və bu şansı əldən buraxmaq niyyətində deyillər”.
“Kavkazskiy uzel” yazır ki, dronlardan təkcə Azərbaycan ordusu istifadə etmir. Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə Ermənsitanın iki dronu məhv edilib, daha ikisi tutulub.