Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

Qarabağda müharibə ədalətsiz sülhün nəticəsidir-MÜSAHİBƏ

 

Yenixeber.org: Avqustun 27-dən Azərbaycan- Ermənistan arasında başlayan hərbi əməliyyatlar davam edir. Qarabağ münaqişəsinin başlanmasının 32 illik tarixi var. 1988-ci ildən başlayan münaqişə hələ də davam edir. Bu münaqişənin bitməsi üçün illərdir aparılan danışıqlar heç bir nəticə vermədiyindən vəziyyət bu həddə gəlib çatdı. Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməkdə israrlı görünür. Bəs necə oldu ki, bu münaqişə başladı? Siyasi şərhçi Ərəstun Oruclu münaqişənin siyasi tərəflərindən danışıb.

 

Ərəstun bəy, iki ölkə arasında Qarabağ münaqişəsinin başlaması sovet hakimiyyətinin son illərinə və Azərbaycanda müstəqillik çağırışlarının başladığı vaxta təsadüf edir.  Bu münaqişənin başlanmasının bu proseslərlə hansısa əlaqəsi var idimi?

- Qarabağ münaqişəsi SSRİ ərazisindəki digər etnik-ərazi münaqişələri ilə demək olar ki, eyni zamanda başladı və bu da təsadüfi deyildi. Mixail Qorbaçovun həyata keçirmək istədiyi islahatlar SSRİ rəhbərliyində illər boyu davam edən, amma əsasən pərdə arxasında qalan partiya (Sov.İKP) – DTK mübarizəsini üzə çıxardı. Sadəcə həmin mərhələnin əvvəlkilərdən əsas fərqi bu oldu ki, əgər 1950-80 illərdə həmin mübarizə Moskvadakı elitaların əyalətlərdə (respublikalarda) hakimiyyət uğrunda mübarizəsi şəklində gedirdisə, yenidərqurma dövründə bu işə qismən cəmiyyətlər və onların bir sıra zümrələri də cəlb olundu. Bundan başqa da eyni məqsədlə bünövrəsi hələ SSRİ-nin yaranması və formalaşması mərhələsində qoyulmuş etnik-ərazi mübahisələri aktivləşdirilməyə başladı ki, bu işə də SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) birbaşa rəhbərlik edirdi. Məsələn, Qarabağda baş qaldıran erməni separatizminə və onunla bağlı həm Azərbaycanda, həm də Ermənistanda gedən siyasi aktivləşməyə nəzarəti SSRİ DTK-nın 5-ci Baş İdarəsinin rəisi Filip Bobkovun rəhbərliyi altında çekistlər komandası həyata keçirirdi. Ssenarilərdən biri bu idi ki, ölkənin müxtəlif bölgələrində daxili münaqişələr yaradaraq Qorbaçov islahatlarını tormozlamaq, digəri isə proseslərin nəzarətdən çıxacağı və SSRİ dağılacağı halda yaradılmış münaqişələrdən keçmiş SSRİ subyektlərinə təsir edərək bölgələrdə Rusiyanın dominantlığını saxlamaq. Belə oldu ki, ikinci ssenari işlədi və SSRİ dağılandan sonra Rusiyada hakimiyyətə gələn DTK-çılar həmin münaqişələrdən yeni müstəqil dövlətlərə təsir vasitəsi kimi istifadə etməyə başladılar. Yeri gəlmişkən, bir çox keçmiş yüksək DTK rəsmilərinin sonradan dərc etdikləri memuarlarında bütün bu məsələlər öz əksini tapıb. Bu gün də həmin plan işləməkdədir, amma bir o fərqlə ki, indi postsovet məkandakı münaqişələrə təsir imkanları təkcə Rusiyanın əlində deyil və Rusiya təsiri də getdikcə zəifləyir. Bu da təbiidir, çünki yeni müstəqil dövlətlər beynəlxalq hüququn subyektləridir və öz xarici siyasətlərini tam da olmasa, əsasən özləri müəyyən edirlər.     

- Necə oldu ki, Azərbaycan Qarabağı və digər 7 rayonu itirdi? Burada üçüncü tərəflərin hansısa barmağı var idimi? Azərbaycanın torpaqlarının Ermənistan tərəfdən işğal edilməsində üçüncü tərəflərin və ya tərəfin marağı nə idi?

- Azərbaycanın ərazi itkilərinin biləvasitə səbəbi ölkədəki qeyri-sabit siyasi situasiya oldu. 1990-93- cü illərdə əvvəl Azərbaycan SSR-də, ardınca da Azərbaycan Respublikasında 3 dəfə hakimiyyət dəyişdi. Hər dəfə də hakimiyyət dəyişikliyi ölkədəki idarəetmə sisteminin iflic olması, siyasi maraqların milli maraqlardan önə çıxması, Azərbaycan siyasi kəsiminin daxildə kompromislərə gələ bilməməsi səbəbindən son nəticədə həmin 3 il ərzində 7 rayonun itirilməsinə gətirib çıxardı. Şübhəsiz ki, bu cür siyasi gəlişmələrin arxasında üçüncü tərəfin - Rusiyanın aparıcı rolu vardı, çünki həmin dövrdə artıq məlum idi ki, Qərbin transmilli neft şirkətləri Azərbaycan neftinə maraq göstərirlər və Rusiya da onların postsovet məkana müdaxiləsinin qarşısını almağa çalışırdı. Bunun ən optimal yolu isə qeyri-sabitlik və münaqişədə uğursuzluq yaratmaq idi. Həmin dövrdə Rusiya hərbçiləri bir çox hallarda Ermənistanın tərəfində açıq şəkildə döyüşürdülər, digər tərəfdən də yenicə yaranmaqda olan Azərbaycan ordusuna yerləşdirilmiş Rusiya casusları öz pozuculuq işlərini görürdülər. Nəticədə biz 7 rayonu itirdik və Heydər Əliyevin köhnə kommunist-DTK hakimiyyəti qurulduqdan sonra ölkədə sabitlik nisbətən bərqərar oldu. Amma artıq ağır itkilər verilmişdi və ölkə faktiki olaraq məğlub xalq – məğlub ölkə modeli üzrə yaşamaqda davam edirdi. Düzdür, həmin dövrdə də hakimiyyəti dəyişmək cəhdləri olsa da onlar uğursuzluğa düçar oldu, amma bu, bizi dediyim həmin məğlub statusundan çıxarmadı, əksinə, həmin statusu bir qədər də möhkəmləndirdi.     

Bu illər ərzində torpaqlar niyə azad edilə bilmədi? Səbəbi nədir?

- İlk növbədə ona görə ki, ölkənin siyasi rəhbərliyi bunda maraqlı olmayıb. Neft kontraktları artıq işə düşmüşdü, pul gəlirdi və indi onu bölüşdürüb mövqeləri möhkəmləndirmək prioritet məsələ idi. Həmin dövrdə Rusiya təsirinə başqa bir təsir də əlavə olunmuşdu. Bu, Azərbaycanda enerji maraqları olan Qərbin təsiri idi. Qərb ölkələri həm bölgədə, həm də Azərbaycanda siyasi sabitlikdə maraqlı idilər, ona görə də demokratik islahatlar kimi, münaqişənin həllini də imitasiya edirdilər. Onları Azərbaycandakı avtoritar hakimiyyət tam qane edirdi və belə kompromis variant ideal model idi. Mən Rusiya ilə Qərb arasındakı kompromisi nəzərdə tuturam. Belə ki, Qərbə neft lazım idi və onu da alırdı, Rusiyaya isə Azərbaycanın ona yönəlik siyasi kursu lazım idi. Bir növ hamı hər şeydən razı idi. Proses uzandıqca Qarabağ məsələsi həm xarici, həm də daxili siyasətin etibarlı alətinə çevrilirdi ki, bu da bütün tərəfləri qane edirdi. Həmin dövrdə cəmi bircə dəfə - 1999-cu ildə münaqişəni həll etməyə ciddi cəhd göstərildi. Bu, ABŞ dövlət katibinin müavini Srtob Talbotun adı ilə bağlanan və münaqişənin qısaca desək, dəhlizlər mübadiləsi üzərində qurulan həlli variantı idi ki, onun da qarşısı Ermənistanda parlamentin güllələnməsi ilə alındı. Bundan sonra uzunmüddətli sükut yarandı və həmin sükutu idarə etmək də ATƏT-in Minsk Qrupunun 3 həmsədrinə həvalə olundu. Görünür, münaqişənin həllinin imitasiyası onu da hədəfləyirdi ki, zaman keçdikcə və nəsillər dəyişdikcə münaqişə və onun yaratdığı fəsadlar da tədricən arxa plana keçəcək. Qaldı BMT qətnamələrinin icra olunmamasına, burda qeyri-adi bir şey yoxdur, çünki BMT-nin öz qərar və qətnamələrinin icrasına nail olmaq üçün həm resursları, həm də mexanizmləri olduqca məhduddur və bu da özünü təkcə bizim münaqişədə göstərmir. Amma belə hesablamada yuxarıda qeyd etdiyim mühüm bir element ya ciddi qəbul olunmurdu, ya da ümumiyyətlə nəzərə alınmırdı. Bu, münaqişənin daxili siyasi mübarizədə alətə çevrilməsi idi. Nəzərdən qaçan başqa bir amil də zahirən məğlubiyyətlə barişmış kimi görünən Azərbaycan cəmiyyətinin yanlış dəyərləndirilməsi idi.  

-  Niyə Azərbaycana öz torpaqlarını işğaldan azad etməyə imkan verilmirdi?  

- Bütün sadaladığım amillərə rəğmən Azərbaycanda ordu quruculuğu da davam edirdi, ona maneələrin yaradılması da. Məsələn, artıq Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan ordusunda xeyli Türkiyəli müşavir və mütəxəssislər vardı, ölkənin hərbi məktəblərində çoxlu türk təlimatçılar tədris edirdilər və bu da əslində perspektivdə NATO standartlarına keçmək demək idi. Heydər Əliyevdən sonrakı dövrdə hakimiyyətin yuxarı eşolonlarındakı Rusiya 5-ci kolonunun çalışmaları sayəsində türkiyəli hərbi mütəxəssislər kənarlaşdırıldı və bir növ həmin inteqrasiyaya son verildi. Amma bir qədər sonra yenə də hərbi sahədə, amma bu dəfə İsraillə geniş əməkdaşlıq başldıldı ki, bunun da templəri kobud müdaxilə nəticəsində xeyli zəiflədildi. Mən mərhum general, ölkənin Hərbi-Hava Qüvvələri komandanı Rail Rzayevin hələ də açılmayan qətlini nəzərdə tuturam. Məhz həmin qətldən sonra Azərbaycanın hərbi əməkdaşlıq vektoru Rusiyanın xeyrinə dəyişdi. Rusiya üçün bu, həm silah satışı, həm də Azərbaycanın silahlı qüvvələrinə nəzarət demək idi. Nəhayət, 2016-cı ilin aprelində Azərbaycan ordusunun uğurlu əməliyyatının qarşısı Moskvadan sərt təzyiqlərlə alındı, əməliyyat pozuldu və ən dəhşətlisi isə bundan sonra baş verdi: ölkənin prokurorluq orqanlarındakı Rusiya əlaltıları Azərbaycan Ordusunun döyüşlərdə qəhrəmanlıq göstərmiş hərbçilərinə qarşı guya, Ermənistan kəşfiyyatına işləməklə bağlı saxta ittihamlar irəli sürdülər. Zakir Qaralovu, Rüstəm Usubovu, Xanlar Vəliyevi, Nəcməddin Sadıkovu və digərlərinin birləşdirən həmin xəyanətkar dəstə ordumuzun yüzlərlə hərbçisinə sözün əsl mənasında divan tutdu. 14 nəfər işgəncələr verilərək qətlə yetirildi, 200 nəfərədən yuxarı insan məruz qaldığı işgəncələr nəticəsində aldıqları fizilki və psixi travmaya görə ordu sıralarından təxris olundu, xeyli hərbçi bu gün də həbsdədir. Bu məsələni detallı araşdırmış biri kimi bir daha deyirəm ki, həmin ağır dövləti cinayəti törədənlərin azadlıqda, bəzilərinin isə hətta bu gün də vəzifədə qalması dövlətimizə, xalqımıza, milli təhlükəsizliyimizə ciddi təhdiddir. Mən bu məsələni detallı araşdırdığımdan onlarla hərbçidən az qala hər gün müxtəlif ismarıclar alıram və hamısı ümidlə, inamla gözləyir ki, ordunun bugünkü uğurundan sonra həmin xainlər öz layiqli cəzalarını alacaqlar, ədalət və onların təmiz adı bərpa olacaq. Mən özüm isə sentimentallığa qapılaraq ədalətin zəfər çalacağını gözləməkdən çox, onun zəfər çalması uğrunda çalışmağa üstünlük verirəm. Odur ki, həmin xainlər layiqli cəzasını almayınca mənimçün bu mövzu açıq qalacaq. 

- Necə oldu ki, bu münaqişə yenidən qızışdı? Səbəb nə oldu?

- Əslində münaqişə yenidən alovlanmalı idi, çünki ədalətsiz sülh yeni müharibə deməkdir. İstər Rusiya, istərsə də bəzi Qərb ölkələri (xüsusilə də Avropa) bizi mövcud statusla hesablaşmağa sövq edirdilər. Avropalıların bu məsələdəki neqativ rolunu biz heç zaman unutmamalıyıq. Belə görünür ki, onlara bizim məğlub, zavallı, alçaldılmış xalq kimi qalmağımız lazım idi. Burada bir haşiyəyə çıxım: mən bu sözləri təsadüfən demirəm, çünki bu gün də bəzi aparıcı Avropa ölkələri Azərbaycan ordusunun ölkənin ərazilərini işğaldan azad etmək uğrunda keçirdiyi uğurlu əməliyyatlarına açıq neqativ, qıcıqlı münasibət sərgiləyirlər. Bu, artıq hətta ikili standart da deyil.
Amma həmin Rusiya və Avropa ölkələri tərəfindən bəslənən və himayə olunan Ermənistanın bundan ruhlanaraq “qırmızı xətti” keçməsi və xüsusilə də baş nazir Paşinyanın siyasi savadsız, təhlükəli və sərsəm bəyanatları həmin prosesi sürətləndirdi. Azərbaycanın səbr kasası daşdı və ölkəmiz, xalqımız, onun ordusu məğlub olmadığını göstərdi. Özü də bu dəfə təkcə Ermənistana və onu himayədarlarına deyil, bütün dünyaya. Azərbaycan ordusu hərb tarixinə düşəcək, hərbi məktəblərdə öyrəniləcək yeni müharibənin modelini uğurla sınaqdan keçirdi. Buna texnoloji müharibə, dron müharibəsi və ya nəsə başqa bir ad da verə bilərik, amma fakt odur ki, indiyədək mövcud olmuş bütün müharibə etalonları darmadağın edildi. Təsadüfi deyil ki, artıq bu gün dünyanın nüfuzlu hərbi nəşrlərində Azərbaycan ordusunun uğuru haqda danışılır, ölkəmizin gələcək müharibənin necə olacağını nümayiş etdirdiyi deyilir. Amma bu dəfəki müharibənin bir ayrı və daha önəmli səbəbi də vardı. Bu, Azərbaycan xalqının əzilmiş xalq olmadığını sübut etmək, qürurunu özünə qaytarmaq istəyi, iradəsi idi. Bu da baş verdi. Artıq son nəticədən asılı olmayaraq Ermənistan məğlubdur və düşünürəm ki, onun Rusiya və Fransa kimi himayədarlarının ən müxtəlif bəhanələrlə hərbi əməliyyatları dayandırmaq canfəşanlığı da heç bir nəticə verməyəcək, çünki bu, artıq xalqın savaşıdır və onu ancaq xalq durdura bilər. Onun isə son qələbəyədək belə bir istəyinin olduğu görünmür.(astna.biz)   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam