Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fransalı arxeoloq:"Azərbaycan zəngin arxeoloji irsə malikdir"

"Azərbaycan zəngin arxeoloji irsə malikdir".

Yenixeber.org: Bunu Fransa bürosuna Azərbaycanda uzun müddət arxeoloji tədqiqatlar aparmış Lumiere Lyon Universitetinin Zamanlar və ərazilər, incəsənət və arxeologiya tarixi şöbəsinin tədqiqat komissiyasının və elmi şurasının üzvü, Qədim Yaxın Şərq arxeologiyası üzrə professor Mişel Kazanova bildirib.

Onun sözlərinə görə, Azərbaycanın arxeoloji irsinin Yaxın Şərqin tarixini öyrənmək baxımından araşdırılması vacibdir: "Fransa Milli Arxeologiya Muzeyində Qafqazdan, xüsusilə Azərbaycandan gətirilmiş arxeoloji əşyalardan ibarət kolleksiya var. Mənə ilk dəfə məhz bu muzeyin rəhbərliyi Azərbaycanın qədim və zəngin arxeoloji mirasa malik bir ölkə olduğunu söylədi. Ona görə də 2010-cu il oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əlaqə saxlayaraq əməkdaşlıqda maraqlı olduğumu bildirdim. Beləliklə, Fransa və Azərbaycanın təşkil etdiyi arxeoloji missiyanın tərkibində Lerik rayonunda tədqiqatlara başladıq. Azərbaycanın digər regionlarında bürünc dövründən dəmir dövrünə keçid mərhələsi öyrənilsə də, cənub regionunda həmin dövrə aid bu vaxta qədər qazıntılar aparılmamışdı. Azərbaycan gənc ölkə olduğundan insanlar onun nə dərəcədə qədim tarixə malik olduğundan xəbərləri yoxdur. Bizim məqsədimiz qazıntılar nəticəsində əldə etdiklərimizi Fransada nümayiş etdirmək və eyni zamanda regionun qədim tarixi irsə malik olduğunu nümayiş etdirməkdir".

M.Kazanova Azərbaycandakı nadir tapıntılardan da danışıb: "Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Abuzər Ələkbərovla 2012-ci ildən etibarən apardığımız tədqiqatlar nəticəsində Lerik rayonunda mühüm nadir tapıntılara şahid olduq. Həmin ərazidən tapdığımız skeletlər və digər əşyaların nümunələri Fransa laboratoriyalarında öyrənilib və yaşları müəyyən edilib. Ən nadir tapıntımız içində yalnız vazalar olan boş məzarlardan ibarət akropol olub. Bu, bənzərsiz nadir tapıntıdır. Fikrimizcə, boş məzarlar həlak olan və bir daha geri dönməyən döyüşçülərin xatirəsinə yaradılıb. Daha bir fərziyyəyə görə, həmin dövrdə dünyasını dəyişən insanın xatirəsi bu formada yad edilirdi. Digər nadir tapıntımız isə dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən dəmir dövrünün əvvəllərinə aid olan akropoldur. Skeletlər sayəsində akropolun hansı dövrə məxsus olduğunu asanlıqla aydınlaşdıra bilmişik. Əldə etdiyimiz nadir əşyalar arasında çox qədim bir qılınc da var. Biz restavrasiyadan sonra onun üzərində şəkil və dörd motivin olduğunu aşkar etdik. Yanındakı skeletin sümüklərinin hesabına qılıncın eramızdan əvvəl 700-cü ilə məxsus olduğunu müəyyən etmişik".

Fransalı arxeoloq Azərbaycanda işləməyi çox xoşladığını bildirib: "Bəzən Fransanın özündə qazıntıya icazə aldıqdan sonra belə yerli sakinlərin mənfi münasibəti ilə qarşılaşırıq. Çünki biz insanların əcdadlarının məzarlarını qazırıq. Ancaq Azərbaycanda işləmək mənim üçün böyük zövqdür. Çünki Azərbaycanda olarkən özümü ailənin bir üzvü kimi hiss edirəm. İnsanlar olduqca qonaqpərvərdir və bizi hər gəlişimizdə mehriban qarşılayırlar. Mən özüm Fransanın dağlıq regionunda anadan olmuşam və Azərbaycan ilə Fransanın dağlıq əraziləri arasında istər mənzərələrində, istərsə də insanlarında böyük oxşarlıqlar müşahidə edirəm".  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam