Yenixeber.org: Azərbaycanda hərtərəfli islahatların başlanacağını İlham Əliyev hələ iki il əvvəl növbəti dəfə prezident seçiləndən sonra bəyan etmişdi.
Dövlət idarəçiliyi sistemində dəyişikliklər buna qədər də həyata keçirilirdi. Nazirliklər birləşdirilir, yeni agentliklər yaradılırdı, əsasnamələr təkmilləşdirilirdi, vitse-prezidentlik institutu təsis olunmuşdu.
Amma idarəçilikdə kök salmış rüşvət və korrupsiyanın, köhnə təfəkkür tərzinin bu islahatların qarşısına sədd çəkdiyi açıq-aşkar idi. Həmin təfəkkür hələ də öz hakim mövqeyində qalırdı… Hərçənd, “hər şeyi həll edən” kadr islahatları davamlı xarakter almağa başlayırdı. Prezident seçkilərindən sonra hökumət strukturlarında yüksək vəzifələrə dövlətin və xalqın mənafeyinə ləyaqətlə xidmət edəcəkləri ümidlər doğuran gənc kadrlar gətirilirdi. Onların bir qismi, həqiqətən, ümidləri puça çıxarmayacaqlarını öz əməlləri ilə sübut etməyə çalışırdı, amma proses yarımçıq xarakter daşıyırdı, kotan gedib daşa dirənirdi…
Nəhayət, islahatlar dövlət idarəçiliyinin ən yüksək mərtəbəsinə – Prezident Administrasiyasına çatdı. Uzun illər ali rəhbərliyin qərarlarına təsir göstərmək imkanı olan və bu imkanlardan şəxsi maraqları üçün istifadə edən mühüm fiqurlar administrasiyadan uzaqlaşdırıldılar. Kadrların dəyişməsi fonunda bir çox sahələrdə rüşvət və korrupsiya zəncirində qırılma baş verdiyi aşkar idi… Və bu zəncirin qırıntılarını yenilənmiş Dövlət Təhlükəsizliyi Xidmətinin “qara maskalı”ları, necə deyərlər, dənə-dənə “yığıb”, həbsxana hücrələrinə doldurmağa başladılar.
Bir neçə ayda beş rayonun icra hakimiyyəti başçılarının, Mədəniyyət Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin, digər yerli və mərkəzi icra hakimiyyəti orqanlarının yüksək vəzifəli məmurlarının uzun müddət davam edən cinayətkar fəaliyyəti ifşa olundu. Xalqın, cəmiyyətin gözləntiləri yenə təzələndi, yeni ümidlər yarandı. Amma…
İslahatların nə dərəcədə ciddi və təsirli olacağı hələ də tam aydınlaşmayıb. Əksinə, kadr təyinatlarında əvəllər olduğu kimi, peşəkarlıq və səriştəlilik deyil, tayfa sisteminə xas olan qohumluq prinsiplərinin üstünlük təşkil etdiyi sezilir. Son bir neçə aydakı kadr təyinatlarına baxsaq, dövlət başçının müəyyənləşdirdiyi yeni kriteriyalara heç də tam uyğun gəlməyən, dövlətçilik düşüncəsi və idarəçilik təcrübəsi yetkin olmayan, mənəvi saflığı, əxlaqi keyfiyyətləri şübhə doğuran bəzi şəxslərin də “gənclərə etimad” adı altında irəli çəkildiyini görərik. Mətbuatda və sosial şəbəkələrdə gedən müzakirələrdən məlum olur ki, həmin kadrlar da hansısa yüksək çinli məmurun xalası və ya bacısı oğlu, kürəkəni və ya bacanağıdır. Deməli, bacarığına, qabiliyyətinə, şəxsi məziyyətlərinə və nailiyyətlərinə görə deyil, qohumluq əlaqələrinə görə vəzifəyə gedirlər.
Bir nümunə: bu ilin mayında Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Seymur Orucov keçmiş deputat Şəmsəddin Hacıyevin kürəkəni, Azərbaycan Həmkarları İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin bacısı oğlu kimi ictimaiyyətə çoxdan tanışdır. Cəmiyyətdə reputasiyası müsbət olmayan 1984-cü il təvəllüdlü gənc icra icra başçısı vəzifəsinə başlayan kimi “yekəxana” hərəkətləri ilə ictimai qınağa tuş gəlmişdi. Onun kasıb bir ailənin evinə ayaqqabı ilə daxil olduğu anın fotosu mətbuatda və sosial şəbəkələrdə yayıldıqdan sonra bir daha hər kəsə əyan oldu ki, yeni kadrlarla bağlı yüksək gözləntilər yanlışdır və tez zamanda məyusluğa səbəb ola bilər.
Fəaliyyətə başladığı ilk günlərdən səhvləri ilə diqqət mərkəzində olan 35 yaşlı icra başçısı yaşının imkan vermədiyi dövrün hadisələri barədə söylədiyi fikirlərə görə də sərt tənqid olundu. Hətta xalq artisti Afaq Bəşirqızı “Ay uşaq, 1992-ci ildə sənin 8 yaşın var idi…” deyə müraciət etdiyi gənc icra başçısını gülüş, lağlağı hədəfinə çevirdi.
Yeni kadrlardan Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev isə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir. Anar Tağıyevin qardaşı Teymur Tağıyev Milli Məclisin Yerli hakimiyyətlərlə iş şöbəsinə müdir müavini təyin olunub.
Qohumbazlıq prinsiplərinə söykənən vəzifə təyinatlarına hətta köhnə komandada təmsil olunan məşhur YAP-çılar da, necə deyərlər, bel bağlamırlar. Bu yaxınlarda Heydər Əliyevin vaxtilə ən sadiq tərəfdarlarından olmuş professor Əli Əlirzayev vəzifəyə təyin olunan gənc kadrlar haqqında elə-beləcə demişdi: “Açığı, mən onlar sarıdan çox da əmin deyiləm. Çoxu xaricdə təhsil alıb gələnlərdir, amma görürəm ki, onların da tamahı var. Bir də ki, xaricdə oxumaqla deyil axı! Elələri var ki, heç düz-əməlli təhsil də almayıb, sadəcə, oxuduğu universitetin adı məşhurdur, vəssalam! Dövlətə sədaqəti, ictimai şüuru olmayan adamlar birdən-birə elə iddialara düşür ki, torpaq da adamın ayağının altından qaçır. Belə adamlara vəzifə, səlahiyyət vermək olmaz, onlar yeri gəlsə, torpağı da satmağa hazırdır…”
Təzə kadrlar yeni üsullarla köhnələrin yolu ilə…
İslahatçı imici altında köhnələrin yoluna meyllənən yeni kadrlar tədricən özlərini fövqəladə güc və səlahiyyət sahibi kimi göstərməyə çalışır. Son günlər gündəmin əsas mövzusuna çevrilən keçmiş “boz kardinal”, vaxtilə hökumətin üst qatında “fövqəlnazir” kimi “status”lar qazanmış məmurların akkordlarını təkrarlamaq niyyətinə düşüblər. Köhnələrin yolunu yeni üsulla təkrarlamağa başlayan həm də o təzə kadrlardır ki, prezident onları cəmiyyətə təqdim edəndə xaricdə təhsil aldıqlarını, müasir dünyagörüşə malik olduqlarını xüsusi vurğulayırdı.
Əlbəttə, ölkədə yüksək təhsilli və mənəviyyatlı, peşəkar və vətənpərvər gənclər çoxdur. Onların qohumbazlıq, yerliçilik prinsipləri əsasında deyil, sağlam rəqabət mühitində irəli çəkilməsi vacibdir. Bunun üçün mexanizmlər tapmaq lazımdır. Məsələn, hələ də yekunlaşdırılması baş tutmayan “Yüksəliş” müsabiqəsi kimi…
Təbii ki, prezidentin bütün kadrları şəxsən tanıması mümkünsüzdür. Bəs, qısa müddətdə cəmiyyətdə özünün mənfi imicini büruzə verən təzə “başçı”ların, müasirliyi yalnız libasında görünən “gənc və perspektivli” kadrların yüksək vəzifələrə təqdimatını kimlər verir? Axı, ən yaxın qohumları uzun illər korrupsiya və rüşvətlə məşğul olan, ömrü böyu şəxsi mənafe güdən, xalqın və dövlətin resursları hesabına əyri yollarla varlanan adamların iş metodları ilə “tərbiyələnmiş” gənc kadrlardan hansı yeni və saf davranış, səmərəli fəaliyyət gözləmək mümkündür?! Belələri barədə mətbuatda və sosial şəbəkələrdə tez-tez müzakirələr aparılır, konkret ifşaedici faktlar ictimailəşdirilir.
Bəşəriyyəti qorxuya salan koronavirus bəlasının təhdidi altında olduğumuz, üstəlik, müharibə təhlükəsinin artdığı indiki şəraitdə bütün sahələrdə sağlam və peşəkar idarəçiliyin vacibliyi bir daha aydın dərk olunur. Köhnə korrupsionerlərin, rüşvətxorların yerini təzələrinin tutması nə dövlət və hakimiyyət, nə də bütövlükdə Azərbaycan cəmiyyəti üçün yaxşı heç nə vəd etmir. Əksinə, qohumbazlığa, dostluğa və tanışlığa söykənən vəzifə təyinatları daha ağır fəsadlara gətirib çıxara bilər. Xüsusilə mərkəzi idarəetmə orqanlarına rəhbər təyin olunmuş təzə kadrların yeni üsullarla köhnələrin yolunu yamsılaması kadr islahatlarına ictimai inamı sarsıdır.
Artıq sözdən əmələ keçməyin vaxtdır, islahat və sağlamlaşdırma tədbirləri gerçək həyatda öz təsdiqini tapmalıdır. Həm də mümkün qədər tez! Koronavirus və onun sosial-iqtisadi fəasdları islahatların ləngidilməsi və əsil məqsədindən yayındırılması üçün bəhanəyə çevrilməməlidir!(pressklub)
Elxan Salahov