Azərbaycanda bu virusu qəsdən yayırlar? - Açıqlama
Ölkəmizdə 5 il ərzində (2013-2018) qızılca xəstəliyinə rast gəlinməməsi mümkün deyil. Bəzi şəxslər evdə, ayrıca həkim nəzarəti altında müalicə olunmağa meyillidirlər. Belə olan halda xəstəlik qeydiyyata düşmür və təbii ki, bu, rəsmi statistikada əks olunmur.
Yenixeber.org: Bu sözləri açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancının Azərbaycanda 2013-cü ildən 2018-ci ilin noyabrınadək heç bir şəxsdə qızılca aşkarlanmaması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
A.Qeybulla həmin illər ərzində bu xəstəliyin müəyyən əlamətlərinə rast gəlindiyini bildirib:
“Təxminən 10 ildən çox bir müddətdə Azərbaycanda uşaqların vaksinasiyası həyata keçirildi, qızılca əleyhinə də vaksinlər vuruldu. Buna görə də ölkəmizdə bir müddət bu xəstəliyə rast gəlinmədi. Amma son vaxtlar əhali arasında qızılcanın olması ilə bağlı məlumatlar yayılır. Bu, dəqiq məlumatdırsa, rəsmi formada təsdiqlənməli, xəstəxanada diaqnoz qoyulmalıdır”.
A.Qeybulla epidemiya şəklində yayılan xəstəliklərə qarşı mübarizə üsullarından da danışıb:
“Xəstə adamlar yataq rejiminə keçirilməli, ilk vaxtlar onlara çoxlu maye verilməli, müalicənin evdə və ya xəstəxana şəraitində aparılmasının məqsədəuyğunluğu müəyyən olunmalı, həmin şəxslərin sağlam adamlarla təması azaldılmalı, ictimai yerlərdə maskalardan istifadə edilməlidir. Bundan başqa, əllərin gün ərzində tez-tez yuyulması vacibdir. Çünki əllər təmas edən ən vacib orqandır və viruslar bu vasitə ilə daha tez yayılır”.
Ekspert bəzi xəstəliklərin dünyanın güc mərkəzləri tərəfindən qəsdən yayılması barədə iddialardan da danışıb:
“Qızılca və ya digər yoluxucu xəstəliklərin dünyanın güc mərkəzləri tərəfindən epidemiya şəklində qəsdən yayılması ittihamdır. Bu barədə fikir səsləndirilirsə, mütləq faktla sübuta yetirilməlidir. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, hər şayiədə həqiqət elementləri var.
Ümumiyyətlə, dünyada qlobal istiləşmə gedir. Bu qış heç Rusiyada da normal keçmədi. Bütün bunlar infeksiyaların coğrafiyasına, onun yayılmasına təsir edir. Qış fəsli normal keçən zaman xəstəliklər epidemiya şəklində yayılmır”.